“Sovetski” sakinlərinə əlverişli TƏKLİF
Tarix: 22-04-2015, 15:35 | Çap et
“Sovetski” sakinlərinə əlverişli TƏKLİF
Bu gün yolumuzu “Sovetski” adlanan məhəllənin sökülməyə hazırlaşan və artıq sökülmüş küçələrindən saldıq. Sökülən evlər məhəllənin Qədirli adlanan yuxarı hissəsində yerləşir. Söküntü də yuxarı başdan başladığı üçün hələ məhəllənin aşağı tərəfində camaat bir o qədər də narahat görünmür. Ancaq yanlarında “söküntü” sözünü işlədəndə dodaqları quruyur. Deyirlər ki, buralardan ayrılmaq çox çətindir. Xatirələrimizi qoyub gedə bilmirik.

“Sovetski”yə aşağı tərəfdən daxil olub, sakinlərin halını soruşa-soruşa gəldik çatdıq sökülən əraziyə. Ərazidə Köçürmə Komissiyası, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis nəfəri vardı. Ərazinin sökülməsi nəzərdə tutulan hissənin sakinlərinin demək olar ki, əksəriyyəti köçürülüb. Orada isə bir neçə ailə qalıb ki, onlarla da icra nümayəndələri tərəfindən danışıqlar aparılır. Lakin sakinlər təklif olunan şərtlərlə razılaşmırlar.

Biz “Sovetski”yə çatarkən yaşadığı mənzilin ətrafındakı tikililər sökülən sakin Rasim Hüseynov bildirdi ki, mövcud komissiya onların hüquqlarını pozur. 8 nəfərə 38 kvadrat metrlik mənzil verirlər:

“Bizim buradakı ev hardasa 25-27 kvadrat metrdir. 8 nəfər qalırıq burada. İndi bizə deyirlər ki, sizə "Gənclik" metro stansiyasının yaxınlığında ev verəcəyik. Mən də deyirəm ki, necə yerləşim ora? Heç olmasa iki dənə ev versinlər. Bir də ki, sökməmişdən 3-4 gün öncə bizə məlumat verməli idilər. Gəlib qəfil içəri girirlər ki, evinizin yan-yörəsini sökməliyik, bura alınıb”.

Elə bizim də gözümüzün qabağında R.Hüseynovun mənzilinin ətrafında olan digər şəxslərin yaşadıqları yerləri sökdülər. Sökülən mənzillərin isə sahibləri gözümüzə dəymədi. Məsələni araşdırmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə görüşdük. Özünü təqdim etmək istəməyən şəxs baş verənlərə bu cür aydınlıq gətirdi:

“Hökumət az kvadratlı mənzillərdə yaşayan sakinlərə "Gənclik" metro stansiyasının yaxınlığında təmir olunmuş mənzil təklif edir. Bütün mənzillərin hər bir sənədi yerindədir. Həm də yüksək səviyyədə təmir olunub. Məsələn, buradakı narazı ailənin hazırda yaşadığı mənzil 20 kvadrata yaxındır. Gördüyünüz kimi, nəmişlik içərisindədir. Biz bu ailəyə iri mətbəxtli, təmir olunmuş hamam və tualeti olan 2 otaqlı mənzil təklif edirik. Onlar isə buradan çıxamaq istəmirlər. Bildirirlər ki, biz ailədə 8 nəfərik iki mənzil istəyirik. Halbuki, burada daha kiçik yerdə o 8 nəfər qala bilirdi. Hökumət heç kimi evsiz qoymur. Bizim də güzəştimiz budur ki, burada 20 kvatratlıq evdə yaşayırdılarsa, indi onlara verəcəyimiz mənzilin sahəsi ən azı 38 kvadrat metrdir”.

İcra hakimiyyətinin nümayəndəsi bir neçə gün öncə mətbuatda yayımlanan bahalı hasarlarla bağlı da açıqlama verib:

“Ərazi söküldükdən sonra sakinlər zibillərini gətirib bura tökürdülər. Bizim işçi qrupu hər gün ərazinin müxtəlif yerlərindən zibil yığmaqla məşğul idi. Çəpər məhəllənin yuxarı hissəsinə çəkilib. Təmir işləri aparılanda gərək təmizliyə də fikir verilə. Bu boyda ərazini belə vəziyyətdə saxlamaq olmaz. Mütləq hasarlanma olmalıdır ki, sahmana salma işlərini normal qaydasında apara bilər”.

Əraziyə nəzarət edən Anar adlı polis nəfəri ilə də söhbət apardıq. O bildirdi ki, hazırda sökülən mənzil Rafiq Hüseynova aid deyil:

“Onun yaşadığı mənzilin sağı, solu yuxarısı satılıb. Yəni həmin mənzillərin sakinləri hökumətin təklifi ilə razılaşıb, verilən konpensasiyanı götürüb mənzillərini dövlətə satıblar. Rafiq Hüseynov da həmin satılan mənzilin birinin qarşısında öz əşyalarını qoymaq üçün yer düzəldib. Sökülən də həmin yerdir. Burada yaşayan bütün az kvadratlı mənzillərin sahiblərinə ev təklif etmişik. Heç kimi evsiz qoymuruq. Rafiq Hüseynov və digər qonşular üçün də eyni təklif keçərlidir”.

Polisin bu fikrindən sonra yenidən Rafiq Hüseynov və onun anası Solmaz xanımla görüşdük. Sakin deyilən faktlarla razılaşdı. Bildirdi ki, qonşuları onları aldadıb:

“Bizə dedilər ki, gəlin burada siz də bir yer götürüb nə isə tikili söküləndə sizin də adınızı yazarıq əlavə pul alarsız. Bir də gördük ki, evlərini satıb çıxıb gediblər. Bizə də heç nə vermədilər”.

Sonda sakinlər bildirdilər ki, bu gün gedib onlara təklif olunan mənzillərin şəraiti ilə maraqlanacaqlar. Bundan sonra qərarlarını verəcəklər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net