Gədəbəydə durum başçının nəzarətindən çıxıb...
Tarix: 5-05-2015, 11:22 | Çap et
Gədəbəydə durum başçının nəzarətindən çıxıb...
Gədəbəyin Şəkərbəy kəndində örüş sahəsi üstündə dava düşüb, iki nəfər yaralanıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə mayın 3-də rayonun Şəkərbəy kəndi yaxınlığında olan yaylaqda baş verib. Orada fermer təsərrüfatı fəaliyyəti ilə məşğul olan bir neçə nəfərlə heyvanları üçün yay örüşü təşkil etmək istəyən rayonun Sarıhacallı kəndinin 4 nəfər sakini arasında dava düşüb.

Dava zamanı Sarıhacallı kənd sakini, 1950-ci il təvəllüdlü Əntiqə Alıyeva və onun oğlu, 1974-cü il təvəllüdlü Bayram Alıyev döyülərək bədənin müxtəlif yerlərinin əzilmiş çapılmış yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Yaralılar döyüldükdən sonra yaylaq itləri tərəfindən dişləndiklərini bildiriblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. Əslində, rayonda bu cür hadisələr çoxdan gözlənilirdi. Belə ki, Gədəbəydə əhalinin istifadəsində olan otlaq sahələrinin yetərli hissəsi qeyri-qanuni şəkildə ayrı-ayrı imkanlı şəxslərə verilib. Elə buna görə də yerli camaatla rayonun bir sıra kəndlərində fermer təsərrüfatı yaradan şəxslər arasında qarşıdurma yaranır. Özəl qaynaqlardan əldə etdiyimiz informasiyaya görə, belə hadisələrin qeydə alınmasının günahkarı icra başçısı Ramiz Yediyarovdur: "O icra başçısı postuna təyin ediləndən sonra rayonda heyvandarlıq təsərrüfatı ilə məşğul olan insanların günü qaralıb. Kəndlilərin istifadəsindəki örüş sahələrinin demək olar ki, əsas hissəsi imkanlı şəxslərə, yaxud bəzi məmurlara satılıb. Yerdə qalan ərazilər isə ermənilərlə üzbəüz mövqedə yerləşir. Orda heyvan otarmaq çox təhlükəlidir. Çünki yerli sakinlər hər an düşmən gülləsinə tuş gələ bilər. Bəzi iri ranqlı məmurların Gədəbəydə fermer təsərrüfatı mövcuddur. Bunu heç kim dana bilməz. Hətta bəzi otlaq sahələri başçı tərəfindən həmin məmurlara hədiyyə edilib. Sadə kəndlilər isə heyvanlarını otarmağa yer tapmır. Örüş sahələrinin yetərli hissəsi bir qrup məmur tərəfindən zəbt edilib. Buna rəvac verən isə icra başçısıdır. Məhz onun razılığından sonra otlaq sahələri başqa-başqa şəxslərin nəzarətinə keçib. Narazılıqların əmələ gəlməsi təbiidir. Bundan sonra problem daha da ciddiləşə bilər. Ona görə ki, qarşıdan yay fəsli gəlir. Əhali mal-qarasını yaylağa çıxarmalıdır, amma indiki vəziyyətdə bu mümkünsüzdür. Həmin sahələrin əksəriyyəti zəbt olunub". Qeyd edək ki, 2004-cü ildə prezident İlham Əliyev "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ölkədə kənd təsərrüfatına yararlı torpaqların, o cümlədən təbii otlaq və biçənək sahələrinin, habelə heyvandarlıqda istifadə olunan yemin strukturunda sənaye üsulu ilə hazırlanmış yüksək qidalı konsentratların az olması təbii yem sahələrinin normadan artıq yüklənməsinə, onların nəzarətsiz istismarı nəticəsində torpaqların eroziyaya uğramasına və şoranlaşmasına səbəb olur, ölkənin meşə fonduna, su ehtiyatlarına və bütövlükdə ətraf mühitə ciddi ziyan vurur. Ölkədə heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı yüksəltmək, yay-qış otlaqlarının və biçənəklərin mühafizəsini gücləndirmək, onlardan istifadənin səmərəsini artırmaq və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək məqsədilə ölkə başçısı qeyd olunan sərəncamı imzalayıb. Təəssüf ki, Gədəbəydə bu sərəncamdan irəli gələn məsələlərə istənilən səviyyədə əməl edilmir. Yerli məmurların qanundan kənar əməllər törətməsi çörəyini heyvandarlıqdan çıxaran insanların dolanışığına mənfi təsir göstərir. Digər tərəfdən, məmur özbaşınalıqları sadə kəndliləri otlaq sahələrindən məhrum edib. Bu açıq şəkildə özünü büruzə verir. Odur ki, yuxarı qurumlar səviyyəsində məsələyə tezliklə müdaxilə edilməlidir. Əks təqdirdə, rayonda iri fermer təsərrüfatının sahibləri ilə vətəndaşlar arasında ciddi insident yaşana bilər.

Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net