15 yaşlı oğlunu İŞİD-ə qoşulmağa göndərən atanın müəmmalı sükutu
Tarix: 23-04-2015, 15:13 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə ittiham olunan 10 nəfərlik dəstə üzvünün - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, məhkəmə iclasına hakim Ramella Allahverdiyeva sədrlik edib.
Prosesdə təqsirləndirilənlərdən Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev ifadə verdi.
Elvin Dursunəliyev sərbəst ifadəsində Suriyaya döyüşmək məqsədilə getmədiyini, oradakı müsəlmanlara kömək niyyəti ilə getdiyini dedi: “Mən orada yemək bişirirdim, mətbəx işləri görürdüm, bazarlıq edirdim. İslam dininə ibadət edirəm. Suriyada heç bir silahlı birləşmədə olmamışam. Ora getməkdə məqsədim müsəlman qardaşlarıma kömək məqsədi ilə olub. Heç bir qruplaşmaya, heç bir cinayətkar dəstəyə qoşulmamışam.
Təqsirləndirilən şəxslərdən atamdan başqa heç kimi tanımıram. Mənə irəli sürülən ittihamlarla özümü təqsirli bilmirəm. Suriyada vaxtından əvvəl qayıtmaq istəyirdim, sadəcə sənədlərim özümdə olmadığına görə məcburən orada qalmışam. Tək günahım ora getmək olub”.
Təqsirləndirilən şəxs dövlət ittihamçısının, vəkillərin və hakimin suallaırnı cavablandırdı. O, Suriyaya getməsindən anasının xəbərsiz olduğunu bildirdi: “Atamın Tehran Qayıbov adlı tanışı var. Onunla getdim. Atam və anam notariat kontorunda mənə Tehranla birgə ölkədən çıxmaq üçün sənəd verdilər. İstanbulda Mahmud adlı şəxslə görüşdük. 5-10 gün İstanbulda qalandan sonra Suriyaya getdik. Suriyada dini adı “Abu Fatimə” olan şəxsin yanında qaldıq. Sonralar Tehranın döyüşlərdə öldüyünü eşitdim. Bizi Suriyadan qovdular. Türkiyə sərhəddini keçəndə isə saxlanıldım və Azərbaycana deportasiya olundum”.
Hakim təqsirləndirilən şəxsin atası Vüqar Dursunəliyevə iradını bildirdi: “Müharibə gedən bir ölkəyə 14-15 yaşlı uşağı necə göndərərlər? Düşünürdünmü ki, onun özünü yox, meyitini gətirə bilərdin oradan? Bu yaşda bu uşağı ora necə yola salmısınız? Bəs anası necə buna göz yumub? Adamın gözü ağrıyır bu uşağa baxanda. Bu uşağın həyatını niyə bu günə salmısınız?”
Maraqlıdır ki, V.Dursunəliyev hakimin bu sualını nədənsə cavablandırmadı.
Hakim təqsirləndirilən şəxsin anası Dürdanə Dursunəliyevanın şahid qismində məhkəməyə dəvət olunduğunu dedi: “Biz teleqram vurmuşuq, amma gəlməkdən imtina edib”.
Bundan sonra Durdanə Dursunəliyevanın ibtidai istintaq verdiyi ifadəni elan olundu. D.Dursunəliyeva ifadəsində ailəliklə İslam dininə ibadət etdiklərini göstərib: “Üç oğlum var. Böyük oğlum Əhəd ibadət etmir, siqaret çəkir, içki içir. O, bizimlə birgə deyil, nənəsinin yanında yaşayır. Ortancıl oğlumuz Elvin uşaqlıqdan ibadətlə məşğul olub. Onun tərbiyəsi ilə atası məşğul olurdu. Elvinin 15 yaşı olanda atası dedi ki, uşağı Türkiyəyə işləməyə göndərirəm. Mən də inandım. Oğlumun ölkədən çıxması üçün notarial qaydada sənədə imza atdım. Oğlumun Suriyaya cihada getməyindən xəbərim olmayıb. Əgər bilsəydim, getməyə qoymazdım”.
Digər təqsirləndirilənlərdən Azər Qəmbərov qısa çıxış edərək İŞİD-in tərkibində vuruşmadığını və bunu sübut edən heç bir əsasın olmadığını məhkəmənin nəzərinə çatdırdı.
Özünü pis hiss edən təqsirləndirilən şəxsə ifadəsini davam etdirə bilmədi. Məhkəməyə təcili tibbi yardım çağırıldı.
Məhkəmə prosesi aprelin 30-da davam etdiriləcək.
Onu da bildirək ki, təqsirləndirilən şəxslər məhkəmə prosesinin ilk günündən İslam dininin qanunlarından başqa heç bir qanun qarşısında mühakimə olunmayacaqlarını və məhkəmə boyunca susacaqlarını bildiriblər.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.
Bunlardan digər təqsirləndirilən şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib.
15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.