Borçalıda vəhhabizm təhlükəsi
Tarix: 8-01-2016, 09:22 | Çap et
Borçalıda vəhhabizm təhlükəsi
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis yaxınlığındakı Soğanlıq (Poniçala) kəndində 23 yaşlı azərbaycanlı gəncin qətli ilə bağlı aksiya keçirilib.

Aksiyaya səbəb kənddə vəhhabi təriqətinə məxsus azərbaycanlının öz dostunu qətlə yetirməsi olub. Qətlə yetirilən Fikrət Əhmədovun yaxınları və kənd sakinləri keçirdikləri aksiyada radikal vəhhabiliyin yayılmasına etiraz ediblər.

Gürcüstanın müxtəlif yerlərindən gəlmiş müsəlmanlar “Vəhhabizm vandalizm!”, “Vəhhabilik İslam deyil!” və digər şüarlar qaldırıblar.

Aksiyada çıxış edən Əhli-Beyt məscidinin axundu Hacı Rahid Kərimov, Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Murquzov və başqaları vəhhabiliyin İslam dininə aidiyyəti olmadığını bildirib, bu təriqətə qoşulanları kəskin şəkildə pisləyiblər.

Çıxışçılar vəhhabi təriqətindən olanların Soğanlıq kəndində qarşıdurma yaratmağa cəhd etdiklərini, onların mövqeyini qəbul etməyən kənd sakinlərinə təzyiq göstərdiklərini bildiriblər. Onlar hüquq-mühafizə orqanlarını vəhhabiliyin qarşısını almağa çağırıblar.

Məsələ ilə bağlı Azərbaycanın sələfi təriqətinin lideri, “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovla əlaqə saxladıq. Q.Süleymanov “Yeni Müsavat”a açıqlamasında aşağıdakıları bildirdi: “Gürcüstanda olan hadisədən dəqiq məlumatım yoxdur. Ümumiyyətlə, belə bir hal yaranıb ki, harada saqqallı görürlər deyirlər ki, onlar vəhhabilərdir, sələfilərdir. Sələfilərə qarşı hər hansı bir aksiyanın olduğunu eşitməmişəm. Radikallar, təkbirçilər sələfilər deyillər. Əgər Gürcüstanda sələfilərə qarşı belə bir aksiya olsaydı, mənə deyərdilər”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə “Yeni Müsavat”a mövzu ilə bağlı açıqlamasında fərqli fikir söyləyib. Z. Məmmədli bildirib ki, İranın İslamdan siyasi məqsədləri üçün istifadə edərək, bu dini gözdən salması bir faktdır: “Harada müsəlman varsa, orada İranın kəşfiyyat və əks-kəşfiyyat idarəsi məscidlərdən istifadə edərək, öz siyasi ideyalarını gerçəkləşdirirlər. Bunun əlamətlərini də görürük. Artıq Azərbaycana İslam dinində təfriqələr yaradan zehniyyət gəlməkdədir. O cümlədən Borçalı da müsəlman zonasıdır. Mən bununla bağlı dəfələrlə ”SOS" siqnalı vermişəm. Hətta Qafqaz Müsəlmanları İdarəsinə də rəsmi müraciət edib, şeyxlə görüşmüşəm. Bildirmişəm ki, bu proses nəzarətə götürülməlidir. Əks halda, Azərbaycanı təhdid edən bir dini cərəyan meydana çıxacaq. Bizim milli məsələlərin üzərinə artıq məzhəb düşüncəsi gedir. Borçalıda hər zaman bir “eloğluluq”, milli təşəbbüslük öndə olub. Məzhəb bölücülüyünə isə yer verilməyib. Ancaq artıq bunun əlamətləri müşahidə olunmaqdadır. İran tərəfindən insanların dini mərkəzlərə kütləvi şəkildə aparılması, onların himayə olunması, dini ədəbiyyatların paylanması bir faktdır. Bu fikirlərimə görə mən dəfələrlə təhdid olunmuşam. Hətta şəxsi-ideoloji saytlarda mənə qarşı ölüm təhdidi də olub. Soğanlıqda baş verən son hadisədə məzhəb bölücülüyü istiqamətində təbliğat aparanlar var. Hər halda, ortada cinayət hadisəsi var və təhqiqat aparılmalıdır. Azərbaycan da bu məsələdən kənarda qalmamalıdır".

Z.Məmmədli bildirib ki, İran şəbəkəsi bu hadisəni məzhəb düşüncəsi ilə əlaqələndirir: “Vəhhabilər də Azərbaycanda dini boşluqdan, insanların sosial çətinliklərindən istifadə edərək özəklərini qururlar. Bu gerçəklikdir. İndi orada qətl hadisəsi baş verib. Bu kiçik görünə bilər. Ancaq sabah daha böyük hadisələr baş verə bilər. Buna görə də hesab edirəm ki, Azərbaycan iqtidarı, təhlükəsizlik orqanları, o cümlədən şeyx də bu məsələyə seyrçi qalmamalıdır. Profilaktik işlər aparılmalıdır. Xüsusilə İran və Səudiyyə Ərəbistanı qarşıdurmasının Azərbaycana və Borçalıya təsir etmək imkanlarını hesablamaq lazımdır. Görünən odur ki, bu məqamda İranın maraqlarına xidmət etməyən dövlətlər məzhəb qarşıdurması ilə cəzalandırıla bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net