Qarabağla başlayan Böyük Qayıdış Qərbi Azərbaycanda tamamlanacaq!
Tarix: 27-12-2022, 23:28 | Çap et


Tarixinin ən qüdrətli çağını yaşayan Azərbaycan bu gün təkcə cari sosial-iqtisadi məsələləri deyil, özünün ən böyük və əsrlərdən qalan problemlərini də həll etmək iqtidarındadır və artıq buna nail olmaqdadır.
Tarixin gedişini dəyişən müdrik şəxsiyyətlər
Bildiyimiz kimi, Azərbaycan xalqının təqribən son iki əsrlik tarixində üzləşdiyi böyük haqsızlıqlar, xalqımıza qarşı törədilən cinayətlər bugünkü Azərbaycan Respublikasının sərhədlərinə və taleyinə təsir göstərən əsas amillərdir. Bu prosesin başlanğıcı 19-cu əsrin əvvəllərində çar Rusiyası tərəfindən Osmanlı və İran ərazilərindən 100 mindən artıq erməninin Cənubi Qafqaza, xüsusən də Azərbaycanın tarixi torpaqları olan İrəvan, Göyçə, Zəngəzur, Naxçıvan və Qarabağa köçürülməsi, həmin bölgələrdə demoqrafik vəziyyətin dəyişdirilməsi ilə qoyuldu.
1918-ci ildə yaradılan və müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının İrəvanı Ermənistana vermək qərarı isə regionda saxta erməni dövlətinin yaradılmasını təmin etməklə bərabər, bölgənin yerli azərbaycanlı əhalisinin gələcək faciələrini də qaçılmaz etdi.
1920-ci ildə sovet hökumətinin qərarı ilə Zəngəzur da Azərbaycandan qoparılıb Ermənistana birləşdirildi. Bu, xalqımıza qarşı növbəti cinayət olmaqla, Naxçıvanı Azərbaycanın əsas hissəsindən ayırmaq və Azərbaycanla Türkiyə arasında sədd çəkmək məqsədi daşıyırdı. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə gələcəkdə Qarabağın da Azərbaycandan qoparılması üçün zəmin yaradıldı.
1948-1953-cü illərdə Qərbi azərbaycanlılar növbəti dəfə etnik təmizləməyə məruz qalaraq Ermənistandakı öz dədə-baba yurdlarından deportasiya edildilər. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ermənilərin Azərbaycana qarşı məkrli planlarını irəliyə aparmalarının qarşısı alındı. Lakin 1987-ci ildə Heydər Əliyevin tutduğu vəzifələrdən uzaqlaşdırılmasından sonra Ermənistan Azərbaycana və Azərbaycan xalqına qarşı daha qəddar və genişmiqyaslı təxribatları işə saldı. 1988-1991-ci illər Ermənistan ərazisindəki bütün azərbaycanlılar evlərindən qovuldu.
Bunun dərhal ardınca isə Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başladı. Havadarlarının dəstəyinə arxalanan, Azərbaycanın o zamankı çətin durumundan istifadə edən Ermənistan müəyyən dərəcədə öz istəyinə nail oldu və iştahı daha da artdı.
Lakin Azərbaycanın böyük oğlu Ümummilli lider Heydər Əliyev xalqımızın son iki əsrlik faciəvi tarixində dönüşün başlanğıcını qoydu. O, ilk növbədə, müharibəni dayandıraraq öz ayaqları üstündə dayana bilən güclü dövlət quruculuğuna başladı. Bu prosesi uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iki il bundan öncə 44 günlük savaşda parlaq qələbə qazanaraq işğal altındakı ərazilərini azad etdi, Qarabağ münaqişəsinə son qoydu, ən əsası isə Azərbaycan son iki yüz ildə ilk dəfə olaraq ərazilərinin bir hissəsini geri qaytardı. Beləliklə, dahi şəxsiyyət Heydər Əliyev və onun davamçısı müdrik sərkərdə cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli liderliyinin sayəsində tarixi gedişatın xalqımızın xeyrinə dəyişdiyini artıq əminliklə demək mümkündür.
Bölgədə yeni reallıqlar yaradan, yüzminlərlə azərbaycanlının üzərindəki məcburi köçkün statusunu aradan qaldıran, azərbaycanlıların Qarabağa qayıdışını mümkün edən bu Zəfər Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar və onların varislərinin önünə də yeni imkanlar və vəzifələr qoydu.
Təsadüfi deyil ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin adı 2022-ci ilin avqustunda “Qərbi Azərbaycan İcması” olaraq dəyişdirildi. İlk illərdə icmanın fəaliyyətinin əsas istiqaməti evlərindən qovulmuş qaçqınların problemlərinin həlli idisə, bu gün Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpaqlarındakı Azərbaycan xalqına məxsus mədəni irsin tam öyrənilməsi, dünyaya tanıdılması, Ermənistanın buradakı kultursid fəaliyyətinin ifşası, Qərbi azərbaycanlıların öz doğma diyarına bağlılığının qorunub saxlanması, ən nəhayət isə Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi dayanır.
Dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə cənab Prezident İlham Əliyev bu məsələni açıq və qətiyyətli şəkildə vurğulayaraq, artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmalı olduğunu bildirdi: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq.”
Qeyd etmək lazımdır ki, 2020-ci ilədək Azərbaycanın qarşısında ən vacib məsələ kimi ərazi bütövlüyünün təmin edilməsi dayansa da, Qərbi Azərbaycan mövzusu daim Ümummilli liderimizin və cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olub.
“Ermənistan deyəndə o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır.” – deyən Ulu öndər Heydər Əliyev Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulması faktını istər ölkə daxilində, istərsə də beynəlxalq tribunalardan dəfələrlə səsləndirib.
Həmçinin, cənab Prezident İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətinin ilk illərindən bu məsələni daim öz çıxışlarında vurğulayıb, Ermənistan ərazisindəki tarixi Azərbaycan toponimlərinin öz qədim adları ilə adlandırılmasına çağırış edib.
Ermənistanı bir dövlət kimi uğursuz edən əsas amil monoetnik olmaq istəyidir
Məlum olduğu kimi, şovinist, türkafob, islamafob erməni ideologiyası bir əsrdən artıqdır ki, erməni dövləti qurmaq üçün soyqırımı, terror, barbarlıq, deportasiya, vandalizm siyasətini özünə alət edib. 1991-ci ilədək öz ərazisindəki, əsas etnik toplum olan azərbaycanlıları tamamilə qovan, digər az saylı etnosları da tədricən sıxışdırıb çıxaran Ermənistan regionda və bütövlükdə Avrasiyada yeganə monoetnik ölkə kimi meydana çıxdı.
Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev sözügedən görüşdə bir çox ritorik suallar ortaya qoydu. Dövlət başçısı, Ermənistanın monodövlət olması faktını haqlı olaraq dözülməz adlandırdı: “İndi Avrasiya məkanında, yerləşdiyimiz regionda hansı ölkə monodövlətdir? Bəs, sual olunur nə üçün məhz Ermənistan monodövlətdir? Cavab aydındır, ona görə ki, imkan verməyiblər orada başqa xalqlar yaşasın. O xalqları oradan müxtəlif yollarla çıxardıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar. Beləliklə, bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar.”
Özünü “qədim xalq” adlandıran, bölgədə utopik, uydurma qədim dövlətçilik “tarixindən” bəhs edən ermənilər “qədim erməni şəhəri” kimi təqdim etdikləri İrəvanda faktiki olaraq qədim olan hər şeyi dağıdıb, məhv ediblər. “Haradadır İrəvanın tarixi mərkəzi?” – deyən cənab Prezident İlham Əliyev də haqlı olaraq bütün dünya qarşısında cavabı kifayət qədər aydın olan bir sual qoyur: “İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə - Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb.”
Ermənistan və erməni xalqı bir həqiqəti anlamalıdır ki, müstəqil şəkildə erməni tarixi və mədəniyyəti mövcud deyil, ermənilər regionda yerləşdikləri vaxtdan bəri Azərbaycan və geniş anlamda türk tarixinin tərkib hissəsi kimi və Azərbaycan-türk mədəniyyətinin təsiri altında yaşayıb formalaşıblar. Onların özlərini azərbaycanlılardan, türklərdən ayırmaq cəhdləri özlərini təcridetmə və bütün inkişaf imkanlarından məhrumetmə ilə nəticələnir.
“Uğursuz dövlət” (“failed state”) statusu qazanan Ermənistanın bugünkü durumu bunun bariz subutudur. Öz sərhədlərindən azərbaycanlıları qovub çıxaran Ermənistan boşalmış şəhərlərdə, kəndlərdə normal yaşayışı təmin edə bilməyib, sosial-iqtisadi vəziyyətin ağır olaraq qalması və xaricə kütləvi axın demoqrafik böhranı daha da ağırlaşdırır. Ermənilər nəhayət ki, “böyük Ermənistan” xəyallarından, uydurma tarixdən əl çəkməli, öz gələcəklərinin Azərbaycan və Türkiyə ilə bağlı olduğu ilə barışmalı, Ermənistanın dövlət kimi inkişafında azərbaycanlı, türk amilinin qaçılmaz olduğunu qəbul etməlidirlər. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşması Ermənistan üçün tarixi fürsət və yeganə çıxış yoludur.
Beləliklə, Ermənistanın bütün cəhdlərinə, müqavimətinə baxmayaraq, Qarabağa Böyük Qayıdış başlayıb və rəsmi İrəvanın bütün səylərinə baxmayaraq, bu proses Ermənistan ərazisini - Qərbi Azərbaycanı da əhatə edəcək. İnanırıq ki, çox da uzaq olmayan gələcəkdə cənab Prezident İlham Əliyevin bütün söylədikləri kimi bu sözlərinin də gerçəkləşməsinin şahidi olacağıq: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

Hülya Məmmədli
Politoloq






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net