Ana Sayfa > Xəbər > Seçkidən sonra Türkiyədə nələr dəyişəcək?
Seçkidən sonra Türkiyədə nələr dəyişəcək?3-11-2015, 17:25. Yazar: admin |
“Seçkilər Türkiyənin ictimai-siyasi həyatına heç şübhəsiz ki, sabitləşdirici təsir göstərəcək. Fövqəladə hadisələr baş verməsə, növbəti bələdiyyə, prezident və parlament seçkiləri 2019-cu ildə keçirilməlidir. Yeri gəlmişkən, hər üç seçkinin eyni ilə təsadüf etməsi indiyə qədər görünməmiş hadisədir. Bu seçkilərin eyni anda, yoxsa ayrı-ayrı keçirilməsi məsələsi yaxın illərdə Türkiyədə yəqin ki, ciddi müzakirə mövzusuna çevriləcək”. Bunu hafta.az-a açıqlamasında Türkiyədəki parlament seçkiləri sonrası vəziyyəti dəyərləndirərkən politoloq Şahin Cəfərli deyib. Siyasi ekspertin sözlərinə görə, koalisiya qurulması zərurəti ortaya çıxmadan AKP-nin təkbaşına iqtidarını davam etdirməsi ardıcıl seçkilərdən yorulan cəmiyyətdə istər-istəməz rahatlığa səbəb olacaq: “Bu durum ölkədə sosial-iqtisadi sabitliyin pozulmaması baxımından da çox vacibdir. Təsadüfi deyil ki, maliyyə bazarları da seçkinin nəticələrinə müsbət reaksiya veriblər. İqtisadi sahə ötən illərdə olduğu kimi, yenidən Əli Babacana tapşırılarsa, ölkə iqtisadiyyatının hər hansı kataklizm yaşamadan öz inkişafına davam edəcəyini söyləmək mümkündür. Əlbəttə ki, Türkiyə iqtisadiyyatının inkişafı qlobal iqtisadi gəlişmələrdən də çox asılıdır, bu, artıq başqa bir söhbətin mövzusudur.Seçkilərin ən önəmli siyasi nəticəsi odur ki, AKP və onun qeyri-rəsmi lideri, prezident Rəcəb Tayyib Ərdoğan növbəti 4 illik fəaliyyət üçün “kart-blanş” əldə etdilər. Mövcud daxili və xarici siyasət kursunun davam edəcəyi şəksizdir”. Şahin Cəfərli hesab edir ki, son seçkilərdən sonra daxildə Fətullah Gülən icmasına qarşı əməliyyatların yeni vüsət almasını və bu qrupun ölkə daxilində tam zərərsizləşdirilməsini gözləmək olar: “Eyni zamanda, qarşıdakı 4 ildə təhsil və ümumən cəmiyyət həyatı bir qədər də islamlaşacaq və mühafizəkarlaşacaq. Daxildə ən ciddi problem əlbəttə ki, PKK terroru və kürd məsələsidir. Ən çox maraq doğuran məsələ prezident Ərdoğanın “buz dolabına atdıq” dediyi “çözüm sürəci”nin (kürd probleminin həlli prosesi) soyuducudan çıxarılıb-çıxarılmayacağı məsələsidir”. Politoloqun sözlərinə görə, AKP-nin 1 noyabr seçkisində milliyyətçi kəsimdən yüksək miqdarda səs almasının səbəblərindən biri də məhz dövlətçi mövqeyi və PKK-ya qarşı ciddi mübarizəyə başlamasıdır: “Məlum olduğu kimi, iyulun sonlarında PKK terrora başladıqdan sonra Türkiyə hökuməti “çözüm sürəci”nin dayandığını elan edib və terrora qarşı ciddi mübarizəyə başlayıb. PKK terrora davam edərsə, dövlətin bu təhlükəyə qarşı mübarizəsi də güclənərək davam edəcək. Lakin terror təşkilatı hücumları tam dayandırarsa və özünün birtərəfli qaydada elan etdiyi atəşkəsə əməl edərsə, “çözüm sürəci”nin yenidən gündəmə gəlməsi mümkündür. PKK-nın 7 iyun seçkisindən sonra və 1 noyabr ərəfəsində terrora başlaması Türkiyənin kürd əhalisində o cümlədən HDP daxilində də narazılıq yaradıb. PKK bu əməlləri ilə ən böyük zərbəni məhz HDP-yə vurdu və 7 iyunda 13 faizdən artıq səs alan bu partiya 1 noyabrda xeyli səs itirdi. AKP-nin kürd seçiciləri də “çözüm sürəci”nin davamını istəyir. Ona görə də yaxın aylarda hökumətin PKK-ya hər hansı güzəşt etmədən Abdulla Öcalanla və HDP ilə danışıqları bərpa etməsi ehtimalını gözardı etmək olmaz”. Şahin Cəfərli bildirib ki, seçkidən sonra xarici siyasətdə Suriya məsələsi prioritet olaraq qalacaq və Ankara Bəşər Əsəd rejiminə qarşı barışmaz mövqeyini dəyişməyəcək: “Müxalifətin durumuna gədikdə isə, ən ciddi böhran MHP-də yaranıb. Cəmiyyət 4%-dən çox (2 milyona yaxın) səs itirən və millət vəkillərinin tən yarısını itirən bu partiyada yenilənmə, lider dəyişikliyi gözləyir. Dövlət Bahçeli hazırda istefa çağırışlarını və gözləntilərini qulaqardına vursa da, yaxın aylarda bu partiyanın daxilində gərginliyini artmasını ehtimal etmək olar. Liderliyə iddialı olan, bir müddət əvvəl partiya rəhbərliyinin qərarı ilə MHP-dən xaric edilmiş Sinan Oğanın məhkəmə qərarı ilə üzvlüyə bərpası gərginlik yaradacaq amillərdən biridir. Yaxın vaxtlarda başqanlığa digər iddialılar da ortaya çıxa bilər. MHP çox kritik bir yol ayrıcındadır: partiya ya yenilənəcək və hakimiyyətə iddialı hala gələcək, ya da ən yaxşı halda yerində sayacaq. İndiki rəhbərliyin qalması durumunda milliyyətçi elektoratın sağın qüdrətli partiyası AKP tərəfindən “udulması” prosesinin davam etməsi də MHP üçün real təhlükələrdən birdir”. Politoloq Şahin Cəfərli hesab edir ki, bu ilin dekabr ayında CHP-də növbəti qurultay keçiriləcək və Kamal Kılıçdaroğlunun qarşısına güclü rəqib çıxacaq. Şahin Cəfərlinin sözlərinə görə, CHP-yə gəldikdə isə, bu partiyanın öz səslərini qoruması və çox az da olsa artırması Kamal Kılıçdaroğluna qarşı istefa çağırışlarının səslənməsini bu mərhələdə əngəlləyib: “Lakin CHP üzvləri mövcud durumdan qətiyyən məmnun deyil və partiyanın səs miqdarının 25% çərçivəsində kilidlənməsi onları narahat edir. Bu rəqibin bundan öncəki fövqəladə qurultayda başqanlığa namizədliyini vermiş Məhərrəm İncə olacağı istisna edilmir. Ümumən Türkiyə müxalifətinin dərin böhran yaşadığını qeyd etmək lazımdır. AKP 13 ildir hakimiyyətdədir və əslində təbii olaraq ötən müddətdə nüfuzunu, reytinqini az və ya çox dərəcədə itirməli idi. Lakin bunun baş verməməsi, hətta əksinə, AKP-nin səsini artırması onu göstərir ki, xalq indiki müxalifəti real alternativ kimi görmür və ona inanmır. Kılıçdaroğlu və Bahçeli xalqın gözləntilərinə cavab verən lider kimi özlərini təsdiqləyə bilmədilər və bunun nəticəsində əhali hətta çox məmnun olmasa belə, AKP-ni dəstəkləməkdən başqa yol görmür”. Geri dön |