Köhnə avtomobillər Bakıdan yığışdırılır
Tarix: 10-02-2015, 14:03 | Çap et
Köhnə avtomobillər Bakıdan yığışdırılır
Avropa Oyunlarına qalan vaxt azaldıqca şəhərin mənzərəsi və bu mənzərəni pozan məqamlar göz önündə canlanır. Millət vəkillərindən Fərəc Quliyev bu kontekstdə Avropa Oyunları ərəfəsində paytaxtdan köhnə avtomobillərin yığışdırılması məsələsini parlamentdə gündəmə gətirib.
ANS TV-nin məlumatına görə, millət vəkili Fərəc Quliyevin fikrincə, istehsal ili köhnə olan maşınların paytaxtdan yığışdırılması ilə həm şəhərin ekoloji durumunu yaxşılaşdırmaq, həm də I Avropa Oyunları zamanı Bakının vizual görüntüsünü tamamlamaq mümkün olacaq.
“İli köhnə olan avtomobillərin sahiblərilə danışılsın. Bu avtomobillər Azərbaycanda istehsal olunan avtomobillərlə əvəz olunması proseduru həyata keçirilsin. Həmin avtomobilin qiyməti və əlavə dəyər ödənilməklə yeni avtomobil verilir”, – deyə millət vəkili Fərəc Quliyev bildirib.
İli köhnə olan avtomobillərin dövlət tərəfindən alınması təcrübəsi Rusiyada tətbiq olunub. Rusiyada 2005-ci ildə avro standartları tətbiq olunan zaman hökumət bu standarta cavab verməyən avtomobillərin əvəzində aşağı faiz kreditlə müasir avtomobillər təklif edirdi.
Eyni təcrübədən qonşu Türkiyədə də istifadə edilib.
Nəqliyyat üzrə ekspert Azər Allahverənovun fikrincə, Azərbaycanda bu mexanizmi həyata keçirmək üçün müəyyən vaxt lazımdır. Dünyada iqtisadi böhranın yaşandığı, büdcəyə qənaət prinsipinin prioritet elan edildiyi bir vaxtda dövlətin köhnə avtomobilləri alıb, vətəndaşlara yeni maşın verməsi hələlik mümkün görünmür.
Bu zaman insanların maraqlarını da nəzərə almaq lazımdır. Xüsusu ilə də köhnə nəqliyyat vasitələrini idarə edən şəxslərin maraqlarına diqqət yetirmək lazımdır. İstənilan halda qarşılıqlı sürətdə hesab edirəm ki, bu məsələ öz həllini tapa bilər. Biz nəticə etibarı ilə 20 gündən bir qədər artıq Bakıda keçiriləcək mötəbər tədbirdə yollarda gərginliyin azaldılmasının şahidi ola bilərik”, – deyə Azər Allahverənov qeyd edib.
“Bakı 2015” Avropa Oyunları ərəfəsində yollarda gərginliyin aradan qaldırılması üçün Dövlət Yol Polisi İdarəsi indidən tədbirlər görməyə başlayıb. Bu tədbirlərə köhnə maşınların şəhərə girişinə məhdudiyyətlərin qoyulması da daxildir. Dövlət Yol Polisi İdarəsi şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, oyunlar zamanı avtomobillər mərkəzi küçələrə müəyyən məhdudiyyətlərlə buraxılacaq.
Bu zaman avtomobillərin texniki vəziyyəti ilə bağlı da məsələ nəzərdən qaçmayacaq. Bu cür təcrübə artıq “Eurovision“ mahnı müsabiqəsi zamanı sınaqdan keçirilib. İdarə bu məsələ ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net