Respublika Klinik Xəstəxanasına bir gələn sevinir, bir də gedən
Tarix: 23-04-2015, 13:02 |
Çap et
Bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində problemlər baş alıb gedir. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılsa da, bundan yaxa qurtarmaq mümkün deyil. Mediada tibb ocaqlarında yaşanan problemlər barədə yazılar getsə də, nə problemləri araşdıranlar var, nə də həll edənlər.
Belə xəstəxanalardan biri də Respublika Klinik Xəstəxanasıdır. Qeyd edək ki, bu xəstəxana daha çox bazarı xatırladır. Ötənlərdə sözügedən xəstəxananın reanimasiya şöbəsində xəstəsi olan bir şikayətçi tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub. Ərizədə Respublika Klinik Xəstəxanasında rastlaşdığı xoşagəlməz hallarla bağlı məlumat yazılıb. Hər kəsə bəllidir ki, dövlət xəstəxanaları pulsuz xidmət göstərməlidirlər. Xəstələri təmənnasız dərman preparatları ilə təmin etməlidirlər. Təəssüf ki, dövlət xəstəxanaları belə şeyləri unudub. Daha doğrusu, onlara sərf etmədiyinə görə bunları görməzlikdən gəlirlər. Bizə verilən məlumata görə, həmin xəstəxanada üç növbə var. Əgər xəstəxanada xəstən varsa, üç növbənin bütün həkimlərinin cibini doldurmalısan. Baş həkimə 20 manat, tibb bacılarına 10 manat, sanitara isə 5 manat pul verməlisən. Şikayətçi bildirir ki, hər növbə dəyişdikdə həkimlər xəstənin yaxınının yanına gələrək “xəstənin həkimi mənəm” deyərək ondan pul alırlar. Reanimasiyada ağır vəziyyətdə yaxını olan bir adamı əlbəttə ki, yalnız onun sağlamlığı düşündürür. Ona görə də hər dəfə “bu xəstənin həkimi mənəm” deyən həkimlərin cibini doldurmaqdan başqa çarəsi qalmır. Bu isə sözün əsl mənasında biabırçılıqdır. Xəstənin sağlamlığını düşünmək əvəzinə onun cibini güdmək bir həkimə ancaq başıaşağılıq gətirə bilər. Lakin Respublika Klinik Xəstəxanasının əksər həkimləri üçün nüfuz o qədər də rol oynamır. Rüsvay olmağı başucalığından üstün tuturlar. Ona görə də onları yalnız pul düşündürür. Və üç növbənin həkimlərinin xəstəni bu şəkildə soyması hansı qanuna sığır? Məgər bu həkimlərdə vicdan yoxdur? Xəstəsinə dərman ala biləcək qədər pulu olmayan bir insandan qanunsuz şəkildə necə pul istəmək olar? Maraqlıdır ki, Respublika Klinik Xəstəxanasının baş həkimi İbadov Telman Əsəd oğlunun bütün bunlardan xəbəri varmı? Yoxsa bu şəraiti onlara baş həkim yaradıb? Görünür, bu cür rahatlıqla xəstələrə pul kisəsi kimi baxan həkimlər heç kəsdən çəkinmirlər. Qeyd edək ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Hətta xəstəsini reanimasiyada görmək istəyənlərdən belə 5-10 manat pul alaraq görməyə imkan yaradırlar. baxmayaraq ki, reanimasiya otağının qapısına “Kənar şəxslərin girişi qadağandır” yazılsa da həkimlər kimi gəldi içəri buraxırlar.
Dünyanın heç bir xəstəxanasında reanimasiya otağına kənar şəxslər buraxılmır. Ancaq bizdə vəziyyət fərqlidir. Kimin pulu varsa, ürəyi nə vaxt istəsə, ora girə bilir. Şikayətçi bildirir ki, pul verməsək, xəstəmizə yaxşı baxmırlar.
Xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Belə ki, xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır. Bir sözlə, bu səhiyyə ocağına xəstəxana deməyə adamın dili gəlmir.