Ana Sayfa > Üçüncü sektor > Göyçay İnternat Məktəbində anarxiya
Göyçay İnternat Məktəbində anarxiya24-04-2015, 12:00. Yazar: admin |
Qəzetimizin ötən saylarında Göyçay rayon Səməd Vurğun adına İnternat Məktəbində baş verən ciddi qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc olunmuşdu. Qeyd edək ki, həmin materialların hazırlanmasında istinad etdiyimiz məlumatlar redaksiyamıza Göyçay rayonunda olan mənbələr tərəfindən təqim olunmuşdu. Məlumatlarda bildirilir ki, sözügedən internat məktəbində siyahı üzrə 350 nəfərə yaxın şagird təhsil alır.Lakin bu rəqəm yalnız rəsmi hesabat sənədlərində mövcuddur. Əslində isə burada dövlət hesabına gündəlik yeməklə təmin olunan uşaqların sayı 80-100 nəfərdən artıq deyil. Həm də bu şagirdlər məktəbdə yalnız günorta yeməyi ilə təmin olunurlar. Səhər və axşam yeməkləri isə yenə də yalnız hesabat sənədlərində "verilir". Arada yaranan fərq isə bu müəssisənin direktoru Mehman Salmanovun müxtəlif manipulyasiyaları nəticəsində nəğd pula çevrilərək, elə onun özü tərəfindən də mənimsənilir. Ölkənin əksər mətbuat orqanlarının yaydıqları məlumatlarda da vurğulanir ki, Göyçay rayon Səməd Vurğun adına İnternat Məktəbində mütəmadi olaraq çeşidli maliyyə maxinasiyaları həyata keçirilir. Məhz belə materiallardan birində iddia olunurdu ki, M.Salmanov ara-sıra "büdcəsini doldurmaq" məqsədilə birdəfəlik aksiyalara da əl atır. Belə aksiyalardan biri kimi, bir müddət əvvəl internatda təhsil alan uşaqlardan gündə 4 dəfə isti yeməklərlə təmin olunmaları barədə "arayış" alınmasını göstərmək olar. Aydındır ki, bu üsulla məktəbin rəhbərliyi növbəti dəfə müəyyən vəsaitlərin silinməsinə rəvac verib. Digər məlumatda isə bildirilir ki, Səməd Vurğun adına İnternat Məktəbində mövcud olan xoşagəlməz hallardan biri də dərs bölgüsü ilə bağlıdır. Qeyd olunur ki, bir müddət əvvəl aparılan təftiş zamanı burada ibtidai siniflərin çoxunda dərsi başqa müəllimlər dediyi halda, jurnalda adı yazılan şəxsin başqası olduğu üzə çıxıb. Hətta elə siniflər də var ki, onların yalnız adları var, amma özləri yoxdur. Təbii ki, belə siniflərə görə, dövlət büdcəsindən ildə külli miqdarda pul alınır və mənimsənilir. Lakin qeyd olunduğu kimi M.Salmanov dövlət vəsaitlərinin mənimsənilməsi yönümündə ən müxtəlif vasitələr tapmaqda çox mahirdir. Məsələn, bəzi müəllimlərin guya əqli cəhətdən zəif və şikəst uşaqlara evlərdə dərs dediyinə görə, əlavə əmək haqqı yazılır. Daha bir pul silmə əməliyyatı isə bir neçə il bundan əvvəl internata hədiyyə olunmuş texniki avadanlıqların "yoxa çıxması" haqda aktın tərtib olunması ilə reallaşdırılıb. Belə ki, məlumatlara görə, internata əmək dərsləri üçün verilən müxtəlif təyinatlı təmir açarları, tikiş maşınları, dəzgahlar və digər avadanlıqların böyük əksəriyyəti bu aktın pərdəsi altında satılaraq nəğd pula çevrilib. Lakin Mehman müəllim şəxsi mənfəət əldə etmək məqsədilə rəhbərlik etdiyi internat-məktəbin potensialını daima səfərbər etməkdədir. Məsələn, məlum olduğu kimi mövcud qanunvericiliyə görə, valideynlərini itirmiş və az təminatlı ailələrin uşaqlarına dövlət tərəfindən hər ay 20-25 manat məbləğində müavinət verilir. Mehman müəllim isə internatda müavinət alan uşaqların siyahısına daha 10-15 nəfərin adını artırmaqla bu məsələdən də qazanc əldə etməyi bacarıb.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, redaksiyamıza Mehman Salmanovun şəxsi həyatı barədə də birmənalı qəbul olunmayacaq məlumatlar təqdim olunub. Həmin məlumatlardan birində iddia olunur ki, Mehman müəllimin Səməd Vurğun adına İnternat Məktəbində tətbiq etdiyi idarə üsullarını özünün və xüsusən də oğlunun ailəsində bərqərar etmək cəhdləri acınacaqlı nəticələrə səbəb olub. Mənbə bildirir ki, məhz bu səbəbdən yaranmış ailədaxili konfliktlər Mehman müəllimin oğlunun öz həyat yoldaşından boşanması ilə nəticələnib... Geri dön |