Hövsanın "Zeytun bağları”na iki şirkət qənim kəsilib - FOTOLAR
Tarix: 21-04-2015, 15:02 |
Çap et
Suraxanı rayonu, Hövsan kəndinin sakinlərini burada yaşadıqlarına peşman edən səbəblər çoxdur. Bunlardan birincisi yolların yarasız vəziyyətdə olmasıdır ki, bu problem uzun illərdən bəri sakinləri cana yığıb. Torpaq yığıntısından ayaqlanıb düzələn, ömründə bir dəfə də asfalt örtüyü görməyən yolları yayda toz-torpaq, qışda isə palçıq "bəzəyir".
Musavat.com-un əməkdaşı adıçəkilən qəsəbəyə baş çəkib və sakinlərin problemləri ilə tanış olub.
Hövsan kəndinə getmək üçün "Əhmədli" metrostansiyası yaxınlığında 20 nömrəli marşrut avtobusunu yarım saata yaxın gözləməli oluruq. Bu müddət ərzində eyni istiqamətdə gedən onlarla sərnişin yığılır. Avtobusu görən kimi hər kəs qapıya hücum çəkir. Düşənlərə imkan vermədən içəri girib, boş yerləri tutmağa çalışırlar.
Çünki qarşıda onları yarım saatdan artıq yol macərası gözləyir. Macəra ona görə dedik ki, Hövsan kəndinin yolları keçilməz dalanları xatırladır. Yol o qədər dardır ki, iki maşının yanaşı getməsi mümkün deyil. Üzbəüz gələn maşınlardan biri hərəkətini dayandırıb, mütləq digərinə yol verməlidir. Bu durum marşrut sürücülərinin işini daha da çətinə salır. Qarşıdan gələn maşınlara yol verməli olan marşrut sürücüləri qrafik üzrə gecikməli olurlar və intervalı tənzimləyə bilmirlər.
Qəsəbə sakinlərinin dərdi təkcə yollarla bitmir. Əhalinin içməli su ilə təminatında da problemlər var. Kənd sakini Əhməd Səmədov deyir ki, həyətlərdə quyu sularından istifadə edilir. Quyudan çıxan su şor olduğu üçün sakinlər içməli suyu almaq məzburiyyətində qalırlar. İmkanı olmayanlar isə istifadə üçün yararsız sularla kifayətlənməli olurlar.
Qeyd edək ki, Hövsan kəndində əhalinin əsas məşğuliyyətini əvvəllər maldarlıq və kənd təsərrüfatı təşkil edib. İndi isə vəziyyət dəyişib.
Kənd ağsaqqallarından Mərdan İlyasov deyir ki, son vaxlar insanların əli işdən soyuyub: "Hamı şəhərə axın edir. Kimi fəhlə işləyir, kimi xırda bizneslə məşğul olur. Bərəkətli torpaqlarımız isə qalıb, ağzı günə..."
Kənd sakinlərinin əsas iş yeri qəsəbənin yaxınlığındakı zeytun bağlarıdır. "1 nömrəli zeytun kənd" adlanan ərazi 900 hektar sahəsi olan zeytun bağından ibarətdir. Bura sakinlərin qazanc yeridir. Şəhərdə iş tapa bilməyən yerli camaatın məşğuliyyəti zeytun becərmək, zeytun yımaqdır.
Ərazidə olarkən zeytun bağlarından qayıdan kəndli qadınlarla qarşılaşdıq. Mövsümi qulluqla əlaqədar, yığımöncəsi hazırlıqları həyata keçirdiklərini deyən həmsöhbətlərim bu işin onların yeganə qazanc yeri olduğunu bildirdilər.
Mövsümi olaraq, buraya zeytun yığmağa gələn qadınlar topladıqları məhsulun hər kiloqramı üçün 10-15 qəpik alırlar. Gün ərzində 60-100 kiloqram arası zeytun toplayan bu zəhmətkeşlərin qazancı 10-15 manatdan oyana keçmir.
Sürəyya adlı həmsöhbətim deyir ki, sentyabr ayından əsas iş başlayır: “Dolanışığımızı buradan çıxarırıq. Yaxşı ki, bu bağlar var. Yoxsa bu yaşımızda heç yerdə iş tapa bilməzdik".
Zeytun bağlarındakı vəziyyətlə tanış olmaq üçün qeyd etdiyimiz əraziyə üz tutduq. Ucsuz-bucaqsız sahədə yalnız zeytun ağacları gözə dəyir. Bağa nəzarət edən Əbülfəz adlı şəxs deyir ki, son illər zeytun ağaclarının yola yaxın olan hissəsi quruyub. Səbəbi “Akkord” şirkətinin tikinti qalıqlarını buraya tökməsidir: "Zeytun bağları ərazisinin bir hissəsindən ağacları kəsib, oraya beton asfalt çəkiblər. Gətirilən tikinti materiallarını burada boşaldırlar. Bu isə ağaclara zərər vurur. Getdikcə bağın içərilərinə doğru irəliləməyə çalışırlar. Bir ağacın bu səviyyəyə gəlməsi üçün neçə illər lazımdır. Nə olursa-olsun, bu bağı qorumalıyıq".
Nəzarətçi deyir ki, quruyan ağacların əvəzinə yenilərini əkməklə bağı bərpa etməyə çalışırlar: "Tikinti tullantılarını təmizləyib, bu sahəyə də zeytun ağacları əkəcəyik. Əgər belə etməsək, bir neçə ildən sonra bu bağ yoxa çıxa bilər".
Çəkiliş zamanı biz də “Akkord” şirkətinin tikinti tullantılarının zeytun bağına atıldığının şahidi olduq.
Zeytun ağaclarına qənim kəsilən daha bir şirkət isə "Azərsun Holdinq"dir. Sakinlər deyirlər ki, həmin şirkət zeytun sahəsini ağaclardan təmizləyərək, orada obyektlər tikdirir. Böyük bir ərazidə tikilən yarımtikili bina üçün yüzlərlə ağac kökündən çıxarılıb, bu zaman sakinlərin etirazlarına məhəl qoyulmayıb. İndi sakinlər bu qalan ağacların da təhlükədə olmasından narahatdırlar.