Ana Sayfa > Siyasət / Manşet > Heç bir səlahiyyəti qalmayan Etibar Pirverdiyev kimə və niyə lazımdır

Heç bir səlahiyyəti qalmayan Etibar Pirverdiyev kimə və niyə lazımdır


15-04-2015, 10:05. Yazar: admin
Heç bir səlahiyyəti qalmayan Etibar Pirverdiyev kimə və niyə lazımdır
Hazırda iri vergi ödəyicilərinin dövlətə 2,2 milyard manat borcu var. Bu borcların ildən-ilə azalması isə kağız üzərindədir. Belə ki, 2009-cu ildə həmin müəssisələrin vergi borcları 7 milyard manata çatmışdı. Onların azalması heç də vergi yığımlarında nizam-intizamın yaradılması ilə deyil, dövlətin tədricən debütor borcları bağışlaması ilə əlaqədardır. Dövlət şirkətlərinin vergi yığımlarında özbaşınalığı hələ də davam etməkdədir.

Məsələn, "Fitch" Ratings öz hesabatında "Azərenerji"nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borclu olduğunu göstərmişdi. Bundan əlavə, "Azərenerji"nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb. Eyni vəziyyət, vergi ödənişlərinə məsuliyyətsiz yanaşma digər iri vergi ödəyicilərində də mövcuddur. Dövlət Neft Şirkəti istisna olmaqla demək olar ki, onların hamısının - "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərsu" ASC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları "iri vergi" ödəyicisi olaraq qalır. "Azərenerji" 2012-ci ildə 140,4 milyon manat vergi ödəyibsə, 2013-cü ildə bu göstərici 125,8 milyon manat olub. Həmin qurumlar vergi ödənişləri ilə yanaşı, büdcədən subsidiyalar da alırlar. Ödənişlər azaldıqca büdcədən ayrılan subsidiyaların həcmində artım müşahidə edilir. 2015-ci ilin büdcə xərclərində adıçəkilən şirkətlərə 100 milyon manatdan çox subsidiya ayrılması proqnozlaşdırılıb. 2014-2015-ci illər üzrə subsidiyaların bölgüsünə gəlincə, Bakı Metropoliteni 2014-cü ildə 35 mln. manat alıbsa, cari ildə bu rəqəmin 37.9 mln. manata yüksəlməsi gözlənilir. "AZAL" həm ötən il, həm də bu ilə 10 mln. manat yardım alacaq. "Azərsu"nun aldığı subsidiya 2014-cü ildə 9.8 mln. manat, 2015-ci ildə isə 10 mln. manat təşkil edib. Dövlətə külli miqdarda borcu olan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevlə bağlı yayılan qalmaqallı məlumatlar isə səngimək bilmir. Qeyd edək ki, bir müddət əvvəl yaradılan "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Etibar Pirverdiyevin səlahiyyətlərinin əksər hissəsini itirməsinə səbəb oldu. Belə ki, "Azərişıq" Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Prezidentin məlum sərəncamı ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin əlində olan əsas səlahiyyətlər ondan alınaraq keçmiş "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri, hazırda isə yeni yaradılan "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilən Baba Rzayevə verilib. Bundan sonra yalnız Bakının deyil, bütün ölkənin enerji ilə təminatı məhz Baba Rzayevin rəhbərlik etdiyi qurum tərəfindən həyata keçiriləcək. Etibar Pirverdiyevin səlahiyyətlərinin əlindən alınmasının isə heç də təsadüfi olmadığı qeyd olunur. Belə ki, bu istiqamətdə müzakirələrin getdiyinə dair məlumatlar hələ çoxdan yayılmağa başlamışdı. Etibar Pirverdiyevin vəzifədən alınacağı və barəsində cinayət işinin açılacağı da yayılan məlumatlar arasında idi. Onun "Azərenerji"də böhranlı vəziyyət yaratması, idarəçilikdə buraxdığı çoxsaylı səhvlər hazırkı duruma gətirib çıxardı. ASC-nin maliyyələşdirdiyi böyük layihələrdə ciddi maxinasiyalara yol verilib. Araşdırmalar göstərir ki, 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən "Azərenerji" ASC-yə 1 milyard 132 milyon manat dövlət investisiyası yatırılıb. Həmin investisiyalar isə səmərəli istifadə olunmayıb. Nəticədə bu sahədə korrupsiyanın miqyası genişlənib. Bunu qurumun müxtəlif layihələrə xərclədiyi vəsaitlərin dəfələrlə şişirdilməsi də təsdiqləyir. Xatırladaq ki, bir müddət əvvəl mətbuatda "Azərenerji" ilə Türkiyə Elektrik Dağıtım Anonim Şirkətinin(TEDAŞ) eyni ölçülü investisiya layihələrinə xərclədiyi vəsaitlərə dair maraqlı araşdırma dərc olunub. Həmin araşdırma "Azərenerji"dəki pulsilmələrinin miqyasını açıq ortaya qoyub. Məsələn, "Azərenerji" uzunluğu 12,7 kmolan 2-ci Qala hava xəttinin 8 km hissəsinin yenidən qurulmasına 1 milyon, uzunluğu 5 km olan Ramana hava xəttinin yenidən qurulmasına 362,9 min, uzunluğu 13 km olan 1-ci Qala hava xəttinin yenidən qurulmasına 1 milyon, 8,1 kmZığ hava xəttinin 3,2 kmhissəsinin yenidən qurulmasına 491 min, 12 km-lik 3-cü Suraxanı hava xəttinə 754,5 min, 17,6 km-lik Dübəndi hava xəttinə 1,106 milyon, 18,5 km-lik 2-ci Maştağa hava xəttinə 1,163 milyon, 8,9 km-lik 4-cü Ramana hava x-nə 560 min, 14,3 km-lik 5-ci Şimal hava xəttinə 506,2 min və 10,9 km-lik 5-ci Ramana, 2-ci Suraxanı hava xəttinə 791,1 min manat xərcləyib. Həmin il Türkiyənin TEDAŞ şirkəti Dənizkəntdən Çakış köyə uzanan 10 km-lik xəttin yenidənqurulmasına 420 min TL (146,2 min manat), Hisarçandır-Söyütcüm-ə 23 km-lik yeni elektrik xəttinin çəkilməsinə 1,1 milyon TL (385 min manat), "Kəmər TM-Çamyuva Irt. ENH" layihəsi çərçivəsində 4,5 km-lik xəttin çəkilişinə 900 min TL (313 min manat), Dereköy-Sülekler-ə 12 km elektrik xəttinin yenidən qurulmasına 600 min TL (209 min manat) və Mollatəpə-Göktəpəyə 4 km-lik xəttlərin yenidənqurulmasına 155 min Tl (54 min manat) pul xərcləyib. Bundan başqa, dövlətin əsaslı vəsait qoyuluşundan "Azərenerji"yə ayrılan xərclərdə iqtisadi rayonlar üzrə toplam gücləri 16,3 MVt olan kiçik su elektrik stansiyalarının tikintisinə 27,5 milyon manat vəsait ayrılıb. Türkiyənin Enerji Piyasası Düzənləmə Kurumunun hər bir bölgə üçün hesabatında göstərilir ki, paytaxt Ankarada 11,7 MVt gücündə su elektrik stansiyasının tikintisinə isə cəmi 18 milyon TL (6,2 milyon manat) ayrılıb və işlər 2013-cü ildə yekunlaşıb. Müqayisədən görünür ki, Azərbaycanda eyni uzunluqlu elektrik xətlərinin çəkilişinə Türkiyədən iki-üç dəfə artıq xərc çəkilir. Türkiyədə istehsalatın olmasını əsas gətirib materialların ucuz başa gəldiyini ehtimal edə bilərlər. Amma burada əməkhaqqı və kompensasiya məsələsini diqqətdən qaçırmaq olmaz. Azərbaycanda kompensasiya ödənilmədiyi halda, Türkiyədə elektrik xətlərinin altına və stansiyaların tikildiyi əraziyə düşən torpaqları sahiblərindən bazar qiymətinə, bəzən daha baha qiymətə alırlar. Yayılan məlumatlardan belə aydın olur ki, vəsaitlərin bu cür xərclənməsi, əsas hissəsinin mənimsənilməsi "Azərenerji"də böhranlı vəziyyətin yaranmasına səbəb olub. ASC sədri isə indiyə qədər vəzifəsini qorumağı bacarıb, üstəlik dövlət büdcəsindən mənimsədiyi vəsaitlər hesabına özünə böyük biznes imperiyası yaradıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, Etibar Pirverdiyevin Kürsəngidə, Umbakıda, Xaçmazın Çarxı və Yusuboba kəndlərində fermaları mövcuddur: "Bu fermalarda əsasən qoyun, inək və camış saxlanılır. Yusubobadakı fermasında baş energetik ancaq ətlik heyvanlar bəslətdirir. Fermada saxlanılan cins heyvanlardan çəkisi az olanının 500 kiloqram əti var. Onun Xaçmazda, Bakıda, Qubada, Sumqayıtda restoranları, mağazalar şəbəkəsi var. Ət həmin fermalardan onun mağaza və restoranlarına gedir. O Bakıətrafı istirahət zonalarına da böyük yatırımlar qoyub. Məmur təkcə Bilgəh qəsəbəsində 100-dən çox villa inşa etdirib. Sumqayıtda isə kabel və avtomobil zavodu tikdirib. Ölkəyə elektrik avadanlıqlarının, kabellərin gətirilməsi də bu yaxınlara kimi Etibar Pirverdiyevin inhisarında idi. Cəmiyyət sədri həmçinin balıq biznesinə də girişib. O bu istəyini Mingəçevir su anbarında reallaşdırıb. Hətta öz imkanlarını inkişaf etdirmək üçün qayıqlar və digər lazımi texniki avadanlıqlar alıb. Mingəçevirdən isə balıqçılığı yaxşı bilən bir neçə nəfəri bu prosesə cəlb edərək balıq ovunu həyata keçirir". Bir sözlə, Etibar Pirverdiyev səlahiyyətinə aid olan işlərdən başqa hər şeyə vaxt ayırır. Bunun acı nəticəsi isə göz qabağındadır. Əldə etdiyimiz məlumatlara görə, Etibar Pirverdiyevlə bağlı cərəyan edən sonuncu hadisələr yuxarılarda müəyyən narazılıqlar yaradıb. Deyilənə görə, ASC rəhbərinin qanunsuz əməllərinin bu şəkildə ictimailəşməsi ciddi narahatlıqla qarşılanıb: "Hazırda yuxarı instansiyalarda "Azərenerji" ASC-nin ləğv olunması, səlahiyyətlərinin isə "Azərişıq" və Energetika Nazirliyi arasında bölüşdürülməsi məsələsi müzakirə olunur. Belə olan təqdirdə Etibar Pirverdiyev işsiz qalacaq. Üstəlik, onun həbs olunması da mümkündür. Buna kifayət qədər əsas var. Çünki "Azərenerji" sədri vəzifədə olduğu müddətdə dövlətin büdcəsinə külli miqdarda ziyan vurub. Bu səbəbdən adıçəkilən məmur qanun qarşısında cavab verməli olacaq".

Geri dön