Bakıda oliqarx fəhlələri məhkəməyə verdi
Tarix: 11-02-2016, 09:05 | Çap et
Bakıda oliqarx fəhlələri məhkəməyə verdi
“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədovun məhkəməyə müraciət edərək, prezident İlham Əliyevə ünvanladıqları video-müraciətə görə Zülfüqarlı qardaşlarının işçilərindən 5 milyon manat tələb etməsi barədə xəbər vermişdik.

Yayılan müraciətdə deyilirdi ki, “böyük zəhmət və sərmayə hesabına bərpa edilən və ixrac yönlü uğurlu fəaliyyətə başlayan “Bakı Poladtökmə”, “Bakı Elektroştamp” zavodları çoxdandır işlərini tamamilə dayandırıb və vaxtilə 1500-ə qədər adamın çalışdığı və sürətlə böyüməkdə olan zavodlar öz sahiblərindən zorla alındıqdan sonra bu gün boş zibillik halına gəlib. Zorla sənədləşdirilən səhmlərin əsas hissəsi ilk olaraq Lerik rayonundan bir kəndlinin adına keçirilib, daha sonra isə “Bakı Steel Copmpany” MMC-nin adına dəyişdirilib və 2010-cu ildə isə “Bakı Steel Copmpany” MMC-nin rəhbəri Rasim Məmmədov öz dəstəsi ilə Zülfüqarlı qardaşlarını tamamilə zavoddan qovublar. İşçilər ədalətin bərpa edilməsini və zavodların yenidən işə salınmasına olan əngəllərin aradan qaldırılmasını istəyirlər”.


Məhkəməyə verilənlərdən biri də “Bakı Elektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədovdur. Onun sözlərinə görə, sözügedən iddia tamamilə qanunsuz və əsassızdır, bununla belə, onlar bu məhkəməyə özlərinin düyünə düşmüş problemlərinin açılması və daha geniş ictimailəşməsi üçün bir şans kimi baxmalı olacaqlar. Ramiz Əhmədov deyir ki, şikayət və müraciətlərin məzmununa görə məhkəməyə müraciət edilə bilməz:

– Hüquqdan anlayışı olan hər kəs bilir ki, şikayət və müraciətlər yoxlanılmaq üçündür və onların məzmunu ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilə bilməz. Məhkəmə bu müraciəti icraata götürməli deyildi. Niyə bizim şikayət yoxlanılmamış, biz özümüz həmin şikayətə görə məhkəməyə çəkilirik? İddia rədd edilməli idi, amma biz yenə də narahat deyilik. İllərdir çalışırıq ki, bizim şikayətlər məhkəmələrdə baxılsın, məhkəmənin bütün instansiyalarını isə keçə bilmirik. Ona görə də çalışacağıq ki, bu məhkəmə problemlərimizə diqqət yaratsın və Rasim Məmmədovun öz əməllərini ortaya çıxsın. Nəhayət, biz bilmək istəyirik ki, Rasim Məmmədov prezidentə edilən müraciəti özünə təhqir sayır, yoxsa qorxuya düşüb?! Axı ötən illərdə dəfələrlə səslənən və yazılan bir fikrə görə indi narahat olub.

– Rasim Məmmədovla bağlı bu iddia əvvəllər də səslənibmi?

– Bizim zavodların problemləri illərdir mətbuatda səsləndirilir və həmişə də Rasim Məmmədovun Zülfüqarlıları onlara məxsus zavodlardan zorla uzaqlaşdırılması, onun özbaşınalıqları dilə gətirilib. Həm də mətbuatdakı çıxışlarda və reportajlarda. Həm də çox sayda mətbu orqanda. Bunlar fakt kimi ortadadır. Amma bir dəfə də olsun bu iddiaya etiraz etməyib. Əksinə, hədələrini və eyni xarakterli əməllərini davam etdirib.

– Davam etdiribmi həqiqətən?

– Yadınıza salım ki, 2012-ci ilin yayında Rasim Məmmədovun idmançı dəstələri zorla bir çox başqa metal zavodlarına da hücum edib. Jurnalistlər hadisə yerlərində olub, çox şeyləri öz gözləri ilə görüb və bu haqda bir çox KİV-lər yazıb. Keçmiş deputat Nazim Məmmədova məxsus «Ahmed-Ataxan» müəssisəsi onlardan bir olub. Həmçinin «Şəhriyar -99» MMC və «R.A.N.K.» MMC-nin fəaliyyəti dayandırılıb, əmlakları əlindən alınıb. Yeri gəlmişkən, Rasim Məmmədovdan və adamlarından həmin hadisələr zamanı da polisə və prokurorluğa şikayət edilib, səhv etmirəmsə, elə Nazim Məmmədov ondan prezidentə də şikayət edib. Biz də həmişə bu adamın qanunsuz əməllərini car çəkmişik.

– Rasim Məmmədovun konkret tələbi nədir və siz Nizami rayon məhkəməsindən nə gözləyirsiz?

– Rasim Məmmədov işsiz qoyduğu 100-lərlə insandan 5 milyon manat zərər tələb edir. İki böyük və işlək zavodu zibilliyə çevirdiyinə görə mükafat istəyir. Amma bu adam öz iddia ərizəsində özünün bütün əməllərini və özünü ələ verən bir məlumat açıqlayıb. Deyir ki, rəhbəri olduğu “Baku Steel Company” “Bakıelektroştamp” ASC-nin 80 faiz səhminə sahibdir və onları zavoda buraxmırıq. İndi bu adam hüquq mühafizə orqanları və məhkəmə qarşısında sübut etməlidir ki, o səhmləri necə əldə ediblər? Hansı birjada, nə qədər pula? Zülfüqarlı qardaşlarını həbsə atdırıb gecə ikən səhmlərin adına yazıldığı Lerikli çobanla onu nə birləşdirir ki, sonradan və qəfildən zavodların ikisinin də səhmləri onun olur? Lerikli Gəray Məmmədov səhmləri alanda və ya satanda səhm birjasında olubmu? Bəs alıblarsa, bu necə alqı-satqıdır ki, səhmlərin yeni sahibi zavoda buraxılmır. Satan belə iş görərmi? Bu məsələləri məhkəmə açmalı və prokurorluğa müraciət edib cinayət işinə başlanılmalıdır. Bu zaman böyük bir cinayətin gerçək üzü sübut olunacaq. Ona görə də biz bu məhkəməyə bir şans kimi baxmağa çalışacağıq. Yoxsa belə cəhdlər bizi dayandırmayacaq. İllərdir ədalət gözləyirik. Bu bizim əvəzsiz haqqımızdır, amma biz əvəzində 1000 nəfər üçün iş yeri, işləyən iki zavod, dövlətə vergi də vəd edirik. Qarşı tərəf isə qanunsuz əməllərindən başqa, həm də zavodların işlədə də bilməyib, insanları işsiz, pulsuz qoyub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net