Ana Sayfa > Xəbər > İlk dəfə deputat seçilənləri TANIYAQ

İlk dəfə deputat seçilənləri TANIYAQ


3-11-2015, 16:17. Yazar: admin
İlk dəfə deputat seçilənləri TANIYAQ
1 noyabr parlament seçkilərindən sonra Milli Məclis özünün köhnə kontingentini yeniləri ilə əvəzlədi. Parlamentarilərin əksəriyyəti yerində qaldı, 22 faiz isə dəyişdi. Onların bəziləri vaxtilə deputat olsalar da, uzun illərdir Milli Məclisdə yox idilər. Bəziləri isə ümumiyyətlə, deputat adını yeni qazanıblar. Yeni deputatların yaşları da rəngarəngdir. Cavanı da var, yaşlısı da.

Hafta.az bu dəfə V çağırış parlament seçkilərində xalqın etimadını qazanmış və illərdən sonra və ya həyatlarında ilk dəfə millət vəkili adını qazanmış parlamentariləri təqdim edir.

Onların arasında prezidentə ölüm hökmü kəsəni də, sovet dövrünün siyasi məhbusu da, Prezident Administrasiyasının məsul işçisi də var.

İlk olaraq Kamran Bayramovdan başlayaq;

Kamran Bayramov 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüşdü. Hələ ki, rəsmi nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmasa da, "exit-poll"un nəticələrinə görə, o, 66,4 faiz səslə adıçəkilən dairədən deputat seçilib. Qeyd edək ki, Kamran Fərhad oğlu Bayramov yeni iş yerinə qədər Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində işləyib. Avropada təhsil alıb. Qeyd edək ki, hazırda 36 yaşı olan yeni millət vəkili 1979-cu il təvəllüdlüdür.

Parlamentin yeni simalarından biri də heç şübhəsiz ki, Vəhdət Partiyasının lideri Tahir Kərimlidir. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş Tahir bəy, uzun illərdən sonra 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən ilkin açıqlanan siyahıya görə, 67,2 faiz səs toplayaraq qalib olub.

Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsuda doğulub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini, ixtisas kurslarını bitirib. Gənclik illərində çilingər, təsərrüfat müdiri, sonradan isə hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi, Azərbaycan Respublikasının Ali Məhkəmə sədri işləyib. İsmayıllı rayon XDS-nin (1990-1993) və Ali Sovetinin deputatı (1990-1995) seçilib. O, həmçinin məhkəmə-hüquq islahatına dair bir neçə qanun layihəsinin parlamentdə qəbul edilməsinə nail olub. 1992-ci ildə ölkə prezidentinin təqdimatına əsasən, Milli Məclis ona Ali Dərəcəli Hakim rütbəsini verib.

VP sədri həmçinin Qarabağ uğrunda savaşda, Ermənistandan qovulmuş qaçqınların yerləşdirilməsində və xalq hərəkatında da fəal iştiak edib. Dövlət Müstəqilliyi Aktına millət vəkili kimi səs verən Tahir Kərimli 1990-cı il 20 Yanvar qətliamına görə Sov.İKP üzvlüyündən imtina edib. O, bu hadisələrə görə, SSRİ prezidenti M.Qorbaçova ölüm hökmü çıxardığı üçün xalq hakimi vəzifəsindən kənarlaşdırılır. AS "Demblok" deputat qrupunun AR prezidentinə müraciətindən (1991) sonra vəzifəsinə bərpa edilir. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Evlidir, dörd övladı və dörd nəvəsi var.

Müstəqillik tarixinin millət vəkili adını ilk dəfə beşinci çağırış seçkilərdə qazananlardan biri də Araz Əlizadədir. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilib. O, 1 noyabr 2015-ci il seçkilərində ən güclü rəqibi İqbal Ağazadəyə 44 faiz səs üstünlüyü ilə qalib gəlib.

Araz Məmmədmübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib.

1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır. O, 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədridir. 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının “Respublika Müdafiə Şurası”nın üzvü seçilib. 1988-1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü və onların rəhbərliyinə daxil olub.

Anası Zinət xanımdır. Atası Məmmədmübariz Əlizadə dahi Nizaminin "Xəmsə"sini Azərbaycan dilinə tərcümə edib.

Yeni deputatlarımızı təqdim etməyə davam edəcəyik. Hafta.az-ı izləyin.

Geri dön