Ana Sayfa > Xəbər > “AMAY Abdulla"nın məhkəməsində “Texnikabank”ın nümayəndəsi dindirilib

“AMAY Abdulla"nın məhkəməsində “Texnikabank”ın nümayəndəsi dindirilib


6-04-2015, 15:00. Yazar: admin
 “AMAY Abdulla"nın məhkəməsində “Texnikabank”ın nümayəndəsi dindirilib
Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” MMC-nin rəhbəri, tanınmış biznesmen Abdulla Abdullayevin işi üzrə proses davam edib.

Vəkil Əkbər Bağırov Modern.az saytına bildirib ki, prosesdə “Xudafərin” MMC-nin işi ilə bağlı zərərçəkən şəxs kimi tanınan doqquz nəfər dindirilib: “İclasda həm hakim, həm də mən Abdulla Abdullayevə qarşı şikayət və tələbinin olub-olmadığını soruşduq. Onlar özlərini zərərçəkən hesab etmədiklərini, Abdulla Abdullayevə qarşı heç bir tələb və şikayətlərinin olmadığını, məhkəməyə müraciət etmədiklərini, idarəyə çağırıldıqlarını bildirdilər. “Xudafərin” MMC-dən aldıqları evləri təmir etdirib yaşadıqların bildirdilər”.

Əkbər Bağırov əlavə edib ki, prosesdə iş üzrə zərərçəkən kimi adı keçən “Texnikabank”ın nümayəndəsinin dindirilməsi davam edib: “Texnikabank” 2010-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib. Hesab edirik ki, bu, müqavilə öhdəliklərindən irəli gələn öhdəlikdir. Buna görə də mülkü qaydada məhkəməyə müraciət olunmalı idi. Çünki müqavilədə nəzərdə tutulub ki, tərəflər öhdəlikləri yerinə yetirmədikdə mülkü qaydada qanunvericiliyin tələbinə uyğun həll olunur. Əsas sual ondan ibarət oldu ki, nəyə görə mülkü qaydada məhkəməyə müraciət olunmayıb? Bank nümayəndəsi bildirdi ki, biz belə hesab etmişik, bir çox suallara da cavab verə bilmədi.

Kreditlərin alınması ilə bağlı danışıqların kimlərin arasında aparıldığını soruşdum. Bildirdi ki, faktiki danışıqların kimlər arasında getdiyi barədə məlumatsızdır, ancaq bank sənədlərində müraciət olunduğu və həmin firmalara kreditlər ayrıldığı görünür.

Onun nəzərinə çatdırdıq ki, qanunvericiliyin tələbi başqadır, ipoteka ilə təyin olunmuş öhdəlik başqa. Ümumiyyətlə mülkü öhdəliyə görə ancaq mülkü qaydada məhkəməyə müraciət etmək lazımdır. Növbəti proses aprelin 7-nə təyin olunub”.

Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub və barəsində həbs qətimkan tədbiri seçilib. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsi onun həbsinin bu il fevralın 4-dək uzadılması haqda qərar qəbul edib.

Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir.

İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Geri dön