Ana Sayfa > Xəbər > "Son 3-4 ayda ilk dəfədir stadionu görüb sevinirik" - Qurban Qurbanov
"Son 3-4 ayda ilk dəfədir stadionu görüb sevinirik" - Qurban Qurbanov4-11-2015, 17:14. Yazar: admin |
“Bəzən belə oyun yaxınlaşdıqca, həm şad oluruq, həm də narahatlıq keçiririk". Musavat.com-un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu sabah IV turda Fransa təmsilçisi “Monako”nu qəbul edəcək. Qarşılaşma öncəsi bu gün baş tutan mətbuat konfransında fikirlərini bildirən Qurban Qurbanov sabah onları çətin mübarizənin gözlədiyini söyləyib: “Ağır oyun olacaq. Artıq rəqibi daha yaxından tanıyırıq. Amma hazırlaşmağa istədiyimiz qədər vaxt olmadı, qrafik çox sıxdır. Bununla belə, oyuna kimi rəqibi tam təhlil edəcəyik”. - Reynaldonun yoxluğunda taktiki dəyişiklik olacaqmı? - Hansısa dəyişiklik olacağını düşünmürəm. Sistem olduğu kimi qalacaq. Sadəcə, matçın gedişində hansısa dəyişikliklər edə bilərik. Reynaldonun yerində kimi oynadacağımıza sabah qərar verəcəyik. - Üzərinizdə psixoloji gərginlik varmı? - Psixoloji çətinlik belə oyunlardan sonra olur. “Monako” da qalib gəlsə, demək olar minimum ikinci yeri təmin edəcəklər. Oyun zamanı hər bir nəticə ola bilər. Futbolçular bunu dərk edirlər. Belə oyunlarda psixoloji gərginlik varsa, deməli, komanda oyuna hazırdı. Olmasa, deməli, oyuna düşünmürlər. - Rəqibə hansısa sürpriz hazırlamısınız? - Çalışacam daha yaxşı formada olanlara şans verdim. Hazırkı vəziyyətdə elə bir ciddi fərq yoxdur. - Azarkeşlərin oyununa marağının azalmasının səbəbini nədə görürsüz? - Marağın azalmasının səbəbini deyə bilmərəm. İnşallah, sabaha kimi çoxalar. Bilirəm ki, bizi çox istəyirlər. Hər yerdə “Qarabağ”la maraqlanırlar. Ola bilər ki, sabah azarkeş sayı az olsun. Amma onlar bizimlədi. Mən komandaya hansısa hörmətsizlik və ya inamsızlıq hiss etmirəm. - Stadionun ot örtüyünün durumu yaxşılaşıb. Bunu sizin üçün üstünlük hesab etmək olar? - Meydançanın durumu yaxşılığa doğru gedir. Son 3-4 ayda ilk dəfədir ki, stadionu görüb, sevinirik. Meydançaya zərər olmamağı üçün məşqimizi burada etmirik. - Azərbaycan komandaları fransalılarla görüşlərdə hələ uğurlu nəticə qazanmayıb. Sabah bu tilsimi qıra bilərsinizmi? - Biz belə statistik şeylərə fikir verməməyə çalışırıq. Hər an istənilən komanda ilə oynaya bilərsən. Biz sabah uğurlu nəticəyə ümid edirik. Ümumiyyətlə, bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Təəssüf ki, bəzən bu, alınmır. - Sabah fərqli oyun görə bilərikmi? - Daha sürətli oyun gözləyirik. Düzdür, çətin olacaq. Amma Fransadakı matçla müqayisədə oyunun sürətində fərq olacaq. "Sabahkı oyunu səbirsizliklə gözləyirik. Son oyunda hiss etdik ki, “Monako” kimi rəqiblə başabaş mübarizə apara bilirik. Sabah azarkeşlərimizi maraqlı oyun gözləyir. Müdafiəçi olaraq rəqibin hücum xəttini qeyd etməliyəm. Əl-Şaaravi ilə üçüncü dəfə qarşılaşacam. Ona qarşı oynamaq çox çətindir. Ancaq biz komanda şəklində oynayırıq. İnanıram ki, komanda yoldaşlarım da məni tək qoymayacaq. Belə futbolçuya qarşı oynamaq mənə də zövq verir" - bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev deyib. Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq. Geri dön |