Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətin maariflənməsində mühüm rol oynayır. Müasir təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.
Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi dönəmdə reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırsaq görərik ki, həqiqətən də tədrisin əhəmiyyətinin bir prinsip kimi seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil edib. Ümumilli lider Heydər Əliyevin təhsil strategiyası fundamental bir konsepsiyadır.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, keyfiyyətli orta təhsili olmayan, yəni baza təhsilinə malik olmayan insanların ciddi elmi araşdırmalar aparması qeyri-mümkündür. Bu baxımdan da, elmin və elmi tədqiqatların inkişafından söhbət gedirsə, ilk növbədə orta ümumtəhsil sisteminə diqqət yetirilməsi zəruridir.
Təbii olaraq, elm və təhsilə göstərilən diqqətin nəticəsidir ki, təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşılır, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkilir. Dövlət başçısı təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqlarının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla tarixi əhəmiyyətli fərman və sərəncamlar, islahat və dövlət proqramlarını təsdiq edən sənədlər imzalayıb ki, bunlar da birbaşa elmdə və təhsildə təkmilləşdirmənin genişlənməsinə yönəlib. Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.
Təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu xüsusilə böyükdür. Müasir infrastruktur, güclü maddi-texniki təchizat öz növbəsində keyfiyyətli təhsilə yol açır. Bu baxımdan ölkəmizdəki vəziyyət təqdirəlayiqdir. Xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə təhsilin inkişafı diqqətdə saxlanılır. 2022-ci ildə Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 30 illik fasilədən sonra ilk zəng çalındı. Bu, çox qürurverici və tarixi hadisə idi. Gənc müəllimlərimizin Azərbaycanın işğaldan azad olunan torpaqlarında təhsil prosesində həvəslə iştirak etmələri isə xüsusi sevindirici haldır.
Bu ilin oktyabrında dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşdülər. Bütün bunlar ölkəmizdə təhsilin inkişafına yüksək diqqətin və xalqımızın rifahına olan qayğının parlaq təzahürüdür.
Tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda, dövlətin və cəmiyyətin məktəblə birgə fəaliyyəti nəticəsində mümkün olur. Hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı nailiyyətlərlə doğrultmalıdır. Təhsilli, vətənpərvər, hər hansı peşəyə sahib olan gənclər yetişdirmək məktəb kollektivinin qarşısında duran əsas vəzifədir.
Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülmüş strategiya dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlarda dövlətin qayğısı əsas rol oynayır, təhsil işçilərini daha böyük nailiyyətlərə səsləyir.
Aygün Abbasova
279 nömrəli tam orta məktəbin tarix müəllimi