Sabiq polis polkovniki və saxta MTN əməkdaşının cəzası dəyişdirildi
Tarix: 25-04-2015, 14:44 | Çap et
Sabiq polis polkovniki və saxta MTN əməkdaşının cəzası dəyişdirildi
Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakinləri Kamil Hüseynovun və Sərdar Hüseynovun CM-nin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxışı yekunlaşıb.

Oxu.az xəbər verir ki, İbtidai istintaq materiallarına əsasən, 2011-ci ilin avqust ayında Kamil Hüseynov və Sərdar Hüseynov Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan tanışları Əli Atakişiyevə özlərini geniş əlaqə və imkanlara malik şəxslər, Sərdarı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, etibarını qazanıblar.

Kamil Hüseynov əlaqələrindən istifadə edib Nobel prospektində yerləşən “Luna Park” adlanan ərazinin yanında olan 0,33 ha torpaq sahəsini 100.000 dollar müqabilində Dövlət Neft Şirkətindən (SOCAR) alıb Əli Atakişiyevə verəcəklərin vəd edib.

Sonuncunu inandırmaq üçün SOCAR-ın Xocalı prospekti, 28 ünvanda yerləşən Təhlükəsizlik xidmətinin inzibati binasının qarşısına gətirib, ondan 10.000 dollar alaraq binaya daxil olub və bir neçə dəqiqədən sonra yanına gələrək, guya pulu verdiyi şəxslərlə danışıb, torpaq sahəsinin ona verilməsinin razılığını alıb.

Həmin ilin noyabr ayında həmin binanın qarşısında təqsirləndirilən şəxslər biznesmendən qalan 90.000 dolları alaraq, yenə inzibati binaya daxil olublar və 10-15 dəqiqədən sonra geri qayıdaraq, Əli Atakişiyevi məsələnin həll olunduğunu bildirib, torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri sənədləri toplayıb Sərdara verməsini tapşırıb.

Əli Atakişiyev kürəkəni Zaur Qaravəliyevin adına aid sənədləri toplayıb Sərdar Hüseynova verdikdən sonra Kamil Hüseynov 2012-ci ilin yanvar ayına kimi sahibkardan müxtəlif bəhanələrlə, o cümlədən bələdiyyə orqanına vermək adı ilə 2000 dollar, Bakı ş. İcra Hakimiyyətinə vermək adı ilə 3000 dollar, Torpaq və Xəritəçəkmə Komitəsinə vermək adı ilə 5000 avro ələ keçirməklə, ümumilikdə zərərçəkənə 105 000 dollar və 5000 avro məbləğində külli miqdarda ziyan vurublar.

Bundan əlavə, Kamil Hüseynov 2012-ci ilin əvvəllərində Əli Atakişiyevin tanışı Səddam Zöhrabovu 3000 manat müqabilində FHN-də işləyən tanışları vasitəsi ilə yanğınsöndürən kimi işə düzəldəcəklərini vəd verməklə, sonuncunu aldadıb. K.Hüseynov Nazirliyin M.Müşviq küçəsində yerləşən inzibati binasının yanında zərərçəkəndən həmin məbləği alıb.

Aprel ayında isə onu guya həkim komissiyasından keçməsi üçün FHN-in Moskva prospekti, 57 ünvanda yerləşən Tibb idarəsinin qarşısına çağırıb, orada S.Zahidovdan 60 manat alaraq, rəy verməsi üçün həkim kimi təqdim etdiyi Sərdar Hüseynova verib, bununla da sonuncunun 3060 manat pulunu ələ keçirməklə, dələduzluq ediblər.

İstintaq zamanı məlum olub ki, Kamil Hüseynov polis zabiti olub, 2003-cü ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb, heç bir yerdə işləməyib.

Məhkəmə prosesində Kamil Hüseynov və Sərdar Hüseynov ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Hüseynov 9, Sərdar Hüseynov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Cəzalarının yüngülləşdirilməsi məqsədi ilə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri əsasında işi araşdıran Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən Kamil Hüseynovun cəzası 8, Sərdar Hüseynovun isə 7 ilə endirilib.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net