Mərkəzi Dəmiryol Xəstəxanasında özbaşınalıq
Tarix: 22-04-2015, 17:00 | Çap et
Mərkəzi Dəmiryol Xəstəxanasında özbaşınalıq
Bu gün səhiyyə sistemindəki problemlər heç bir sahədə yoxdur. Dünyada tibbin inkişaf etdiyi bir dövrdə ölkəmizdə tibbin keyfiyyəti getdikcə aşağı düşür. Belə tibb müəssisələrindən biri də Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi məhəllə 5025 ünvanında yerləşən, "Azərbaycan Dəmir Yolları" QSC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmiryol Xəstəxanasıdır.

Baş həkimi Adil Tağıyev olan tibb ocağında vəziyyət olduqca acınacaqlıdır. Sözügedən xəstəxanada xəstələr üçün heç bir şərait yoxdur. Əldə etdiyimiz məlumatlara görə, orada antisanitariya hökm sürməkdədir. Xəstələrə bu cür şəraitsiz formada xidmət edən Biləcəri Dəmiryol Xəstəxanasında xəstələr soğan kimi soyulurlar. Hər kəsə bəllidir ki, dövlətə məxsus tibb ocaqlarında bütün əməliyyatlar, dərmanlar pulsuz olmalıdır. Lakin sözügedən xəstəxanada vəziyyət başqa cürdür. Bizə verilən məlumata görə, həkimlər bir-birinə pul qazandırmaq üçün ora gələn xəstələri bütün müayinələrdən keçirirlər. Hətta həkimlər xəstələrə dərman almaq üçün həmin tibb müəssisəsinin yaxınlığında yerləşən apteki təklif edirlər. Qeyd edək ki, həmin aptekdə qiymətlər od tutub yanır. Bundan savayı həkimlər pasiyentlərə ancaq firma dərmanları yazırlar. Xüsusi olaraq tapşırırlar ki, mütləq bu dərmandan alın. Əczaçı əvəzləyici dərman təklif edərsə, qəti şəkildə almayın. Bu da onu göstərir ki, Biləcəri Dəmiryol Xəstəxanasında çalışan həkimlər dərman firmaları ilə işbirliyi edir. Xəstələri soymaqdan doymayan həkimlər dərman firmalarından da faiz alırlar. Bir sözlə, sözügedən tibb müəssisəsinin baş həkimi başda olmaqla digər həkimlər də xəstələrin sağlamlığını deyil, cibini güdürlər. Bu sahəyə nəzarət zəif olduğuna görə, baş həkimlər də bundan istifadə edərək öz maraqları üçün çalışırlar. Xəstələrin maddi durumunu nəzərə alan yoxdur.

Üstəlik xəstəxanada antisanitariya hökm sürür. Bəzi şöbələrinin ancaq qarşı tərəfinə əl gəzdiriblər, yan və arxa tərəflər isə bərbad vəziyyətdədir.

Bu arada, əldə etdiyimiz məlumata görə, Adil Tağıyevin baş həkimi olduğu Mərkəzi Dəmiryol Xəstəxanasında ayrı-ayrı vaxtlarda ölüm halları qeydə alınıb. Belə ki, bu barədə redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, təxminən iki il öncə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, jurnalist Səadət Cabbar qızı Abbasovanın anası, 70 yaşlı Bilqeyis Abbasova yıxılıb ayağı burxulduğu üçün müraciət etdiyi Biləcəri Dəmiryol Xəstəxanasında ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişib.

Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Adil Tağıyevin baş həkimi olduğu Mərkəzi Dəmiryol Xəstəxanasında əhaliyə normal tibbi xidmət göstərilmədiyi üçün sözüdegən tibb müəssisəsində ölüm halları digərlərinə nisbətən tez-tez baş verir. Ümid edirik ki, müvafiq qurumlar bu xəstəxananın fəaliyyətini araşdıracaq və lazımi ölçü götürəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net