Ana Sayfa > Xəbər > “Lusik Abovyan düşmən əlindəki girovlarımızla dəyişdirilməli idi”
“Lusik Abovyan düşmən əlindəki girovlarımızla dəyişdirilməli idi”16-11-2015, 11:32. Yazar: admin |
Məlum olduğu kimi, noyabrın 8-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Lusik Abovyan noyabrın 11-də Ermənistana qaytarılıb. Azərbaycan tərəfinin erməni qadını heç bir şərt irəli sürmədən, təmənnasız şəkildə geri qaytarması cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, Dilqəm Əsgərovun, Şahbaz Quliyevin, eləcə də Qarabağ müharibəsinin gedişində girov götürülən minlərlə vətəndaşımızın hələ də erməni əsirliyində min cür işgəncəyə məruz qaldığını əsas gətirən bəzi şəxslər, L.Abovyanın bu əsirlərdən biri ilə dəyişdirilməsinin daha məntiqli ola biləcəyi qənaətindədir. Onların fikrincə, minlərlə vətəndaşımızın erməni əsirliyində qaldığı bir zamanda erməni girovun təmənnasız olaraq geri qaytarılması yanlış və milli maraqlara zidd olan addımdır. Məsələ ilə bağlı “Hürriyyət” qəzeti və Moderator.az-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, erməni qadının əsirlikdəki soydaşlarımızla dəyişdirilməsi məsələsi ortaya qoyulmalı, bu istiqamətdə səy göstərilməli idi. QAT sədri hesab edir ki, erməni kimi məkirli və qəddar bir düşmənə humanistlik göstərmək lüzumsuz və yanlış bir addımdır: “Hesab edirəm ki, həmin erməni bizim düşmən əlindəki girovlarımızla dəyişdirilməli idi. Ən azından belə bir təşəbbüs ortaya qoyulmalı idi. Erməni kimi məkirli düşmənə qarşı hər hansı humanist addımın atılması düzgün deyil. Bu cür hiyləgər və qəddar düşmənə qarşı atılan humanist addımı, bunun mahiyyətini başa düşə bilmirəm. Dilqəm və Əsgəri heç nəyin üstündə həbs ediblər və bir ildən çoxdur ki, girov saxlayırlar. Azərbaycan əsilli Gürcüstan vətəndaşı Turqay Mikayılov da 3 aydan çoxdur ki, erməni girovluğundadır. O, Ermənistan və Gürcüstan sərhəddində təsadüfən dumanda azaraq erməni tərəfinə keçib və ermənilər onu tutub. Onun üzərində məhkəmə qurur, bu məhkəməni təxirə salır, özlərindən min cür oyun çıxardırlar. Biz bununla bağlı məsələni bir neçə dəfə gündəmə gətirmişik, Gürcüstan səfirliyi qarşısında aksiya keçirdik. Gürcüstana gedən bizim nümayəndə heyəti onun ailəsinə də baş çəkdi, ailə üzvləri ilə görüşdü. T.Mikayılovun geri qaytarılması istiqamətində Gürcüstan hökuməti ciddi addım atmır. Ermənilər isə bu cür məqamlardan maksimum yararlanmağa çalışırlar. Belə olan halda ermənilərə qarşı hansısa humanist addım atmaq düzgün deyil. Əsir düşən kimdir, qadındırmı-kişidirmi, qocadırmı-canadırmı – bunu mətləbə dəxli yoxdur. Azərbaycan tərəfi də onun üzərində məhkəmə qura, şou yarada bilərdi. Bu, T.Mikayılovun azıb erməni tərəfə keçməsi ilə oxşarlıq təşkil edən bir hadisədir. Azərbaycan tərəfi əlinə düşən fürsətlərdən maksimum yararlanmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi həmin ermənini geri qaytarmaqla düzgün addım atmadı”. Geri dön |