Əli İnsanovdan Avropa İttifaqına "donos"..
Tarix: 10-03-2015, 18:31 |
Çap et
Bu gün keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mardla görüşüb. Görüşdə vəkil Əli İnsanovun onunla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməməsi barədə məktubu təqdim edilib.
Vəkil Toğrul Babayev Turan-a bildirib ki, Malena Mard məktubun Avropa İttifaqının rəhbərliyinə çatdırılacağını bildirib. “Nümayəndə Əli İnsanov barəsində Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi məsələsinin xüsusi nəzarətə götürüləcəyini bildirib. Yaxın günlərdə Belçikanın yüksək rəhbərliyi Azərbaycana səfərə gələcək və bu məsələni Azərbaycan rəhbərliyi qarşısında qaldıracaq”, deyə vəkil qeyd edib.
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.