Ana Sayfa > Xəbər > "Azərbaycan tezliklə televiziya sahəsində öz sözünü deyəcək"
"Azərbaycan tezliklə televiziya sahəsində öz sözünü deyəcək"6-11-2015, 16:13. Yazar: admin |
Hər il noyabrın 6-sı Azərbaycanda Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bu haqda fərmanın altında isə 1992–ci il mayın 5-də o zaman prezident vəzifələrini icra edən Yaqub Məmmədovun imzası durur. Bu gün isə biz Azərbaycanın və Cənubi Qafqazın ilk xəbər kanalı olan "Türkel TV"nin (TTV- T.T) baş direktoru Nadir Şəfiyevlə onun bu sahədə çalışdığı ilk dövrlərlə müqayisədə yeni nəsil telekanallarımızı müzakirə etdik. Aradakı zaman kəsiyində dəyişən və dəyişməyən nüanslara nəzər saldıq. Qeyd edək ki, Nadir Şəfiyev 1993-cü ildən Azərbaycan Dövlət Televiziyasında işləyib. Ştatdankənar müxbir vəzifəsindən başlayaraq, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. "Sara" müstəqil teleradio şirkətində xəbərlər departamentinin qurucusu və direktoru olub. Azərbaycan İctimai televiziyası yaradılanda xəbərlər departamentinin qurulmasında birbaşa iştirak edib, daha sonra ictimai radionun Xəbərlər və Analitik Proqramlar departamentinə rəhbərlik edib. 2006-2007-ci illərdə İTV-nin Rusiya Federasiyasındakı müxbir məntəqəsinin ilk müxbiri olub. Nadir Şəfiyevin hafta.az-a müsahibəsini təqdim edirik: - Nadir müəllim neçə ildir televiziya sahəsində çalışırsınız? Bu müddət ərzində Azərbaycan televizyalarında nə kimi dəyişiklər olub? - İyirmi ildən artıqdır ki, televiziya sahəsindəyəm. Bu müddət ərzində ştatdankənar müxbir vəzifəsindən hazırda tutduğum vəzifəyə qədər olan bütün pillələri keçmişəm. Həmin dövrə baxanda rəqabət güclənib. Mən televizyaya gələndə o dövrdə bizim teleməkanda yalnız Azərbaycan televiziyası, AzTV vardı. Daha sonra başqa televiziya şirkətləri meydana çıxdı. AzTV-nin özündə başqa telekanallar yarandı. Bu gün Azərbaycanda kifayət qədər televiziya var. Həmin televiziyaların çoxluğu da günümüzdə tv-lər arasında rəqabətin güclənməsinə gətirib çıxarıb. Zahiri dəyişmə kimi bunları göstərmək olar. 1990-cı illərin əvvəllərində hər gün nəsə işləyəndə Moskvaya nəzər yetirirdik. Bu məsələyə ordan reaksiya necə olacaq deyə düşünürdük. Düzdü, həmin dövrdə siyasi məsələlərdə sərbəstlik və müstəqillik vardı. Peşəkarlıq baxımından isə bu gün dünyanın məşhur telekanallarına baxdığımız kimi Moskvaya daha çox baxırdıq. Həmin vaxt əlimizin altında olan yeganə imkan Moskva televiziyasına baxmaq idi. Bizlər də ondan yararlanmağa çalışırdıq. Şükürlər olsun ki, bu gün dünyanın bütün televiziyalarını izləmək imkanımız var. O zaman peyklər yox idi. İnkişaf baxımından bu gün daha yaxşıdır. - Hazırda qərb bölgəsinin gündəlik siyasi, sosial və mədəni həyatına işıq tutan Türkel TV-nin rəhbərisiniz. Bu televiziya həm işğalçı Ermənistanda, həm də Gürcüstanda yayımlanır. Düşmən ölkə ilə bu cür strateji informasiya mübarizəsinə qoşulmuş televiziyanın gələcək inkişafı ilə bağlı nə kimi planlarınız var? - Biz televiziya daxilində planlaşdırırıq ki, müvafiq razılıqları almaq şərti ilə fəaliyyətimizi genişləndirək. İmkan olarsa TTV xəbər kanalı olaraq yalnız Azərbaycan dilində deyil, bir neçə xarici dildə də yayımlansın. Biz belə planlaşdırırıq, amma necə olacağını bilmirik. Bu məsələ həm də maddi məsələlərə bağlanır. Üstəlik müvafiq strukturlar buna razılıq verdikdən sonra həmin məsələni reallaşdırmaq üçün işlərə başlaya bilərik. Daha çox isə maddi vəsait lazımdır ki, müxbir məntəqələrimiz, əlavə tərcüməçilərimiz olsun. Azərbaycanın səsini dünyaya çatdırmaq baxımından bu məsələni çox mühüm amil hesab edirəm. Bu gün beynəlxalq aləmdə baş verən hadisələri dünyanın məhşur televiziyalarından izləyirik. BBC-yə, CNN-ə, Əlcəzirəyə baxdıqda biz o xəbərləri həmin tv-lərin təmsil etdiyi dövlətlərin prizmasından baxırıq. Dünyada elə bir ölkə yoxdur ki, həmin ölkənin əhalisi dünyada baş verən hadisələrə Azərbaycan prizmasından baxsın. Biz Azərbaycan dövlətinin, xalqının müxtəlif hadisələrə baxışını yansıdacaq belə bir telekanala sahib deyilik. Hazırda biz başqa ölkələrin telekanallarının efirindən istifadə edərək özümüzü təbliğ və təqdim etmək məcburiyyətindəyik. Tutaq ki, bu gün bir rusiyalı, Rusiya vətəndaşı Azərbaycan haqqında informasiyanı bizim telekanaldan deyil, öz televiziyalarından alır. Rusiyanın da Kütləvi İnformasiya vasitələrində erməni lobbisi kifayət qədər güclüdür. Onlar da Azərbaycan haqqında hər zaman mənfi imic yaratmağa çalışıblar. Eyni zamanda bu kimi hallar Fransada da, dünyanın başqa ölkələrində də müşahidə olunur. Düşünürəm ki, biz yuxarıda adını qeyd etdiyim proyekti həyata keçirə bilsək gözəl olardı. - TTV peşəkar xəbər kanalı kimi kifayət qədər gənc kollektivə malikdir. Kollektivin böyük əksəriyyətini də bölgə jurnalistləri təşkil edir? Peşəkarlıq səviyyəsi zaman keçdikcə artırmı? Gənclərlə işləmək necədir? - Birincisi, gənclərlə işləmək mənə xüsusi zövq verir. İkincisi də, vaxtaşırı burada gənc jurnalistlər üçün xüsusi treninqlər keçirilir. Vaxtilə siz özünüz də burada işləmisiniz, bütün bunları görmüsünüz. Yaşlı nəsil jurnalistlərin, peşəkarların verdiyi məsləhətlər televiziyamızda çalışan gənclərin də günbəgün inkişaf etməsinə ximət edir. Kənardan gələn zənglərə, məktublara əsaslanaraq deyə bilərəm ki, jurnalistlərdəki inkişafdan dolayı efirimizdə hər gün müsbətə doğru irəliləyiş baş verir. Bunu yaşlı nəslin nümayəndələri ilə bir yerdə edənlər də, yaradanlar da, həmin o gənclərdir. Bunun çətinlikləri də var; adətən redaktorlar materialın keyfiyyətinə baxıb ümumi istiqamətlər verirlər. Bizdə isə o iş bir az fərqlidir, xırdalıqlarına da varmaq, müəyyən məsələləri izah etmək məcburiyyəti yaranır. Hiss edirəm ki, bu öz bəhrəsini verir. Artıq tam şəkildə olmasa da, kifayət qədər püxtələşən kadrlarımız da var. - Azərbaycan televiziyası və radiosu Türkiyə televiziyası və radiosundan daha əvvəl yaranıb. Bu gün bizim televizyalar qardaş ölkə telekanallarından bir çox aspektlərdə nəyə görə geri qalır? - Azərbaycan televiziyaları bu gün çox sürətlə inkişaf edir. Azərbaycanda da tezliklə televiziya sahəsində öz sözünü deyəcək. Mən buna inanıram. O, ki qaldı Türkiyə ilə müqayisəyə, həm ərazisi və əhalisinin sayına görə, həmdə ki, büdcəsinə görə Azərbaycan Türkiyədən geri qalır. Birinci səbəb budur və bu da təbiidir. Belə olan halda həmin nüanslar digər sahələrdə olduğu kimi televiziya sahəsinə də öz təsirini göstərir. Digər tərəfdən, müasir Türkiyə dövləti 1923-cü ildən dünyada mövcuddur. Osmanlı tarixi ilə bir yerdə bu yeddi yüz, səkkiz yüz il edir. Bu da o deməkdir ki, müstəqil ölkə üçün müstəqil imkanlar var. Azərbaycan televiziyası formal olaraq götürsək 1991-ci ildən müstəqil siyasət yürüdür. Hələ bundan da bir-iki il çıxmaq da olar. Belə olan halda 24 illik dövlətin müstəqil televiziyası ilə qırx beş illik teleradionu müqayisə edə bilmərik. Azərbaycan televiziyası 1950-ci illərdə yarananda da əsas mütəxəssislər azərbaycanlılar olmayıb. Əsas inkişaf xətti Azərbaycanla bağlı olmayıb. Əsas inkişaf aspekt ideologiya olub. Bütün bunlar da o zaman Moskvadan diktə olunub. Oradan istiqamətləndirilib. Həmin istiqamətlərdən də bir addım sağa – sola addım atmaq mümkün olmayıb. Əsas meyar yaradıcılıq yox, məhz ideologiya olub. Son illər isə bizim televiziyalar real olaraq Azərbaycan xalqına və Azərbaycan dövlətinə xidmət edir. Bu gün bizim televiziyalar Azərbaycan cəmiyyətinin təlabatını ödəyən, təlabat olan verilişləri hazırlayıb tamaşaçılara təqdim edirlər. Televizyada kadrlarla yanaşı texnologiyalar da önəmli rol oynayır. Bunların alınması, gətirilməsi, xərclər, məsrəflər var. Həmin texnikalardan istifadə üçün kadrların hazırlanması məsələsi də önəmli faktorlardandır. - Nadir Şəfiyevin televiziyalarımızda baş alıb gedən şou proqramlara münasibəti necədir? - Şou verilişlərin hazırlanması olduqca lazımlı məsələdir. Bu gün deyirlər ki, şou proqramlar bağlanmalıdır, bu cür verilişlər olmamalıdır. Mən bunun qəti əleyhinəyəm, açıq deyirəm. Televiziyalarda hər zaman şou proqramlar olmalıdır. Sadəcə olaraq bizim həmkarlarımız bu sahədə öz məsuliyyətlərini dərk etməlidirlər. Şou verilişlərinə çağrılan şəxslər hansısa bir meyarlara görə yox, sənətə olanmünasibətləri ilə, insani keyfiyyətlərinə görə yox, sənətlərinə görə dəvət olunmalıdır. Şou aparıcıları danışıqlarını tənzimləməlidirlər, tamaşaçıları nəzərə almalıdırlar. İçdən gələn ifadələr seçməlidirlər, o ifadələr də mənəvi cəhətdən təmiz olmalıdır. Kiminsə bir başqasının həyat yoldaşı ilə gəzməsinin bu tip verilişlərdə danışılmasının tərəfdarı deyiləm. Bu etik deyil. Həmkarlarımıza iradım odur ki, səviyyəcə bir çoxlarından aşağı olanlara başqalarına irad tutmağa imkan yaratmasınlar. Çox gözəl sənətçilərimizi çağırıb pis vəziyyətdə qoymasınlar. Müğənni kimi sənətdə sözünü demiş adamlara iqtisadiyyatdan sual verməsinlər. Mən demirəm ki, müğənni iqtisadiyyatı bilməsin amma peşəkar səviyyədə o verilən suala cavab verə bilməyəcək. - Bəs Azərbaycan teleməkanında daha çox hansı telekanallara baxırsınız, hansı verilişləri izləyirsiniz? - Doğrusu vaxtım olmur başqa televiziyaları izləmək üçün. İşlərim çox olur. Adətən xəbər ağırlıqlı verilişləri izləyirəm. İstirahət etmək istəyəndə də sevdiyim filmlərə baxıb yorğunluğumu çıxmağa çalışıram. - Çox sağ olun, Nadir müəllim. İşlərinizdə uğurlar. Bir daha peşə bayramınızı təbrik edirəm. - Çox sağ olun. Minnətdaram. Geri dön |