Ana Sayfa > Xəbər > Maliyyə amnistiyası ölkəni xilas edə bilər

Maliyyə amnistiyası ölkəni xilas edə bilər


12-11-2015, 15:24. Yazar: admin
Maliyyə amnistiyası ölkəni xilas edə bilər
Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ölkədən pulların xaricə çıxarılmasına qadağa qoyulmasını təklif edib. Qalmaqallı siyasətçi bu sözləri Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun müflis olmasına münasibət bildirərkən deyib.

Vladimir Jirinovski oliqarxların pullarını xaricə çıxarmasına qadağa qoyulmasının vacib olduğunu deyib. Onun fikrincə, oliqarxların pullarını xaricə daşıması iqtisadiyyata zərər vurur.

Vladimir Jirinovski buna misal olaraq, Telman İsmayılovu göstərib və onun 1.5 milyard dollara Türkiyədə tikdirdiyi otelinin müsadirə olunaraq, hərracda cəmi 128 milyon dollara satılmasını xatırladıb.

Onun sözlərinə görə, müflis olan Telman İsmayılov "Mardan Palace" otelini türklərə demək olar ki, havayı satıb: “Moskvada qazandığı pulları Rusiyadan çıxardı, müflis oldu və özünün əsas aktivini türklərə az qala müftə verməli oldu. Faktiki olaraq, biz bütün bu yüz milyonlarla dolları qonşu ölkəyə verdik"

Belə halların qarşısını almaq üçün LDPR lideri təklif edib ki, vəsaitlərin xaricə çıxarılmasına ciddi məhdudiyyətlər qoyulsun, ancaq konkret müqavilələrdə göstərilmiş məbləğlərin xərclənməsinə icazə verilsin.

Bu məlumat yenidən Azərbaycanlı investorların xaricdəki pullarının ölkəyə gətirilməsi məsələsini gündəmə gətirir. Azərbaycanın maliyyə gəlirlərinin azaldığı, ölkənin iqtisadi böhran yaşadığı bir müddətdə xaricdəki investisiyaların ölkəyə gətirilməsinə ehtiyac var. Lakin iş adamlarının maliyyə gəlirlərinin mənbəyinin bir çox hallarda qeyri-leqal olması onları bu addımı atmaqdan çəkindirir.

Bunun üçün ekspertlər maliyyə amnistiyasının verilməsini vacib sayır. Bu yolla xaricdəki investorlar yatırımlarını ölkəyə gətirər və bu da ölkəyə daxil olan pulların artması, vergi ödəmələrinin çoxalması, əlavə iş yerlərinin açılması ilə nəticələnər.

Qeyd edək ki, maliyyə amnistiyası gizli iqtisadiyyatın leqallaşması üçün atılan addımlardandır. Geniş mənada bu, gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusu deməkdir.

Son zamanlar mətbuatın gündəmində olan bu məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov da təsdiqlədi ki, ölkənin hazırki iqtisadi durumunda maliyyə amnistiyasının verilməsi olduqca vacibdir: "Mən maliyyə amnistiyasının verilməsinin tərəfdarıyam. Hazırda buna ehtiyac var. Gürcüstan təcrübəsi göstərir ki, maliyyə amnistiyasının tətbiq olunması vergi daxilolmalarını artırır. Bu baxımdan, maliyyə amnistiyasının verilməsi eyni zamanda büdcə gəlirlərinin artırılması baxımından da vacibdir. Bu, həm də iqtisadiyyatda münasibətlərin liberallaşmasına, daha sivil münasibətlərin bərqərar olmasına imkan verir. Maliyyə amnistiyasının verilməsi investisiya qoyuluşlarının artırılması baxımında da vacibdir.

Düzdür, Azərbaycanda investisiya qoyuluşları zamanı həmin maliyyənin mənbəyi soruşulmur. Ancaq bütün hallarda, maliyyə amnistiyası olmadığı üçün investisiya mənbələri ilə bağlı investorlarda narahatlıq yaranır. Maliyyə amnistiyası olarsa, investor əmin olar ki, o yatırım edən zaman onun pulu haradan qazanması və maliyyə mənbələri ilə bağlı heç nə soruşulmayacaq. Maliyyə amnistiyası həm də imkan verəcək ki, investorlar ehtiyatlanmadan öz investisiyalarını ölkə iqtisadiyyatına yönəltsinlər. Bu zaman hətta evlərdə yatmış pullar belə, investisiya şəklində iqtisadiyyata yönələcək".

V.Bayramovun fikrincə, Azərbaycanda maliyyə amnistiyasının verilməsi eyni zamanda korrupsiyaya qarşı mübarizə baxımından da vacibdir: "Nəzərə alsaq ki, ölkədə son zamanlar şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə məsələsi xeyli aktualdır. Xüsusən də, sahibkarlara müdaxilələrin aradan qaldırılması istiqamətində addımlar atılır. Bu baxımdan, amnistiya imkan verəcək ki, korrupsiyaya qarşı mübarizə güclənsin.

Digər ölkələrin təcrübəsini də nəzərə alsaq, maliyyə amnistiyasının verilməsi məqsədəuyğundur. Xüsusən də, dünya bazarında neftin qiymətinin aşağı düşməsini nəzərə alsaq, maliyyə amnistiyası dövlət gəlirlərinin artmasına, investisiya qoyuluşlarının çoxalmasına və korrupsiyaya qarşı mübarizənin güclənməsinə səbəb ola bilər".

Ekspert həmçinin sahibkarlar üçün sərbəst iqtisadi mühitin yaradılmasının vacibliyini də qeyd etdi: "Xaricdəki pulların ölkəyə gətirilməsi dedikdə, bunun bir qismi ARDNŞ-ə məxsus vəsaitlərdir ki, bunun maliyyə amnistiyasına aidiyyatı yoxdur. Ancaq xaricdəki investorlar müxtəlif ölkələrə yatırımlar ediblər. Məsələn, Mərkəzi-Şərqi Avropa ölkələrinə investisiya qoyanlar çoxdur. Türkiyədə də azərbaycanlı investorlar kifayət qədərdir. Düzdür, bunun birbaşa maliyyə amnistiyası ilə əlaqəsi yoxdur. Burada söhbət xaricdəki investisiyaların ölkəyə gətirilməsindən daha çox, sahibkarla sərbəst şəkildə bizneslə məşğul olmaq imkanlarının yaradılmasından gedir".

Geri dön