Ana Sayfa > Xəbər > Vətəndaşlar telefonlarına qulaq asıldığını necə müəyyən edə bilər? - Ekspert rəyləri

Vətəndaşlar telefonlarına qulaq asıldığını necə müəyyən edə bilər? - Ekspert rəyləri


18-11-2015, 17:07. Yazar: admin
Vətəndaşlar telefonlarına qulaq asıldığını necə müəyyən edə bilər? - Ekspert rəyləri
Son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də sadə vətəndaşların və vəzifəli şəxslərin telefonlarının dinlənilməsi hallarıdır.

Hüquq-mühafizə orqanları hansı halda şəxslərin danışıqlarını izləyə bilər? Telefonu dinlənilən fərd hansısa bir vasitə ilə bunu müəyyən edə bilərmi? Ümumiyyətlə, telefonlara qulaq asan qurum nə qədər əməkdaşdan istifadə edir?

Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovnik-leytenantı İlham İsmayılın bildirdiyinə görə, dinləmələr məhkəmə qərarından sonra həyata keçirilməlidir:

“Bu haqda respublikada xüsusi qanun var. Burada konkret olaraq göstərilib ki, cinayət hadisələrinin qarşısını almaq üçün məhkəmənin qərarı ilə dinləmələr həyata keçirilə bilər. Mövcud qanuna 12 dəfə dəyişiklik edilib. Milli Təhlükəsizlik Nazirliyi qanunlar çərçivəsində telefon dinləmələri həyata keçirə bilər. Onlar təkcə ev telefonlarını deyil, mobil telefonlara da qulaq asmaq səlahiyyətinə malikdirlər. Həmin rabitə qurumları da öz növbəsində MTN-ə bu yöndə yardım etməlidir. Təhlükəsizlik orqanı da öz növbəsində əsaslandırılmış formada qulaq asmaq istədiyi obyekt haqda məlumat verməlidir. Bu dinləmələr əsasən cinayət hadisəsinin qarşısını almaq üçün həyata keçirilir. Mühüm olan odur ki, qulaqasmalar qanuni formada olsun.

İnsanların telefon danışıqlarına qulaq asmaq üçün hazırkı məqamda elə də çox işçi heyətinə ehtiyac da yoxdur. Bu gün əsas işi texnologiya görür”.

Ekspertin sözlərinə görə, vətəndaşlar şəxsi imkanlarından istifadə edib, dinlənib-dinlənmədiklərini müəyyən edə bilməzlər:

"Əgər insanlar bunu biləcəklərsə, onlar telefon danışıqlarından az istifadə edərlər. Xüsusən də cinayət törətmək istəyən şəxslər. Sistem elə qurulub ki, fərdin telefonuna qulaq asıldığı zaman onun heç nədən xəbəri olmur”.

Digər ekspert, Milli Təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər də dinləmələrin qanunla tənzimləndiyini bildirdi:

“Kimliyindən asılı olmayaraq, hər hansı bir şəxsin telefonuna qulaq asmaq istəyən orqan mütləq ilk növbədə məhkəmədən razılıq almalıdır. Bu hal qanunvericilikdə öz əksini tapıb”.

Sülhəddin Əkbərin sözlərinə görə, şəxslər yalnız xüsusi metodikadan istifadə edərək, telefonlarına nəzarət olunduğunu anlaya bilərlər.


“Əgər dinləmələr xüsusi vasitədən istifadə olunaraq aparılırsa, bunu müəyyən etmək çox çətin məsələdir. Fərd yalnız xüsusi metodikadan istifadə edə bilərək bunu müəyyən edə bilər. Həmin vasitələrə çıxış isə əksər vaxt MTN əməkdaşlarının nəzarəti altında olur”.

Ekspertin sözlərinə görə, qurum gördüyü işin miqyasına uyğun formada işçilərlə əməkdaşlıq edir:

“ABŞ-da dinləmələri həyata keçirən xüsusi orqan var. Onlar insanlara və vəzifəli şəxslərə bütün dünyada qulaq asırlar. Hətta vikipediyada da özləri haqda məlumat yerləşdiriblər. Onlar qeyd ediblər ki, 30 min əməkdaşı var. Mənim fikrimcə, onların işçiləri qeyd olunan rəqəmdən daha çoxdur. Dünyanın istənilən xüsusi xidmət orqanı, gördüyü işin miqyasına uyğun formada işçilərlə əməkdaşlıq edir”.

Geri dön