Ana Sayfa > Xəbər > İmam Əlinin “Zülfüqar” qılıncı haqqında doğru bildiyimiz yanlışlar...
İmam Əlinin “Zülfüqar” qılıncı haqqında doğru bildiyimiz yanlışlar...6-04-2015, 16:00. Yazar: admin |
İslamda ədalətin rəmzi sayılan, müqəddəs hesab olunan dini əşyalardan biri də İmam Həzrəti Əlinin qılıncı “Zülfüqar”dır. İnsanlarda “Zülfüqar” qılıncı ilə bağlı ən geniş yayılmış təsəvvürlər onun haçauclu olmasıdır. Bu gün də “Zülfüqar” qılıncı rəmzi olaraq, hazırlanan suvenirlərdə, bəzək əşyalarında ikihaçalı qılınc kimi təsvir olunur. Ancaq əslində, bu təsəvvür də doğru bildiyimiz yanlışlar sırasına daxildir. “Zülfüqar” qılıncının yaranması və Həzrəti Əliyə necə çatması haqqında da müxtəlif hədislər mövcuddur. Bəs, əslində İslama həyat verən bu qılıncın tarixçəsi necədir və hazırda harada saxlanılır? Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli musavat.com-a müsahibəsində bildirdi ki, Həzrəti Əlinin qılıncı “Zülfüqar” haqqında müxtəlif hədislər mövcuddur, ancaq günümüzə qədər gəlib çatan məlumatların bir qismi yanlışdır: “Zülfüqar” haqqında tarixdə mövcud olan hədislərdən biri odur ki, həmin qılıncın düzəldildiyi dəmir Həzrəti peyğəmbərə qeyri-adı yolla, mələk vasitəsilə verilib. Peyğəmbərimiz isə ondan iki qılınc düzəltdirib, biri özündə qalıb, digərini isə İmam Əliyə hədiyyə edib. Digər bir tarixi mənbədə isə qeyd olunur ki, “Zülfüqar” qılıncı adi bir dəmirdən düzəldilib və iki ədəd hazırlanıb. Həzrəti peyğəmbər bunlardan birini özünə götürüb, digərini isə Həzrəti Əliyə verib. “Zülfüqar”ın ucunun iki haçadan ibarət olması tarixi mənbələrdə təsdiqini tapmır. İnsanlar arasında bu qılınc haqqında haçauclu olması təsəvvürü yayılsa da, əslində, belə olmayıb, adi bir qılınc olub. “Zülfüqar” sözünün mənası “ikifəqərəli” deməkdir. Yəni, bir dəmirdən iki qılınc düzəldildiyi üçün iki hissəli qılınc kimi tanınır. Tarixi baxımdan, “Zülfüqar”ın qeyri-adi quruluşa malik olduğu təsdiqlənməyib. Əslində, o cür bir qılıncla döyüşmək də çətindir. Sonradan bu cür rəvayətlər yaranıb, ancaq həqiqəti əks etdirmir. Həzrəti Əli “Xəndək” döyüşündə “Zülfüqar” qılıncı ilə düşməni məğlub edən zaman peyğəmbərə Cəbrayıl tərəfindən nazil olub ki, “Əlidən güclü fateh, “Zülfüqar”dan kəskin qılınc yoxdur”. “Zülfüqar”ın hazırda harada saxlanılmasına gəlincə, ilahiyyatçı bildirdi ki, həmin qılınc hazırda 12-ci imam Mehdidədir: “Məhəmməd Peyğəmbər (ə) o qılıncı Həzrəti Əliyə bağışlayıb, ondan sonra qılınc İmam Həsənə, daha sonra İmam Hüseynə və imamət əlaməti kimi digər imamlara ötürülüb. İndi isə imamət rəmzi kimi “Zülfüqar” 12-ci imamdadır. Tarixi mənbələrdə belə qeyd olunur”. İlahiyyatçı “Zülfüqar”ın İstanbulda Topqapı sarayında saxlanılması haqqında iddiaların tarixi əsasının olmadığını bildirdi: “Bu muzeydə və başqa hansısa muzeylərdə saxlanılan qılıncın “Zülfüqar” olması öz təsdiqini tapmayıb. “Zülfüqar” qılıncı imamət rəmzi kimi hazırda 12-ci imam Mehdidədir. Qılıncın ölçüsü ilə bağlı konkret hədis yoxdur. Ancaq çox şişirdilmiş məlumatlar da yayılır. Bu çox qeyri-adi ölçü və çəkidə bir qılınc olmayıb. Sadəcə, çox kəsərli bir qılınc olub, Həzrəti Əli İslamın müdafiəsini bu qılıncla həyata keçirib. Bu qılınc haqqında peyğəmbər tərəfindən “Əlidən güclü fateh, Zülfüqardan kəskin qılınc yoxdur” ifadəsinin işlənməsi də onu dəyərini göstərir. Ancaq görünüşcə qeyri-adi bir qılınc olmayıb. “Zülfüqar” qılıncı ədalət rəmzi olaraq, ədəbiyyatda işlədilir. Bu qılıncı rəmzi ifadə edən suvenirlər də hazırlanır, insanlarda saxlanılır. Təbii ki, insanlar buna tapınmır, səcdə eləmir. Sadəcə, bu, müəyyən dəyərləri, ədaləti, şücaəti simvolizə edir”. Geri dön |