Ana Sayfa > Xəbər > Prezidentin Gürcüstan səfərindən nə gözlənilir?
Prezidentin Gürcüstan səfərindən nə gözlənilir?4-11-2015, 15:02. Yazar: admin |
Artıq bir aya yaxındır ki, Gürcüstan Rusiya ilə qaz danışıqlarına başlayıb. Aralarında beşgünlük müharibənin olmasına baxmayaraq, Tiflislə Moskva qaz məsələsinin istisi ilə yenidən münasibətləri mehribanlaşdırmaq istəyirlər. Rusiya yeni bazar əldə etmək, Gürcüstansa Azərbaycanın bu ölkədəki qaz dominantlığını aradan qaldırmaq üçün yüksək rəsmilər səviyyəsində Rusiya ilə danışıqlara başlayıblar. Hətta şimal-qərb qonşumuz İrana qarşı sanksiyaların aradan qalxmasından sonra Tehran qazının Avropaya nəqlində dəhliz rolunu oynamaq üçün bu ölkə ilə də ilkin danışıqlara başlayırlar. Hətta baş nazir İrakli Qariubaşvili bu yaxınlarda “qiymət salmaq” üçün Bakıya rəsmi səfərə gəlib. Buna baxmayaraq, ölkə başçısı İlham Əliyevlə 3 saatlıq geniştərkibli söhbətdən sonra heç bir nəticə hasil olmadı. İndi isə məsələ ciddiləşib. Belə ki, Ermənistan prezidentinin də bu ölkəyə səfəri gerçəkləşdi. Sarkisyan Gürcüstana İran qazı üçün dəhliz almağa getdi. Serjikin hiyləgər məqsədi İran–Ermənistan-Gürcüstan marşrutu üçün bu ölkədən izin istəməsinin arxasında isə İrəvanı koridor sahibinə çevirə bilərdi. Bütün bunlar isə Azərbaycanı hərəkətə gətirməyə bilməzdi. Bəs ölkə başçısının kritik Gürcüstan səfərindən nə gözləmək olar? Azərbaycan əvvəlki qiymətlərlə Gürcüstan bazarında qala biləcəkmi? Burada ruslarla maraqlarımız toqquşmayacaq ki? Gürcüstanın İran və Rusiya üçün önəmli qapı faktoru nə qədər real görünür? Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hafta.az-a açıqlamasında bildirib ki, Gürcüstanın bu arzuları o qədər də real görünmür: “Azərbaycanın strateji tərəfdaşıdır. İllərdir ki, biz neftimizi və qazımızı bu ölkə üzərindən dünya bazarına çıxarırıq. Buna baxmayaraq, son həftələr yaranmış vəziyyətlə bağlı bir neçə sual yaranıb ki, buna cavab tapmaq lazımdır. Düşünürəm ki, İlham Əliyevin Gürcüstana rəsmi səfəri zamanı bu suallara cavab tapılacaq. Bəs məsələ nədir? Gürcüstan hakimiyyəti son zamanlar qaz məsələsinə görə Rusiya ilə müəyyən danışıqlar aparır. Bu onların hüququdur. Gürcülər istəyirlər ki, təkcə Azərbaycandan yox, Rusiya və İrandan da qaz alsınlar. Amma burada bir məsələ var ki, biz Gürcüstana qazı güzəştli qiymətlərlə veririk. Bu ölkədə Azərbaycanın böyük kreditləri var. Ölkəmiz Gürcüstanda bu sahədə böyük işlər görüb. Birdən-birə bu tip məsələlər həllini tezliklə tapacağını güman etmirəm”. Elxan Şahinoğlunun sözlərinə görə, Tiflis Moskvadan qaz almaq üçün bu istiqamətdə danışıqlar aparmaqda maraqlıdır: “Belə olan halda biz də öz siyasətimizdə dəyişiklik etməliyik. Biz əvvəl Gürcüstana güzəştli qiymətlərlə qaz satırdıqsa, bu məsələni də onların diqqətinə çatdırmalıyıq ki, siz Rusiyadan baha qiymətə qaz alacaqsınızsa, biz də qiymətlərimizi ona uyğun dəyişə bilərik. Azərbaycanın da Gürcüstana birinci mesajı bu ola bilər. İkinci bir tərəfdən, Ermənistan prezidenti də yaxın günlərdə Gürcüstana səfər edib. Ermənilər çox çalışır ki, İran qazı Ermənistan və Gürcüstan üzərindən daşınsın. Bu istiqamətdə bizim də istəklərimiz var. Azərbaycan çalışır ki, biz İran və Rusiya arasında enerji və nəqliyyat koridoruna çevrilək. Düşünürəm ki, ölkə başçısının Gürcüstan səfərində bütün bu məsələlər öz həllini tapacaq”. Geri dön |