Ölkə büdcəsini necə boşaltdılar
Tarix: 23-04-2015, 11:10 | Çap et
Ölkə büdcəsini necə boşaltdılar
Ötən il Moldovanın Ümumi Daxili Məhsulunun (ÜDM) beşdə biri, yaxud dövlət büdcəsinin illik gəliri həcmində vəsait bir neçə gün ərzində yoxa çıxıb. Bu dünya bank tarixində “adambaşına düşən ən böyük qalmaqal”lardan biri hesab oluna bilər. Hazırda Mərkəzi Bankın kəsiri 1 milyard dollardır ki, bu da ölkə iqtisadiyyatının və ölkənin Qərb oriyentasiyasının üstündən xətt çəkə bilər. Qeyd edək ki, Moldova büdcəsinin gəliri təxminən 1 milyard dollara yaxındır.

Moldovada ötən ilin noyabrında, parlament seçkisindən bir neçə gün əvvəl bir neçə müəmmalı bank köçürməsi barədə suallar hələ tam cavablandırılmayıb.Bəlli olan yalnız budur ki, ölkənin Ümumi Daxili Məhsulunun beşdə biri qeyb olub.

Moldovanın üç ən böyük bankının - Bancii de Economii, Bancii Sociale və Unibank-ın verdiyimüəmmalı kreditlər yalnız bu ilin əvvəlində aşkar edilib və dərhal da vəziyyətdən çıxış yolu kimi, daha doğrusu ölkənin maliyyə sisteminin çökməməsi üçün,bu banklara 16 milyard ley (870 milyon dollar) məbləğində yardım buraxılıb.

Bu üç bankın verdiyi kreditlərin heç vaxt geri qayıtmayacağı aydındır. Bu isə o deməkdir nəticədə onların borcu dövlət borcuna çevriləcək və deməli, Moldova vergiödəyəninin belindən çıxacaq.

Kişinyovda mənzillənmiş iqtisadi-analitik “Expert-Grup” mərkəzinin icraçı direktoru Adrian Lupusor deyir ki, yerli miqyasda bu, həcminə görə azman borcdur.Moldova cəmi 4 milyon əhalisi olan kiçik bir ölkədir. 1 milyard dollar bu ölkənin 6, 23 milyard dollarlıq illik ÜDM-nin 16 faizi deməkdir.“Bu, Moldova tarixində ən böyük qalmaqaldır, - deyir iqtisadçı, - bu bütün regionda ən böyük qalmaqaldır”.

“Expert-Grup”un bu barədə hesabatında qeyd olunur ki, qalmaqal nəticəsində Moldova iqtisadiyyatı 2015-ci il üçün 0, 2 faizlə 1, 8 faiz arasında geriləyəcək. Halbuki ötən il iqtisadiyyat 4, 6 faiz, 2013-də isə heyrətamiz şəkildə 9 faiz artmışdı.

Əlbəttə, geriləməni tamamilə bank qalmaqalı ilə bağlamaq olmaz və bunsuz da iqtisadiyyat artıq ciddi problemlərlə üzləşməyə başlamışdı. Qonşu Rusiya və Ukraynadakı resessisiya nəticəsində Moldova mallarına tələbatın azalacağı gözlənilən idi.

Üstəlik Rusiyanın Moldovanın şərab və meyvə kimi məhsullarının idxalı üzərinə qoyduğu qadağan iqtisadiyyatdakı mənfi təsirini məhz bu il göstərməli idi.

Rusiya, ərzaq təhlükəsizliyi bəhanəsi ilə şərabın idxalına qadağanı 2013-də, meyvə idxalına qadağanı isə 2014-cü ildə, birtərəfli qaydada qoyub. Moskvanın qadağanları Moldovanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq niyyətinin bəyan edilməsindən dərhal sonra tətbiq edilib.

Amma bank qalmaqalı hər halda iqtisadiyyata gözlənilməz mənfi təsir göstərib.Qalmaqal barədə xəbərlərin ardınca milli valyuta olan ley birdən birə 40 faiz qiymətdən düşüb və yalnız son günlərdə bir qədər özünə gəlib. Milli valyutanın devalvasiyası xarici valyuta ilə kredit götürmüş fərdlərə və şirkətlərə zərbə olub.Lupusor deyir ki, indi banklar kredit buraxılışını məhdudlaşdırmalı olacaqlar.

Maliyyə rəsmiləri isə pul siyasətini sərtləşdirəcəklər. Borcların ödənməsi üçün vergilər qaldırılacaq, ssudalar isə ixtisar ediləcək. Nəticədə əlbəttə ki, yükün ağırı əhalinin ən yoxsul təbəqəsi üzərinə düşəcək.Pulun necə yoxa çıxması barədə çox az məlumat var. Bilinən budur ki, pul banklardan “mötəbər” kreditlər şəklində çıxıb.Hazırda Mərkəzi Bank və ABŞ-ın “Kroll” auditor firması təhqiqat aparırlar və hökumət ilkin nəticələr barədə hesabat hazırlayır.

Parlament seçkilərinin lap ərəfəsində baş vermiş bu qalmaqal nəticəsində Avropa meylli partiyalar hakimiyyətə zəif koalisiya şəklində qayıda biliblər və onların gözdən düşdükləri təəssüratı yaranıb. Axı qalmaqal onların gözü qarşısında baş verib.Qalmaqalın siyasi təsirləri barədə nəsə demək hələ bir qədər tez olsa da, hər halda bu yaxınlarda keçirilmiş rəy sorğusu qərbmeylli əhval-ruhiyyənin ümumən zəiflədiyini göstərib.

CBS-AXA təşkilatının 1000 nəfər arasında apardığı rəy sorğusu göstərib ki, indi artıq Rusiyanın Avrasiya İqtisadi İttifaqına meyl Avropa İttifaqına meyldən güclüdür. Rəyi soruşulanların 60 faizi Moldovanın Avrasiya İttifaqında mümkün üzvlüynə meylləndiyini bildirib. Avropa İttifaqına meyllənənlər 40 faiz təşkil ediblər. Əhalinin daha böyük hissəsi Avropa İttifaqı üzvlüyünün əleyhinə səs verməyə hazırdır.

Eyni rəy sorğusu həm də nümaiyiş etdirib ki, moldovanların əksəriyyəti Rusiya prezidenti Vladimir Putini ən etibarlı xarici lider hesab edir.Putinin leyhinə rəyi soruşulanların 60 faizi səs verib. Onun ardınca Almaniya kansleri Angela Merkel, Rumıniya prezidenti Klaus Iohannis və ABŞ prezidenti Barack Obama gəlirlər. (“Azadlıq” radiosunun xülasəsi əsasında)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net