Azərbaycanda ölkələrarası zəhərli maddə satanların şok əməlləri - TƏFƏRRÜAT
Tarix: 3-07-2020, 13:18 | Çap et
Azərbaycanda ölkələrarası zəhərli maddə satanların şok əməlləri - TƏFƏRRÜAT
Azərbaycandan Gürcüstana zəhərli maddələr keçirməyə cəhd etməkdə ittiham olunan Nağı Nağızadə və Nurlan Novruzovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nağı Nağızadə və Nurlan Novruzov, Gürcüstan ərazisində olan şəxsiyyəti istintaqa məlum olmayan şəxs və digərləri ilə cinayət əlaqəsinə girərək ümumi cinayətkar razılaşmaya uyğun olaraq qəsdən satış məqsədi ilə, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə olan metallik civəni Azərbaycan Respublikası ərazisindən Gürcüstan ərazisinə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə cəhd göstəriblər.

Belə ki, Nağı Nağızadə Nurlan Novruzovun qanunsuz olaraq əldə etdiyi 2 ədəd şüşə ampluanın içərisində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə olan 131,79 qram çəkidə metallik civəni ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə Gürcüstan ərazisinə keçirib, şəxsiyyəti istintaqa məlum olmayan şəxsə çatdırmaq məqsədilə 2018-ci ilin mart ayının 31-də Bakı şəhərində yerləşən “Neftçilər” metro stansiyasının yaxınlığında ondan təhvil alıb.

Əldə olunmuş razılaşmaya əsasən Nağı Nağızadə 2 ədəd şüşə ampluada, hər birində müvafiq olaraq 59,62 və 72,17 qram, cəmi 131,79 qram narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan metallik civəni qanunsuz olaraq əldə etdikdən sonra Gürcüstan ərazisində şəxsiyyəti istintaqa məlum olmayan Rüfət adlı şəxsə çatdırmaq məqsədilə sərnişin qismində əyləşdiyi “Bakı-Tbilisi” marşrutu üzrə hərəkət edən “Mercedes benz 0403” markalı avtobusun 2-ci sıradakı oturacağının yanındakı oturacağın alt hissəsində gizlədib. O, qanunsuz olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sınıq-Körpü” gömrük postuna qədər məsafədə daşıyıb.

1 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sınıq-Körpü” gömrük postunun əməkdaşlarının iştirakı ilə avtobusa baxış keçirilib.

Baxış zamanı Nağı Nağızadənin əyləşdiyi 2-ci sıradakı oturacağın yanındakı oturacağın alt hissəsindən 2 ədəd şüşə ampluada, hər birində müvafiq olaraq 59,62 və 72,17 qram, cəmi 131,79 qram narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan metallik civə aşkar edilib.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 29,206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətməyə cəhd) və 240.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nağı Nağızadə Nağı bildirib ki, Nurlan onda bir penisillin şüşəsi civə olduğunu bildirib və maddi vəziyyəti pis olduğundan dəqiq çəkisini bilmədiyi həmin civəni satmaq fikrində olduğunu qeyd edib:

“Nurlana civənə gətirməsini və birlikdə ölçüsünü dəqiqləşdirməyi təklif etdim. Nurlan isə mənimlə razılaşaraq getdi. 2 ay sonra, təxminən 2017-ci ilin fevral ayında Nurlan, arvadı Nərmin və Zülfiyyə adlı qadın, həmçinin Nurlanın 1 qız və 1 oğlan uşaqları bizə gəldilər. Nurlan bu dəfə civəni özü ilə gətirdi. Qızım Türkanə isə Türkiyədə civə ala biləcək kimisə tapacağı təqdirdə Nurlana məlumat verəcəyini bildirdi. Civəni tərəzi ilə ölçərək çəkisinin təxminən 120 qram olmasını dəqiqləşdirdik. Zülfiyyə və Nərmin evin digər otağında olduqlarından bu söhbətlərdən xəbərsiz oldular. Bir qədər müzakirə etdikdən sonra bu söhbət bağlandı və qonaq kimi gələn həmin şəxslər getdilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, uzun müddət keçsə də, qızı Türkanə Türkiyədə həmin civəni ala biləcək bir kəsi tapmayıb:

“2018-ci ilin mart ayının sonlarında Nurlana zəng edərək civə üçün müştəri tapdığımı bildirdim. Qızım Türkanənin təxminən 1 il əvvəl məni tanış etdiyi Rüfət adlı Türkiyə vətəndaşı ilə əlaqə saxladım və məndə olan civəni satmaq istədiyimi bildirdim. Həmin şəxslə Gürcüstan ərazisində görüşərək civəni satmaq barədə razılaşdıq. Həmin gün saat 3-4 radələrində Nurlan Novruzovla Bakı şəhərində “8-ci kilometr” bazarının yaxınlığında görüşdük. Nurlan cibindən 1 ədəd göy rəngli izolentlə bağlı olan şüşə qabı çıxararaq içərisində civə olduğunu bildirdi və mənə verdi”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nağı Nağızadə 8 il, Nurlan Muxtarov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxslərin barəsində olan cəzaların sərtləşdirilməsini tələb edib. Təqsirləndirilən şəxslərdə apelyasiya şikayəti verərək, cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Tərəflərin şikayətləri araşdırılmsı üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin, təqsirləndirilən şəxslərin isə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, prokurorun protesti, təqsirləndirilən şəxslərin isə şikayətləri təmin edilməyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net