Moskva şəhərinin İzmaylovo məhkəməsi tərəfindən barələrində son qərar verilmiş beynəlxalq cinayət qruplaşmasının 8 üzvündən ikisi Azərbaycanda doğulub.
ANS PRESS-in məlumatına görə, Vyetnam, Suriya, İraq və Azərbaycanda doğulmuş qrup üzvləri minlərlə qanunsuz miqrantı işlədərək gəlir əldə etməkdə günahlandırılır.
27 iyul 2013-ci il tarixdə Rusiya polisi Moskva şəhərində qanunsuz əmək miqrasiyası ilə bağlı əməliyyat keçirib. Vyetnamdan 1,2 min qanunsuz miqrant, Misir, Mərakeş, Suriya, Qırğızıstan, Azərbaycandan və Özbəkistandan gəlmiş 200 qanunsuz miqrant aşkarlayıb. Nəticədə qanunsuz əmək miqrasiyasının təşkilində günahlandırılan 8 nəfər həbs edilib. Onlardan iki nəfər – “AST Qrupp” və “AST Karqo” şirkətlərinin sahibi Januko Rafailov və onun kiçik qardaşı Don Rafailov Azərbaycan mənşəli olub.
Məhkəmə vyetnamlı Bunq Danq Xoyu və Xoanq Lam Fonquya 6 il, suriyalı İsmail Abtini, Basam Ancariniyə 7 il, suriyalı Muhamed Vazerə və İraq əsilli Maksim Fuad Makarova 6 il həbs cəzası kəsib. Amma Rafailov qardaşları həbsdən yaxa qurtara biliblər. Qəflətən onlarda onkoloji xəstəlik aşkarlanıb. Onların işi ayrıca icraata götürülüb. Bir il qabaq onlar həbsdən azad ediliblər.