“Rayonlardakı muzey bələdçiləri xarici dili yaxşı bilmirlər”
Tarix: 22-04-2015, 17:34 |
Çap et
Muzeylər hər bir dövlətin tarixini əks etdirir. Turistlər maddi deyil, mənəvi sərvətin nədən ibarət olduğunu öyrənməkdən ötrü məhz gəldikləri ölkədə ilk olaraq oranın muzeylərini ziyarət edirlər. Modern.az saytı Azərbaycan muzeylərinin hazırkı durumu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin muzey işi və mədəniyyət sərvətləri sektorunun müdiri Azadə Hüseynova ilə müsahibəni təqdim edir:
- Ayrı-ayrı bölgələrdə olan tarix-diyarşünaslıq, eləcə də başqa profilli muzeylərin son durumu necədir?
- Statistik məlumatlara görə, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki muzeylərin sayı 218-dir. Bunlardan incəsənət profilli muzeylərin sayı 13, ədəbiyyat profilli muzeylərin sayı 7, tarix profilli muzeylərin sayı 13, tarix-diyarşünaslıq muzeylərinin sayı 71, döyüş şöhrəti muzeylərinin sayı 6, ev muzeylərinin sayı 48-dir.
Ağsu, Balakən, Beyləqan, İsmayıllı, Qusar, Şabran və digər rayonların tarix-diyarşünaslıq muzeyləri, Sumqayıt şəhərinin tarixi muzeyi, Bakı şəhərində Məmməd Səid Ordubadinin xatirə, Nəriman Nərimanovun və Səməd Vurğunun ev muzeylərində, Əmircan qəsəbəsində Səttar Bəhlulzadənin, Şəki şəhərində Mirzə Fətəli Axundovun, Lənkəranda Həzi Aslanovun, Göyçayda Rəsul Rzanın ev muzeylərində əsaslı təmir və tərtibat işləri aparılıb.
Saatlı, Füzuli, Xaçmaz və Quba rayon tarix-diyarşünaslıq muzeyləri üçün yeni binalar inşa edilib, muzeylərdə müasir tələblərə cavab verən bədii tərtibat işləri həyata keçirilib. Tovuz rayonundakı Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyi üçün yeni binanın inşası davam etdirilir, Masallı Tarix-Diyarşünaslıq Muzeyi üçün isə yeni binanın tikintisi başa çatdırılıb. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi binasının əsaslı təmir-bərpa işləri başa çatdırılıb, muzeyin bədii tərtibatı üçün hazırlıq işləri həyata keçirilir. Abşeron, Kürdəmir və Ağcabədi tarix-diyarşünaslıq muzeylərində təmir-bərpa işləri davam etdirilir. Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində bədii tərtibat işləri aparılır. Mingəçevir şəhər, Göyçay, Goranboy rayon icra hakimiyyətləri tərəfindən Heydər Əliyev mərkəzlərinin keçmiş binaları tarix-diyarşünaslıq muzeylərinin istifadəsinə verilib.
- Nazirliyin apardığı yoxlamalar muzeylərdə nə kimi çatışmazlığı üzə çıxarıb?
- Respublika muzeylərinin fəaliyyətinin təhlili zamanı bu məsələlərə diqqətin artırılması müəyyən edilib. Azərbaycanın tarixi-mədəni irsinin və mədəni potensialının keyfiyyətli qorunması, onların muzeylər vasitəsilə daha geniş miqyasda təbliği, bu sahədə sistemli dəyişikliklərin aparılması, sosial-mədəni və iqtisadi məkanda qlobal dəyişiklikləri nəzərə alaraq muzey işinə yeni yanaşma, muzeylərdə yeni təbliğat vasitələrinin yaradılması, muzeylərin səviyyəsinin beynəlxalq standartlara çatdırılması, mədəni mühitin, o cümlədən muzeylərin bazar şəraitinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə işlənilib.
- Regionlardakı muzeylərdə bələdçi problemləri yaşanırmı? Ümumiyyətlə, onların aylıq əmək haqqı muzeydə işləmələrinə imkan verir?
- Ümumiyyətlə, mədəniyyət sahəsində çalışanların maaşlar aşağıdır. Qeyd etmək lazımdır ki, zonalarda fəaliyyət göstərən muzeylərdə işləyən bələdçilərin əsas problemi xarici dillər sahəsində biliklərinin aşağı səviyyədə olmasıdır.
- Bələdçilərdə peşəkarlığın artırılması üçün nə kimi işlər aparılır?
- Mütəmadi olaraq mədəniyyət müəssisələri işçilərinin hazırlıq və ixtisasartırma mərkəzində bələdçilər üçün kurslar, dəvət olunmuş xarici mütəxəssislər tərəfindən təlimlər (seminar-treninqlər) təşkil edilir, bələdçilərin bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə attestasiya keçirilir.