Ana Sayfa > Xəbər > “Son məqsədimizə çatanadək mübarizə aparacağıq”

“Son məqsədimizə çatanadək mübarizə aparacağıq”


24-11-2015, 13:22. Yazar: admin
“Son məqsədimizə çatanadək mübarizə aparacağıq”
Suriyada hərbi-siyasi vəziyyət gün-gündən kəskinləşir. Rusiyanın müdaxiləsindən sonra isə hadisələr daha acınacaqlı hal alıb. Maraqlıdır ki, rusların havadan bombardmanlarla dəstəklədiyi Əsəd rejiminin əsgərlərinə İran və “Hizbullah”ın timsalında Livan yerüstü əməliyyatlarda canlı qüvvə ilə kömək edir. İlk gündən deyirdilər ki, guya məqsədləri İŞİD-i məğlub etməkdir. Amma təsadüfi bombardmanları çıxsaq, Rusiya qırıcıları yalnız Suriya müxalifətini və bu qrupun çətiri altında mövqe tutan türkmən xalqını hədəf seçib. Türkmənlərin sıx yaşadığı və Türkiyə ilə həmsərhəd olan strateji əhəmiyyətli Bayırbucaq gecə-gündüz bombalanır. Məlumatlara görə, çox sayda ölən və yaralananlar var, əsasən qadın və qocalardan, uşaqlardan ibarət minlərlə türkmən isə müharibənin od-alovundan qurtulmaq üçün canlarını götürüb, Türkiyə sərhədinə üz tutub. Əlbəttə, türkmən oğulları yenə də Əsəd-Rusiya-İran üçlüyünün qoşunları ilə mərdliklə savaşır. Bəs bu proses nə qədər uzanacaq, kimsə türkmənlərə kömək etməyəcəkmi? Sərhəd bölgəsində səfərdə olan Suriya Türkmən Məclisinin sədri Abdurrahman Mustafa ilə danışıb, söhbətləşmək imkanım bir az çətin olsa da, əziz dostum Miray Vurmay Güzəlin yaxından köməyi ilə istəyimə nail oldum. Baxaq, görək cənab Mustafa bizə nələr deyir…
- Əsəd rejiminin hərbi qüvvələri Rusiya qırıcılarının havadan verdiyi dəstəklə Bayırbucaq bölgəsinə şiddətli hücumları ara vermir. Amma bütün bunlara baxmayaraq, qorxubilməz türkmən döyüşçüləri torpaqlarının müdafiəsi naminə mətanətlə vuruşaraq rejim ordusunu irəliləməyə qoymurlar. Bir şeyi də vurğulayım ki, Bayırbucaq bölgəsi Türkiyə sərhədlərinin o tayında yerləşir. Bura rəsmi bölgüdə Lazkiyə vilayətinin ərazisidir və türkmənlər orada əhalinin böyük hissəsini təşkil edirlər. Hətta demək olar ki, bütün kəndlərdə yaşayırlar. Artıq iki həftədir bu bölgə sürəkli olaraq Rusiyadan dəstək alan Əsəd güclərinin atəşi altındadır. Xüsusilə də bölgənin güneyindəki Gimam kəndini hədəf alaraq başlayan hücumlar dörd gündür Bayırbucaqdakı Acısu, Fırınlıq və Qızıldağ rayonlarında davam edir. Rusiya təyyarələri bu ərazilərə durmadan havadan bomba yağdırır. Aldığımız məlumatlara görə, çox sayda şəhid və yaralılarımız var.


- Bəllidir ki, Əsəd rejimi tərəfində Rusiya, İran və Livan “Hizbullah”ı döyüşür. Bəs bu ağır vəziyyətində türkmənlərə kimsə dəstək verirmi? Yalansa, doğru olsun, deyirlər çeçenlər, dağıstanlılar, əfqanlar, hətta ərəblər könüllü şəkildə Bayırbucağın müdafiəsi naminə türkmənlərin köməyinə gəliblər, bunlar doğrudurmu?


- Məlumat üçün deyim ki, Bayırbucaq bölgəsində türkmənlərin II Sahil Ordusu yerləşir. Bölgənin geopolitik mövqeyi son dərəcə strateji və həssasdır. Türkmən döyüşçülər onsuz da Azad Suriya Ordusunun çətiri altında birləşib. O ki qaldı kimlərinsə köməyinə, əlbəttə, müxtəlif zamanlarda hər hansı formada yardımlar gəlir. Amma ümumən götürsək, bölgənin müdafiəsi naminə özümüz təkbaşına döyüşürük.


- Şəxsi qənaətimə görə, türkmənlərə qarşı edilən hər bir təcavüz və təxribatın, lap elə indiki hücumların ana məqsədi Türkiyəni müharibəyə sürükləməkdir. Amma bildiyim qədər Türkiyə açıq savaşa qatılmasa da, Bayırbucaq türkmənlərinə silah-sursat yardımı göstərir. Məhz bu yardımların nəticəsidir ki, Əsəd qüvvələri Rusiya və İran kimi ölkələrdən dəstək almalarına baxmayaraq, irəliləyə bilmirlər. Bu barədə nə deyərdiniz?


- Biz onsuz da qeyd-şərtsiz Türkiyədən aldığımız hərtərəfli dəstəyin sayəsində bu günədək dözüb, ayaqda dura bilmişik. Türkiyə istənilən formada türkmənlərin ehtiyaclarını ödəməkdədir. Bölgəmizi, yaşadığımız torpaqları kiməsə vermək niyyətimiz yoxdur. Türk üçün vətən torpağı namus sayılır. Yəni biz torpağımızı, namusumuzu qoruyuruq. Türkmən dağı düşmənə təslim olmayıb və inşallah olmayacaq da – biz buna imkan verməyəcəyik. Biz bu amansız müharibədə öz haqqımızın nə olduğunu başa düşürük və mübarizəmiz son nəfərimiz qalana qədər davam edəcək.


- Türkmən xalqı olaraq Türkiyənin sizləri müdafiə etmək məqsədilə Suriya sərhədini keçməsini istəyirsiniz, yoxsa Ankaranın müharibə çamuruna girməsinə qarşısınız? Lütfən, şəxsən özünüzün və xalqınızın bu qarışıq məsələyə dair mövqeyini bildirin...


- Türkiyə çox böyük, qüdrətli dövlətdir və nə edəcəyini, hansı qərarı qəbul edəcəyini özü bilər. Türkiyə onsuz da təbii olaraq sərhədlərinin təhlükəsizliyini təmin eləmək üçün zəruri addımları atır.


- Maraqlıdır, türkmənlərin yaşadığı bölgədə gedən müharibə ilə bağlı Türkiyə və ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası arasında hər hansı məşvərət olubmu?


- Biz Qərbdən, o cümlədən, ABŞ-dan hər hansı kömək almamışıq. Yeganə müdafiəçimiz Türkiyədir və onun köməyinə arxalanırıq.

- Rusiya və İran dəstəkli hücumlar başlayandan bu günədək sizinlə digər Suriya türkmən partiya, quruluş rəhbərləri arasında mövcud vəziyyətlə bağlı müzakirələr olubmu, oturub çıxış yolu axtardınızmı, müharibənin gedişatına təsir göstərəcək dövlətlərin təmsilçiləri ilə məsləhətləşdinizmi?


- Açığını desək müharibə başlayan gündən hücumlarla üz-üzəyik. Yəni indiki Bayırbucağa qarşı davam edən hücumlar bizim üçün yeni deyil, artıq öyrəncəliyik. Rəhbəri olduğum təşkilat isə, adından da göründüyü kimi, Suriya Türkmən Məclisidir. Məclis də öz növbəsində bir evin – millətin damıdır. Hazırda dediyiniz bütün türkmən partiya və təşkilatları məhz bizim məclisin damı altında birləşib.

- Bir zamanlar Türkiyədə sərhədin o tayında təxminən 98 kilometrlik məsafədə müharibəsiz, bitərəf bölgə yaratmağı düşünürdülər və bu müstəvidə Qərblə mütəmadi müzakirələr aparılırdı. Bu gün həmin məsələ yenə masadadır, yoxsa ABŞ-dan dəstək ala bilmədiyi üçün arxivə atılıb?

- Qeyd etdiyiniz bölgə Hələb ətrafında yerləşir. Həmin plana əsasən, Azezlə Herablus arasında qalan 98 kilometrlik bölgənin terrordan uzaq saxlamaq nəzərdə tutulur və bu müstəvidə həm Türkiyə, həm də türkmənlər olaraq biz 2012-ci ildən bəri mövqeyimizdə israr edirik. Bu gün isə gündəmə gətirilən bölgə Bayırbucaqdır. Eləcə də Azezlə Herablus arasında “Təhlükəsiz bölgə” yaratmaq tələbimiz davam edir. Yeri gəlmişkən, adıçəkilən bölgədəki hərbi qüvvələrimiz də mövqeyimizdən xəbərdardırlar və zərurət yarandıqca lazımi addımlarını atırlar. Məsələn, iki gün əvvəl bölgədəki qüvvələrimizdən olan Sultan Murad Alayı iki türkmən kəndini İŞİD-in əlindən geri alıb. Özü də hərbi əməliyyatlar Türkiyə və ABŞ təyyarələrinin müşayiəti ilə aparılıb və hücum prosesi davam etməkdədir.

- Bir məsələyə aydınlıq gətirin: Suriya ilə bağlı beynəlxalq güclərin son qərarı nə oldu: Əsədin iştirakı ilə keçid planı qəbul ediləcək, yoxsa dövləti yenidən qurmaq səlahiyyətləri Azad Suriya Ordusunun timsalında müxalifətə veriləcək və bu prosesdə siz türkmənlərin haqqı tanınacaqmı?


- Danışıqlar prosesi davam etdirilir və indiyədək ortada hər hansı qəti qərar yoxdur. Amma Suriya Türkmən Məclisinin mövqeyi bu məsələdə qətidir. Biz yeni qurulacaq Suriyada hüquqları qanunla tam təsbit edilmiş xalqlarından biri olacağıq. Həm də bu istiqamətdə konstitusiyada hüquqlarımızın təsbit olunması məqsədilə sonadək mübarizə aparacağıq. İstər danışıqlar masasında, istərsə də döyüş meydanında təbii haqqımızı əldə edənədək sakitləşməyəcəyik.


- Yaxın vaxtlarda Suriya türkmənləri ilə bağlı nə kimi qərarların qəbul ediləcəyini düşünürsünüz və ümumiyyətlə, Bayırbucağın gələcək statusunu necə görürsünüz?


- Yenə deyirəm, biz istənilən sahədə mübarizəmizi davam etdirəcəyik. İstər Bayırbucaq olsun, istər Hələb, istərsə də digər türkmən bölgələri, hər yerdə təməl haqlarımız uğrunda mübarizə aparacağıq və son məqsədə çatanadək bu proses gedəcək...

Geri dön