Kremldən Bakıya yeni Qarabağ şantajı - “B planı” işə salınır?
Tarix: 22-10-2015, 09:34 | Çap et
Kremldən Bakıya yeni Qarabağ şantajı - “B planı” işə salınır?
Bir neçə gün öncə Rusiyanın xəbər lentlərində Azərbaycana da dəxli olan maraqlı bir məlumat keçdi. Orada deyilirdi ki, Gürcüstanın ayrılmaz hissəsi olan Cənubi Osetiyanın “prezidenti” Leonid Tibilov bölgənin Rusiya tərkibinə daxil edilməsi üçün referendum təşəbbüsü ilə çıxış edəcək. Bu haqda o, Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, “Rusiyaya qovuşmaq Cənubi Osetiya xalqının əsrlik arzusudur, hansı ideya ki, gürcü şovinizmi və faşizmi ilə qarşıdurmaya tab gətirib”. Sitat: “Bugünkü siyasi reallıq belədir ki, biz öz tarixi seçimimizi edə bilərik. Biz qardaş Rusiya ilə birləşib uzun əsrlər üçün Cənubi Osetiya və onun xalqının təhlükəsizliyi və çiçəklənməsini təmin eləməliyik”.

Yad salaq ki, separatçı bölgənin “müstəqilliyi” 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında “5 günlük müharibə”dən sonra Abxaziya ilə birgə Moskva tərəfindən tanınıb və hər iki bölgə faktiki, şimal qonşumuz tərəfindən ilhaq edilib. Ardınca isə güclü şəkildə hərbiləşdirilib - Rusiya orada hərbi bazalar qurub, əraziyə ən müasir silahlar və döyüş sistemləri gətirib.

Tibilovun təşəbbüsü şəksiz ki, yerdən ortaya çıxmayıb və SSRİ-ni hansısa qiyafədə bərpa eləmək istəyi ilə alışıb-yaşayan Kreml rəhbərliyinin yeni təhlükəli planlarından xəbər verir. Doğrudur, prezident Putinin mətbuat katibi Dmitri Peskov Cənubi Osetiya ilə bağlı belə bir planın olmadığını söyləyib və vurğulayıb ki, Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyır. Ancaq ilk baxışda siyasi təvazökarlıq təəssüratı bağışlayan bu açıqlama yalnız maskalayıcı gedişdir.

Deyilə bilər ki, de-fakto onsuz da Abxaziya və Cənubi Osetiya Rusiyanın tərkib hissəsidir, burada hətta əsas pul vahidi kimi yalnız rubl işləyir. Amma yenə də Tibilovun təşəbbüsünü özfəaliyyət adlandırmaq mümkün deyil. Ən azı, Krım nümunəsi var ortada. Məsələyə bölgədə və onun ətrafında gedən proseslər fonunda, geniş kontekstdə baxanda isə daha maraqlı ehtimallar ortaya çıxır.

Məsələn, bəlli olur ki, bununla Moskva əslində postsovet məkanı ərazisində Gürcüstan kimi bənzər problemləri olan digər ölkələri də hədəf götürüb, onları da təhdid altında saxlamaq niyyəti güdür. Ərazisində Dağlıq Qarabağ konfliktinin olduğu, “bloklara qoşulmayan” Azərbaycan isə o sırada sözsüz ki, öndə gəlir.

Söhbət heç də Cənubi Osetiyadakı Rusiya işğalçı qüvvələrin bu ərazidən keçən Bakı-Supsa neft kəmərinə yaratdığı təhlükədən getmir. Bu təhlükə öz yerindədir və hələ ki, aradan qalxmayıb. Məsələ ondadır ki, Ukrayna böhranı səbəbindən Rusiya-ABŞ qarşıdurmasının arealı genişləndikcə Moskva “arxa bağça” saydığı bölgələrdən, o cümlədən Cənubi Qafqaz sarıdan əmin-arxayın olmaq istəyir.

Arxayın olmağın yollarından biri isə Azərbaycan, Gürcüstan kimi “ipə-sapa” yatmayan ölkələri vaxtaşırı gərginlik altında saxlamaq, onları şantaj eləməkdir. Xəzərdən İŞİD mövqelərinə qanadlı raketləri atılması həm də bu hədəfə hesablanmışdı. Ayrı sözlə, separatçı rejim başçısının təşəbbüsü rəsmi Bakıya da mesajdır ki, əgər o, Moskvanın maraqlarına zidd hansısa addımlar atsa və Qərblə hansısa anlaşma içində yer alsa, ələlxüsus da regionda Rusiya hərbi mövcudluğuna əngəllər yaratsa, onda Dağlıq Qarabağda da analoji “təşəbbüslər” səslənə bilər.

Yəni sırf siyasi şantaj məsələsi. Ona da şübhə yox ki, Rusiyanın əlində maşa olan Ermənistan belə bir planı isti qarşılamasa da, müqavimət göstərmək gücündə də olmayacaq. Unutmaq lazım deyil ki, Krımdan fərqli olaraq, Cənubi Osetiyanın və Dağlıq Qarabağın əsas əhalisi qeyri-ruslardır. Demək, əhalinin etnik tərkibi Rusiya üçün problem olmayacaq. Moskva istəsə, cənubi osetinləri də, Qarabağ ermənilərini də bir gündə Rusiya vətəndaşı edib öz təbəələrinə çevirər - ortada təcrübə var.

*****

Son baş verənlər bir daha Rusiya ilə həmsərhəd MDB ölkələrinin nə dərəcədə böyük təhlükə ilə qarşı-qarşıya olduğunu üzə çıxarır. Moskva Ukrayna və Suriyada tam fiaskoya uğrasa, böyük ehtimalla o, Cənubi Qafqazla bağlı “B və C planları”nı işə salacaq.





Xəbərlər
 
 
 
08-08-2020 04:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2020 16:21
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net