MTN əməliyyat keçirdi
Tarix: 23-04-2015, 14:39 | Çap et
MTN əməliyyat keçirdi
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 32 kiloqram 800 qramdan artıq narkotik vasitənin daşınmasının qarşısı alınmış, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulmuşdur. Bu barədə Trend MTN-nin İctimai Əlaqələr İdarəsinə istinadən məlumat verib.

Məlumata görə, “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Abbasov Qabil Bəhram oğlu saxlanılmış, keçirilmiş baxış zamanı onun idarə etdiyi avtomobilin yük yerindən 220 qram heroin, 1 kiloqram 700 qram tiryək, 4 kiloqram 337 qram həşiş qətranı və 7 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu saxlanılmış, baxış zamanı onlardan 9 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, Əlikram Ağayev, Tahir Əhmədov, Umud Nuriyev və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni İran İslam Respublikası istiqamətindən qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun Məlikqasımlı kəndinin ərazisinə gətirmişlər.

Milli Təhlükəsizlik Nazirliyinin daha bir əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu və Nəcəfov Anar Himayət oğlu saxlanılmış, keçirilən baxış nəticəsində onlardan 4 kiloqrama yaxın tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Məlikov Vurğun Nazim oğlu saxlanılmış, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülmüşdür.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Abbasov Qabil Bəhram oğlu, Ağayev Əlikram Məmməd oğlu, Əhmədov Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu, Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu, Nəcəfov Anar Himayət oğlu və Məlikov Vurğun Nazim oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net