Bu məmurları övladları bitirdi...
Tarix: 21-04-2015, 12:23 |
Çap et
Azərbaycanda uşağının səhvinə görə məmuru işdən çıxarırlar, xaricdə isə məmur özü istefa verir
Son bir neçə ildə Azərbaycanda övladına görə işdən çıxarılan məmurların sayı artıb. Bunu daha çox İlham Əliyevin məmurlara etdiyi xəbərdarlıqla əlaqələndirirlər. Azərbaycan prezidenti dəfələrlə məmurlara xəbərdarlıq edərək onları övladlarını düzgün tərbiyə etməyə çağırıb. Prezident hətta bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq da edib. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib.
“Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. Bu sitatı, yəqin ki, xatırlayırsız və ardınca baş verənləri də...
Son olaylardan başlayaq. Mart ayının 31-də Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov tutduğu vəzifədən azad edilib. Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov mart ayının 22-də saat 16 radələrində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə sənəd təqdim etməkdən imtina edib. Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.
Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.
Ötən ilin aprelin 20-də isə övladı sosial şəbəkələrdə bahalı avtomobillərini nümayiş etdirən Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev öz ərizəsi ilə işdən çıxarılıb. Ötən ilin martında Mübariz Mədətov də oğlunun törətdiyi qəza səbəbindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən azad edilib.
Ötən ilin aprelində Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da tutduğu vəzifədən azad edilib.
Övladının yol verdiyi nöqsana görə vəzifəsindən azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. 2013-cü ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonradan həmin rayonda böyük etirazlara səbəb oldu.
Mətbuatda “İsmayıllı hadisələri” kimi işıqlandırılan bu hadisə zamanı eks-nazirin oğluna məxsus “Çıraq” oteli və onun bir neçə bahalı avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu.
2013-cü ildə bu taleyi Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov da yaşayıb. V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər Rayon icra Hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub.
Gördüyünüz kimi, bizdə övladına görə işdən azad edilənlərin siyahısı xeyli uzundur. Amma xaricdə övladına və ya işindəki nöqsana görə məmurlar özləri istefa verirlər. Məsələn, İtaliyada adı rüşvət qalmaqalında hallandırılan nazir Maurizio Lupi istefa verib. Nəqliyyat nazirinə qarşı səsləndirilən ittihamlara görə, o, tenderlərə qoşulan bəzi iş adamlarından bahalı kostyumlar alıb. Həmin iş adamlarından biri nazirin oğluna iş verib, üstəlik, ona 10 min 300 avro dəyərində saat hədiyyə edib. Nazir oğluna atasının yaratdığı imkanlar qarşılığında bahalı saat hədiyyə edilməsi barədə məlumat mətbuata çıxdıqdan 72 saat sonra nazir istefaya getməyə məcbur olub.
İtaliyanın baş naziri Matteo Renzi nazirin istefa qərarını dəstəklədiyini və ağıllı qərar olduğunu bildirib.
Böyük Britaniyanın miqrasiya naziri Mark Harper Londondakı evində 2007-ci ildən bəri çalışan xadimənin qanunsuz miqrant olduğunu bilincə vəzifəsindən istefa verib. 2007-ci ildən 2012-ci ilə qədər İngiltərədə işləmək hüququ olan xadimə müddət bitəndən sonra özünə saxta sənədlər düzəldibmiş. Bu da miqrasiya nazirinə fevralın 6-da bəlli olub. Harper vəziyyətlə bağlı dərhal Daxili İşlər Nazirliyinə məlumat verib və paralel olaraq baş nazirə istefa ərizəsi göndərib.
“Heç bir məqamda qanunları pozmasam da, miqrasiya qaydalarını sərtləşdirmək üçün çalışan nazir olaraq, belə mövzularda özümü sadə vətəndaşlardan daha yüksək meyarlarla mühakimə edirəm. Mən siyasətin komanda oyunu olduğuna inanıram. Buna görə də sizə, iqtidar partiyasına və ölkəyə zərər vurmamaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim. Səbəb olduğum utanca görə üzr dilyərəm”, - deyə Harper açıq istefa məktubunda yazıb.
2012-ci ildə Türkmənistanda dövlət başçısı Q.Berdıməhəmmədov hökumətin genişləndirilmiş iclasında energetika və sənaye naziri Yarmuhamət Orazquliyevi işdən çıxarıb. Prezident naziri “oğlunu pis tərbiyə etmək”də günahlandırıb. Hökumətin iclasında DİN başçısı İsgəndər Mullikov bildirib ki, Türkmənistan Politexnik İnstitutunun tələbələri, həm də yüksək çinli dövlət məmurlarının oğulları olan gənclər Aşqabaddakı qəzanın səbəbkarlarıdır.
“Əfsuslar olsun ki, bəzi rəhbər şəxslər övladlarının tərbiyəsinə yetərincə diqqət vermirlər. Halbuki rəhbərin nüfuzu onların övladlarının tərbiyəsi, ictimai yerlərdə necə davranmalarından da asılıdır”, - Türkmənistan prezidenti deyib.
İclasda çıxış edən Y.Orazquliyev oğlunun hərəkətlərinə görə üzr istəyib.
Böyük Britaniya və Amerikada isə dəfələrlə nazir, yüksək post sahibləri barda sərxoş vəziyyətdə yaxalanan övladlarına görə ya istefa veriblər, ya da ictimaiyyət qarşısına çıxıb üzr istəyiblər.
"Yeni Müsavat"