“AXCP Müsavat Partiyasını aşağılayır”
Tarix: 21-04-2015, 16:43 |
Çap et
Vəhdət Partiyasının sədri Tahir Kərimli Hafta.az-a müsahibəsində partiyaları və gündəmlə bağlı məsələlərdən danışıb.
Müsahibəni təqdim edirik:
- Vəhdət Partiyasının ümumi vəziyyəti hazırda nə yerdədir?
- Hazırda ölkədə əsas müzakirə olunan məsələ Birinci Avropa Oyunlarıdır. Eyni zamanda, qarşıdan parlament seçkiləri də gəlir. Bu da bizim üçün çox önəmlidir. Partiya daxilində əsasən müzakirə olunan parlament seçkiləridir. Mütəmadi olaraq toplanıb, daxili və beynəlxalq məsələlərin müzakirəsini aparırıq.
- İqtidar-müxalifət dialoquna qatılmaq istərdiniz?
- Bu görüşlərin birində iştirak etmişdik. İndiki sonuncu görüşdən də 2 ay keçib. Ola bilər ki, qondarma soyqırımdan sonra bu görüş keçirilsin. Dəvət olunsaq iştirak edəcəyik.
- Hansı mövzunu iqtidar nümayəndəsi ilə müzakirə etmək istərdiniz?
- Ən mühüm məsələ qeyd etdiyim kimi seçki ilə bağlı olan məsələdir. Mənə elə gəlir ki, hazırda qanunvercilikdə dəyişiklik etmək çox çətindir. Vaxt azlığı və digər bu kimi məsələlər var. Hər kəsin arzusu idi ki, proporsional seçki bərpa olunsun. Belə olduğu halda partiyaların nüfuzu daha da yüksələrdi. Bu məsələlər nədənsə zəif inkişaf etdi. Ancaq hər halda ən mühüm məsələ təmsilçilikdir. Son iki seçkini götürsək bizim 6 və 46 namizədlə seçkilərdə iştirak etdiyimiz zaman olub. Ancaq heç birində uğur qazanmamışıq. Seçki taktikasını təyin edib və uğur qazanmaq barəsində düşünürük.
- Nə düşünürsünüz?
- Yeni Azərbaycan Partiyası dövlət həyatına o qədər sahib çıxıb ki, onun yardımı olmadan hansısa namizədin uğur qazanması çətin görünür. Bu baxımdan birgə fəaliyyətlə təşkilat və təbliğat işlərində bir-birimizin namizədlərini müdafiə etsək uğurlu olar.
- Manatın devalivasiyaya uğramasının sizə hansı təsiri oldu?
- Manatın devalivasiyası gözlənilən idi və bu obyektiv səbəbdən oldu. Dünyada neftin qiymətdən düşməsinin Azərbaycana təsirsiz ötüşməsi mümkün olan iş deyildi. Hesab edirəm ki, devalivasiyanı tədricən aparmaq lazım idi. Məsələn, Qazaxıstan təcrübəsindən istifadə etmək olardı. Sui-istifadə halları çox oldu. Cəmiyyət əziyyət çəkdi. Qiymətləri aşağı salmaq hələ də mümkün olmayıb. Azərbaycanda bu cür çətinliklərin olması realdır. Çünki kifayət qədər istehsal təşkil olunmayıb. Hakimiyyət bu haqda düşünür. Ölkə başçısının çıxışında da gördük ki, müəyyən tədbirlər görülməkdədir.
- Siyasi bloklara qoşulmağı düşünürsünüz?
- Doğrudur ki, partiyalar bloklara qoşularkən daha da məşhurlaşırlar. Gündəmdə onların adları tez-tez çəkilir. Lakin biz bloklara qoşulmamaq siyasətini dəstəkləyirik. Bu seçkilərdə də eyni siyasəti sərgiləyəcəyik.
- Müsavat Partiyasının yürüş qərarını necə qiymətləndirirsiniz?
- Görünəni deyirəm ki, Müsavat Partiyası son qurultayından sonra parçalanmış vəziyyətdədir. Ona görə də partiyanın mitinq keçirmək imkanı yoxdur. Hətta radikal düşüncəli insanları Milli Şura və AXCP daha çox öz ətrafında birləşdirə bilir. Görünür, Müsavat Partiyası mitinq keçirilməsinin çətin olduğunu bilib, yürüş keçirməyi düşünürdü. Hər halda AXCP özünü Müsavatdan daha üstün görür və onları aşağılayır. Müsavatın isə cəhdləri alınmır.