Ana Sayfa > Xəbər > İrəvanın “arxasında” olan Kremlin yanında necə olaq?

İrəvanın “arxasında” olan Kremlin yanında necə olaq?


11-11-2015, 11:08. Yazar: admin
İrəvanın “arxasında” olan Kremlin yanında necə olaq?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da İrəvana səfəri zamanı Ermənistanın arxasında Rusiyanın dayandığını açıq şəkildə bəyan edib. Bir sıra siyasi təhlilçilərin fikrincə, Lavrovun bu bəyanatı Azərbaycana da bir mesaj sayılmalıdır. Lavrovun açıqlamasından belə bir nəticə çıxarılmalıdır ki, Azərbaycan Rusiyaya nə qədər yaxınlaşsa da, Rusiya Ermənistanın arxasından çəkilməyəcək, işğalçı ölkəni yalnız buraxmayacaq.

Politoloq Qabil Hüseynli isə belə hesab edir ki, Sergey Lavrovun budəfəki bəyanatının arxasında bir sıra mətləblər dayanır: “Bəllidir ki, Lavrov qanı ilə ermənilərə bağlıdır, onun ermənilərə məhəbbəti aydındır. Ona görə də Rusiya hökumətində ermənilərin əsas müdafiəçisi məhz Lavrovdur. Hər fürsətdə Lavrov ermənilərə yaxın olduğunu ifadə edir.

Ancaq onun İrəvana son səfərində verdiyi həmin açıqlama Qarabağ probleminin həlli ilə bağlı məsələdir. Rusiya Dağlıq Qarabağın ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılması üçün Ermənistana təsir göstərmək istəyir. Rəsmi İrəvan buna getmək istəmir. Məncə, Sergey Lavrovun İrəvan səfərində Ermənistan rəhbərliyi ilə danışıqlarda çaşqınlıq yaradan situasiyalar olub. Bu situasiyanı malalamaq, eyni zamanda rəsmi İrəvana “arxanızda biz varıq, Rusiya arxanızdan çəkilsə, vəziyyətiniz yaxşı olmayacaq” mesajı verilib. Şübhəsiz ki, Ermənistana arxa durmaq Rusiyanın xarici siyasətinin ana xətlərindən biridir. Özü də bunun tarixi kökləri çox əvvəllərə gedib çıxır. Lakin bunu Lavrovun indi nümayişkaranə şəkildə dilə gətirməsinin arxasında yeni məqamların olması istisna deyil. İrəvanın nəzərinə çatdırılıb ki, o, münaqişənin tənzimlənməsində müstəqil oyunçu deyil və arxasında dayanan “böyük qardaşı”nın diktəsi ilə hərəkət etməlidir".

Politoloq onu da dedi ki, Rusiya Avrasiya İqtisadi İttifaqına Azərbaycanın daxil olmasını istəyir. Azərbaycanla həm bu barədə, həm də Qarabağ məsələsi ilə bağlı danışıqlar xeyli vaxtdır gedir. Hər dəfə də Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların bu gün-sabah qaytarılacağına nail olacağı haqda vədlər verir. Rəsmi Bakıdan Rusiyaya mesajlar verilir ki, verdiyi vədləri yerinə yetirməyin vaxtıdır, bu vədlər yerinə yetirilsə, biz də Avrasiya İqtisadi İttifaqı ilə bağlı verdiyimiz vədləri yerinə yetirməyə hazırıq: “Bunlar mənim ehtimallarımdır və düşünürəm ki, Lavrov Putinin Qarabağ məsələsi ilə bağlı ismarışlarını, istəyini İrəvana çatdırıb. Ermənilərin könlünü almaq üçün isə onların arxasında Rusiyanın dayandığını dilə gətirib. Əslində isə məncə, bu dəfə bəyanatın arxasında ermənilərə o qədər də xoş olmayan ciddi mətləblər dayanır.

Geri dön