Ana Sayfa > Xəbər > Partiyaların seçki planı - Kimlər deputat olmaq istəyir?

Partiyaların seçki planı - Kimlər deputat olmaq istəyir?


6-04-2015, 12:08. Yazar: admin
Partiyaların seçki planı - Kimlər deputat olmaq istəyir?
Bu il Azərbaycanda növbəti, sayca 5-ci çağırış parlament seçkiləri keçiriləcək. Aktiv şəkildə olmasa da bəzi partiyalar seçki hazırlığına artıq start verib. Ölkədə 50-dən çox siyasi partiya qeydiyyatdan keçsə də onlardan yalnız bir neçəsi üzdədir.

Partiyaların seçki hazırlığını, rəhbərlikdən kimlərin seçkiyə qatılacağını öyrənməyə çalışdıq.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu azvision.az-a açıqlamasında seçkidə iştirak etmək istədiyini bildirib: “Parlament seçkilərində iştirak etməyi düşünürəm, amma hələ qəti qərarımı verməmişəm. Seçki yaxınlaşdıqca, vəziyyət aydınlaşdıqca qərarım da qətiləşəcək”.

Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə partiyanın seçkidə iştirak edəcəyini bildirib: “Hazırda namizədlərin müəyyənləşdirilməsi mərhələsi davam edir. İyul-avqust aylarında Müsavat Partiyası adından namizəd olacaq şəxlərin siyahısı təsdiq olunub MSK-ya təqdim olunacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı isə partiyasının seçkidə iştirakla bağlı tək qərar verməyəcəyini deyib:

“AXCP Milli Şuranın üzvüdür və Parlament seçkilərində iştirak barədə qərarını da bu qurumla birlikdə müzakirələrdən sonra verəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd edib ki, seçkidə iştirakla bağlı təkbaşına qərar verə bilməz: “Mən partiya sədriyəm, qərarım da partiyanın qərarı ilə üst-üstə düşməlidir. Partiya hansı xətti seçəcəksə, mən də o xətlə gedəcəyəm. Hələlik görünən budur ki, partiyamız seçkilərdə iştirak edəcək, amma kimlərin iştirak edəcəyi hələ müəyyənləşməyib. Adları hallananlar var, onları isə Məclis təsdiq etməyib”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da seçki marafonuna qoşulub-qoşulmayacağını hələ müəyyənləşdirməyib.

“Partiya seçkidə iştirak edəcək, mənim iştirakım isə hələ dəqiqləşməyib”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da namizəd olub-olmayacağına qərar verməyib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da seçkidə iştirak etmək niyyətindədir.

“Biz hətta seçki ilə bağlı blok da yaratmışıq. İnşallah özüm də deputatlığa namizəd olacağam”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc bu barədə seçki ərəfəsində dəqiq qərar verəcəyini açıqlayıb: “Bununla bağlı müzakirələrimizə seçkilər ərəfəsində yekun vurulacaq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev seçkidə iştirakla bağlı partiyasının Siyasi Şurasının qərar verdiyini deyib: “Özüm də namizəd olacağam və hansı seçki dairəsindən namizədliyimi irəli sürəcəyim də müəyyənləşib. İlkin seçki keçirmək fikrindəyik ki, partiya üzvlərindən kimlərin daha çox şansının olduğunu müəyənləşdirək. İnanırıq ki, seçkidə uğurlu iştirak edəcəyik”.

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Orucov partiyanın hər seçkidə olduğu kimi bu il keçiriləcək Parlament seçkilərində də iştirak edəcəyini bildirib: “Biz bütün seçkilərdə iştirak etmişik. Partiyamızdan namizəd olacaq şəxslərin artıq böyük hissəsinin hansı dairədən namizəd olacağı müəyyənləşib. Mərkəzi Şuranın iclasında rəsmi olaraq təsdiqlənəcək. Biz seçkiyə çox ciddi hazırlaşırıq”.

Partiya sədri Yusif Bağırzadənin iştirakına gəlincə isə, Ə.Orucov onun da namizəd olacağını deyib: “Bəli, o da iştirak edəcək. Yusif Bağırzadə həmişə Gəncədən namizəd olub. Bu dəfə də Gəncədəki seçki dairələrinin birindən namizəd olacaq”.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) rəqiblərindən fərqli olaraq seçkiyə aktiv şəkildə hazırlaşır.

S. Novruzov mətbuata açıqlamasında YAP-ın builki seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib. Qeyd edib ki, parlament seçkilərinə hazırlıqla əlaqədar proqram üzrə görüləcək işlər rayon şəhər təşkilatlarına təqdim ediləcək.

"Ötən 5 illikdə deputatlar barəsində əvvəllər açıqladığım kriteriyalar əsasında ciddi araşdırmalar aparılır. Seçkinin elan olunmasına bir ay qalmış namizədlərin siyahısını yekunlaşdırıb təqdim edəcəyik”.

Geri dön