Eldar Mahmudov cəzalandırıldı: sıradakı kimdir?
Tarix: 20-10-2015, 09:58 | Çap et
Eldar Mahmudov cəzalandırıldı: sıradakı kimdir?
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması ölkə gündəmini tamamilə dəyişib və seçki mövzusunu da arxa plana atıb. Dövlətin ən əhəmiyyətli orqanında baş verən qəfil dəyişiklik bir çox sualları ortaya çıxarıb. Hazırda əsas müzakirə mövzularından biri, toxunulmaz hesab edilən milli təhlükəsizlik nazirindən sonra prosesin istiqamətinin haraya aparacağıdır. Əksər ekspertlər iddia edirlər ki, bu sırada başqa “toxunulmazlar” da var. Hətta artıq yaxın vaxtlarda iqtidar komandasında uzaqlaşdırılacaq məmurların siyahısını hazırlayanlar da var.

İddialara görə, “cəzalılar” siyahısına aylar öncədən səlahiyyətləri bir-birinin ardınca əllərindən alınan nəqliyyat naziri Ziya Məmmədov və “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev başçılıq edir. Onların seçkilərdən dərhal sonra vəzifələrindən azad olunacaqları bir çoxları üçün artıq qəti qənaət halındadır.

Onu da qeyd edək ki, son aylarda prezidentin rüşvətxorluq və korrupsiyaya qarşı kəskin və qəti çıxışlarının şahidi oluruq. O, hökumət üzvləri ilə keçirdiyi ən son müşavirəsində sahibkarları incidən, rüşvət alan, monopoliya və korrupsiya hallarına yol verən vəzifəli məmurları xəbərdar etmiş, bununla da ictimaiyyətə ciddi bir cəza prosesinin başlayacağını anons etmişdi. Lakin çoxlarının gözlədiyinin əksinə olaraq, proses seçkidən sonraya qalmadı; ilk zərbəni də Etibar Pirverdiyev və Ziya Məmmədov almadı. Prezident hər kəsin toxunulmaz hesab etdiyi və qorxduğu ən güclü nazirdən - milli təhlükəsizlik orqanının şefi Eldar Mahmudovdan başladı.

İndi sual budur: proses başlayıb, “toxunulmazlar”dan ən qüdrətlisi getdi; bəs sırada kimdir?

Bu sual “Eldar Mahmudovun yerinə kim təyin olunacaq” sualı qədər hazırda aktualdır.

İqtidaryönlü deputat Fəzail Ağamalı ölkə başçısı tərəfindən kadr dəyişikliklərinin davam edəcəyinə inananlardandır: “Ölkə prezidenti rüşvətxorluq və korrupsiyaya qarşı müharibə elan edib. Prezidentin Nazirlər Kabinetinin son toplantısında söylədiyi bir fikri sizə xatırlatmaq istərdim. O bildirdi ki, artıq hövsələsi yoxdur, artıq hər şey itib, son həddir. Bu sözlərin arxasında böyük fikirlər yatır, ölkə başçısının iradəsi dayanır. Bu baxımdan milli təhlükəsizlik nazirinin və mətbuatdan oxuduğumuz bir neçə şəxsin işdən azad olunması bu iradəyə söykənir. Onların həbs olunmaları ilə bağlı verilən xəbərlər nə dərəcədə həqiqətdir, onu deyə bilmərəm, amma Eldar Mahmudovun postundan uzaqlaşdırılması bir həqiqətdir.

Bu, çox ciddi məqamlardan xəbər verir və bir vəzifə daşıyıcısının işdən azad olunması mənasında qəbul edilməməlidir. Çünki Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan dövlətçiliyinin təhlükəsizliyini qoruyan yeganə ali icra qurumudur. Ölkə prezidentinin tapşırıqlarını yerinə yetirən ciddi bir hüquq-mühafizə orqanıdır. Bu qurumun rəhbəri, şefi vəzifəsindən uzaqlaşdırılırsa, deməli, başlayan proses kifayət qədər düşündürücüdür. Bundan sonra da bənzər hadisələrin şahidi olacağıq. Çünki situasiya onu deyir, prezidentin verdiyi xəbərdarlıq nəticəsini vermirsə, qəti və kəskin addımların atılmasına ehtiyac var”.

F. Ağamalı E. Mahmudovun yerinə kimin gətiriləcəyi ilə bağlı da fikirlərini dedi: “Onun yerinə kimin təyin olunacağını demək çətindir. Çünki bu, prezidentin səlahiyyətinə aid məsələdir. Ancaq düşünürəm ki, Milli Təhlükəsizlik Nazirliyi olduqca ciddi qurum olduğuna görə ora təsadüfi kadr təyin olunmayacaq. Onu əvəzləyəcək şəxs təkcə peşəkarlığı ilə fərqlənməli deyil, eyni zamanda, bütün ruhu ilə müstəqilliyimizə, dövlətçiliyimizə bağlı olmalıdır. Özünün təmizliyi ilə hər kəsə nümunə olmalıdır. İnanıram ki, məhz bu standartda bir kadr yeni nazir təyin ediləcək”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa baş verən dəyişikliyin gözlənilən olduğunu bildirdi: “Normal ölkələrdə bu cür dəyişikliklər sıradan bir proses xarakterində olur. İstənilən iqtidar belə dəyişiklik edir və etimadı doğrultmayan kadrları azad edir. Eldar Mahmudovla bağlı proses isə cəmiyyətimizdə ona görə ciddi səs-küy yaratdı ki, artıq milli təhlükəsizliyimizlə bağlı məsələ gündəmə çıxırdı. Bir qurum fəaliyyətindən tamam kənar işlərlə məşğul olurdu. Bu da Azərbaycanda sahibkarlığın inkişafına böyük zərbə vururdu. Bu baxımdan, atılan addım cəmiyyətdə müsbət qarşılandı. Prezidentin addımı cəmiyyətin bütün təbəqələri tərəfindən təqdir olunur. Bu həm də sahibkarların hüquqlarının qorunması, dəxli olmayan funksiyaları mənimsəyərək, onları sıradan çıxarmaq ənənəsinə son qoymaq baxımından ümidlər yaradır. İnanaq ki, bu proses davam edəcək. Artıq hər bir orqan öz sahəsinə uyğun fəaliyyət göstərməlidir. Cəmiyyətdə də əsas səs-küy yaradan məsələ bununla bağlı idi. Bundan sonra ümid edək ki, belə neqativ hallara yol verilməyəcək. Prezidentin iradəsi ortadadır. Çox güman ki, yaxın zamanlarda bu tipli, gözlənilən və gözlənilməz çox ciddi addımlar atılacaq”.

Azərbaycan Milli Dirçəliş Partiyasının sədri, deputat Fərəc Quliyev ölkədə hər cür islahatların aparılmasının tərəfdarı olduğunu söylədi: “Parlamentdə dəfələrlə səsləndirmişəm. Mən islahatların aparılmasının tərəfdarıyam. Hesab edirəm ki, ölkədə korrupsiyaya qarşı mübarizə güclənməlidir. Kadr dəyişikliyinin bu aspektdən dəyərləndirilməsinin tərəfdarı deyiləm.

Prezidentin korrupsiyaya qarşı mübarizəsini, sahibkarlığa qarşı olan maneələrə müqavimət göstərməsini, qeyri-neft sektorunun inkişafı sahəsindəki addımlarını təqdir edirəm. Baş verən kadr dəyişikliyinə sevinmək fikrində deyiləm. Çünki bunun kökündə nələrin dayandığını bilmirəm. Prezidentin atdığı addımları davam etdirəcəyinə əminəm. Bir çox məmurların vəzifəsini itirəcəkləri gözlənilən haldır. Daha ləyaqətli, peşəkar insanların vəzifələrə gətirilmələri vacibdir”.





Xəbərlər
 
 
 
08-08-2020 04:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2020 16:21
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net