İŞİD-ə zərbə: Bağdadi ağır yaralandı
Tarix: 21-04-2015, 17:42 |
Çap et
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqın qərbinə endirdiyi aviazərbələr nəticəsində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının rəhbəri Əbu Bəkr əl-Bağdadi ağır yaralanıb.
AzVision.az-ın məlumatına görə, bu barədə çərşənbə axşamı Böyük Britaniyanın “Guardian” qəzeti xəbər yayıb.
Qəzetin məlumatlarına görə, mart ayında ağır yaralanan İŞİD rəhbəri təşkilatın bütün fəaliyyətinə nəzarət edə bilmir: “Hazırda Bağdadinin vəziyyəti yaxşılaşır, lakin o hələ də terror təşkilatının əməliyyatlarına tam rəhbərlik edə bilmir”.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.