Ana Sayfa > Xəbər > Yeni parlament necə formalaşacaq? - Qanunun tələbi
Yeni parlament necə formalaşacaq? - Qanunun tələbi3-11-2015, 11:39. Yazar: admin |
Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də 5-ci çağırış Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb. Ölkə üzrə parlamentdə təmsil olunacaq 125 millət vəkilinin adı artıq bəllidir. Lakin çoxlarını maraqlandıran sual ilk iclasın kim tərəfindən idarə olunacağı və parlament sədrinin necə təyin olunması prosedurudur. AzVision.az bu prosedurların qanunda göstərilən tərəfini təqdim edir: Parlamentin ilk iclası nə zaman keçiriləcək? Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Parlamentə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını müəyyən edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisinin 83-cü deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, həmin iclasda yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtını da təyin etməlidir. Birinci iclası kim idarə edəcək? Milli Məclisin növbəti çağırışının birinci iclasını parlamentin ən qocaman deputatı açır. O, isə hər kəsə məlum olduğu kimi xalq artisti Zeynəb Xanlarovadır. Bundan sonra o, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır. Onun təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra gizli səsvermə ilə Milli Məclisin sədri daha sonra sədr müavinləri, ardınca komitə sədrləri seçilir. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir. İlk iclasda Prezident iştirak edəcəkmi? Qanunda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin bütün iclaslarında iştirak etmək hüququ var. Azərbaycan Respublikasının Prezidenti üçün Milli Məclisin iclas salonunda xüsusi yer ayrılır və orada Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir. Eyni zamanda qeyd edilməlidir ki, ötən seçkilərdən də bəllidir ki, seçkilərdən sonra Milli Məclisin keçirilən birinci iclasında prezident İlham Əliyev şəxsən özü iştirak edib. Qeyd edək ki, MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir. Geri dön |