Ana Sayfa > Xəbər > “Sifilis xəstələrinin nikahına qadağa yoxdur” – RƏSMİ AÇIQLAMA

“Sifilis xəstələrinin nikahına qadağa yoxdur” – RƏSMİ AÇIQLAMA


5-11-2015, 15:01. Yazar: admin
“Sifilis xəstələrinin nikahına qadağa yoxdur” – RƏSMİ AÇIQLAMA
Son günlər ölkə mediasının ana xəbərlərindən biri də xeyli insanın qanında sifilis, SPİD kimi cinsi yolla keçən xəstəlik daşıyıcılarının aşkar olunması idi. Bu xəstəliklərin bir qismi Aşura günü qanvermə aksiyasında, böyük əksəriyyəti isə toydan əvvəlki tibbi yoxlamalar zamanı üzə çıxdı.

Həm də cəmiyyətdə böyük səs-küyə səbəb oldu. Ailə Planlaşdırma Mərkəzinin və Səhiyyə Nazirliyinin keçirdiyi bu aksiyaların nəticəsində aşkara çıxan acı nəticələr elə bu qurumları cəmiyyət qarşısında faktla üz-üzə qoydu.

Həmin gənclərdə toyqabağı bu cür faktların aşkara çıxarılması onların nikahına xitam verə bilərmi? Bu xitamı kim verə bilər, bununla bağlı qanun varmı? Əgər yoxdursa, onlardan doğulacaq xəstəlik daşıyıcısı uşaqların məsuliyyətini kim üzərinə götürəcək? Yoxsa nazirlik və qurumlar sadəcə olaraq, xəbərdarlıq missiyalarını yerinə yetirirlər?

Bütün bu suallara cavab verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova hafta.az-a açıqlamasında deyib ki, sifilis xəstələrinin evlənməməsi haqqında nazirlik nikahı qadağan edə bilməz:

“Biz heç kimə, nə qıza, nə də oğlana evlənmək qadağası qoymuruq. Biz sadəcə, qızın və oğlanın özünə hansı xəstəliyinin olub-olmaması haqda məlumat veririk. Bu xəstəlikləri gizlətmək onların öz insaflarına qalıb. Çünki bizdə bu cür xəstəliyi olan insanların evlənməməsi üçün xüsusi qanun qəbul olunmayıb. Sadəcə, bu yoxlamalar ona görə aparılır ki, əvvəlcədən onlar xəstəlikləri barədə xəbərdar olsunlar. Bu da onların müalicə alıb, tam sağaldıqdan sonra evlənməkləri üçündür. Ona görə də xəstə doğulacaq uşaqlar üçün biz məsuliyyət daşımırıq. Onlar xəstə olmaları və müalicə olunmazsa, hansı fəsadlarla üz-üzə qalacağı haqqında əvvəlcədən məlumatlandırılırlar. Toy haqda verdikləri qərarın məsuliyyəti isə bundan sonra onların üzərindədir. Buna baxmayaraq, tibbi yoxlamadan keçdikləri yerdə onlarda hansı xəstəliyi olması qeydə alınır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hafta.az-a açıqlamasında vurğulayıb ki, hər hansı bir xəstəlik şəxsiyyət göstəricisi deyil. Adil Qeybullaya görə, bu insanların bir–birilərinə münasibəti varsa, ailə qurmaq istəyirlərsə buna maneə yaratmaq olmaz:

“Ailə həyatı qurmaq təkcə fiziki göstəricilərlə bağlı məsələ deyil. Hər hansı bir xəstəliyin nikahdan öncə aşkarlanması əslində profilaktik, preventiv xarakter daşıyır. Yəni xəstəlik əvvəlcədən müəyyən edilir və bunun müalicəsinin aparılması baxımından önəmlidir. Uşaqlara və qarşı cinsə yoluxmanın qarşısını almaq məqsədi daşıyır. Nikahdan əvvəl tibbi yoxlamalar həm də gələcək nəsillərin xəstə doğulmasının qarşısının alınması üçün nəzərdə tutulub. Sifilis cinsi yolla yoluxan bir xəstəlikdir. Ən azından bunun aşkar olunması qarşı tərəfin də bu xəstəliyin yoluxmasının qarşısını alardı. Talassemiya elə bir situasiyadır ki, ana bətnində xəstə uşağın erkən aşkar edilməsi və onun doğulmasının qarşısını almaq olar. Beləliklə də ailədə böyük bədbəxtçiliklər baş verməz. Toydan əvvəl tibbi yoxlamaların bu cür preventiv əhəmiyyəti var. Hesab edirəm ki, bu paket daha da genişlənməlidir”.

Geri dön