İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Tarix: 22-04-2015, 18:34 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə İntiqam Əliyev son söz deyib.
İntiqam Əliyev çıxışında əsassız yerə həbs olunduğunu deyib. O, məhkəmə zamanı qaldırdıqları bütün vəsatətlərin təmin olunmadığını xatırladıb, ruhdan düşməyə ehtiyac olmadığını bildirib.
Bundan sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.