Ana Sayfa > Xəbər > 22 yaşlı İlahənin qətlinin şahidləri DANIŞDI

22 yaşlı İlahənin qətlinin şahidləri DANIŞDI


30-10-2015, 10:48. Yazar: admin
22 yaşlı İlahənin qətlinin şahidləri DANIŞDI
Dünən ölkə mediasının əsas manşet xəbəri Qara Qarayev metrostansiyası yaxınlığında 22 yaşlı İlahə Həsən qızı Yusubovanın sevgilisi tərəfindən amansız şəkildə qətlə yetirilməsidir. Hafta.az-ın daha əvvəl də verdiyi xəbərə görə, 22 yaşlı İlahə Həsən qızı Yusubovanın həyatına onun oğlan tanışı son qoyub.

Belə ki, İlahə Salyan rayonunda anadan olan, hazırda Sabunçu rayonu Ləhiş bağlarında yaşayan Babək Əliyev tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən Babək Əliyev İlahə Yusubovanı bıçaqladıqdan sonra hadisə yerindən qaçsa da, sonradan könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək təslim olub.

Nizami rayon Polis İdarəsindən hafta.az-ın əməkdaşına verilən məlumata görə, 22 yaşlı İlahə Yusubova Maştağa qəsəbə sakinidir.

Hadisəni eşidən kimi Nizami rayonu 25-ci polis bölməsindən qətlin baş verdiyi ünvanı dəqiqləşdirib deyilən məkana yola düşdük.

Biz hadisə yerinə çatdıqda artıq cinayətin baş verdiyi vaxtdan 2 saata yaxın bir vaxt keçirdi. İlk olaraq qatilin tutulub tutulmadığı və hadisənin baş verdiyi məhəllənin dəqiq ünvanını müəyyənləşdirmək üçün cinayətin baş verdiyi ərazidən təxminən 1 km uzaqlıqda yerləşən Nizami rayonu 25-ci polis bölməsinə yollandıq. Növbətçi kapitanın həmin vaxt hafta.az-a verdiyi açıqlamada İlahəni qətlə yetirmiş Babək Əliyevin hadisə yerindən qaçdığını demişdi:

“Hadisə bu səhər 10:00 radələrində Qara Qarayev metrosu yaxınlığında yerləşən “Çinarə” marketin arxasında, yəni arxa məhəllədəki 25/6 ünvanında baş verib. Qatil hadisə yerindən qaçıb. Hazırda bizim əməkdaşlar oradadırlar, təhqiqat aparırlar. Əməliyyat tədbirləri davam etdirilir deyə, istintaq sirrini nəzərə alıb başqa heç nə deyə bilmərik”.

Polis bölməsindən ayrılıb deyilən ünvana gəldik. Hadisə yerinə çatdıqda qəribə mənzərə ilə qarşılaşdıq; qarşı-qarşıya iki tut ağacı, onların da arasına kustar üsulla düzəldilmiş üz-üzə iki oturacaq... Bir sözlə, romantik bir yer. Təbii ki, bu mənzərə on beş – iyirmi metrdən belə görünürdü. Yaxınlaşdıqda isə iki oturacağın ortasında İlahə Yusubovanın istəklisi tərəfindən tökülmüş qanı. Orada nə İlahə vardı, nə də Babək. Bu yerdə kriminalogiya elminin bu hadisəni xarakterizə edən bir düsturu yadıma düşdü; B+İ= QAN(lı sonluq)... Bir də İlahədən son olaraq iki əşya da orada istintaqçıların gözündən yayınıb qalmışdı; qan damcılı popkorn qutusu və islaq salfet kağızı.

Məhəlləyə sanki su səpilmişdi. Yox, su onsuz da səpilirdi - 22 yaşlı gəncin ölümü üçün. Obrazlı desək, Tanrı İlahənin qanının töküldüyü yerə, anasının göz yaşlarını səmadan çiləyirdi. Məhəllə susmuşdu. Adam da yox idi. Ara-sıra dərsdən çıxıb evə üz tutan məktəblilər İlahənin qanına baxıb yollarına davam edirdilər. Kimə yaxınlaşıb hadisənin necə baş verdiyini soruşsaq da, heç kim görmədiyini, bilmədiyini deyirdi. İlk olaraq isə qətlin baş verdiyi ərazinin yaxınlığında yaşadığını deyən Şəhla adlı bir xanım bizdə hadisə haqqında ilkin təsəvvür yaratdı:

“Səhər uşaqları dərsə yola salıb evə qayıdırdım. Bir qız bir də, qarayanız bir oğlan oturmuşdu. Ötəri gördüm, popkorn yeyirdilər. Şirin-şirin danışırdılar. Üz-üzə oturmuşdular, sonra mən getdim. Bir də gönorta üstü mağazada eşitdim ki, tut ağacının altında bir qız uşağı bıçaqlanıb. Gəlib baxanda əllərim əsdi. Boş popkorn qutusu hələ də burada qalır. Polislər gəlmişdilər. Başqa heç nədən xəbərim yoxdur”.

Elə bu zaman əraziyə metro istiqamətindən arxa məhəllənin təmizliyinə baxan süpürgəçilər gəldilər. Təxminən dörd ya beş nəfər olardı. Onlar da gördüklərindən şoka düşdüklərini dedilər. Səhər 9-da ərazini süpürərkən elə bu yerdə iki sevgilinin əl-ələ tutuşub əyləşdiklərini bildirdilər:
“Ələ - ələ tutuşub oturmuşdular. Sonra nəsə yüksəkdən səsləri gəlirdi. Qız doluxsunmuşdu. Sonrasından xəbərim yoxdu. Eşitdik ki, oğlan bıçaqlayıb onu. A gözlərin tökülsün sevirsən daha niyə bıçaqlayırsan? Elə sevirsənsə özünü də doğrayardın də. Buna baxın siz Allah, yazıq qızın qanı buralarla bir olub. Anan ölsün ay qız. Eşitdiyimizə görə hadisəni törədən oğlan İlahəni sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə edib”.

Başqa bir xadimə də eşitdiklərini bizə danışdı:

“Bayaq hadisə şahidləri polisə danışırdılar ki, təcili yardım çağırıblar, amma qızı çatdırmaq mümkün olmayıb. Elə yerindəcə keçinib. Sonra oğlanın nə etdiyindən şoka düşdüyünü deyirlər”.

Ölkə mediasında yayılan xəbərlərə görə, 22 yaşlı İlahənin yaxınlıqdakı mağazada satıcı işləyirmiş. Bunu əldə əsas tutaraq məhəllə və yaxınlıqdakı mağazalardan qətlə yetirilən Maştağa qəsəbə sakininin burada satıcı kimi işləyib işləmədiyini soruşduq. Hər biri bildirdi ki, o adda adam bu məhəllədə satıcı kimi işləməyib. Heç Babək Əliyevin də bu ərazidə yaşamadığını dedilər.

Bu faktı elə hadisənin baş verdiyi ərazidə bizimlə söhbətləşən süpürgəçi xanım da təsdiqlədi:

“Onları bir – iki dəfə ayrı-ayrı vaxtlarda burada görmüşəm. Ancaq bu məhəllənin sakinləri deyillər. Biz hər səhər və günorta üstü burada oluruq, amma onlar burada yaşamırlar. Görməmişik. Gözdən iraq yer olduğu üçün yəqin gəlib burada oturub dərdləşirmişlər”.

Hadisə yerindən başqa heç bir məlumat əldə edə bilmədik. Toplaşanlar isə qanın – İlahənin ruhunun göylərə yüksəldiyi yerin dövrəsinə yığışır, doluxsunurdular. Səssiz-səmirsiz...

Sonradan əldə etdiyimiz məlumata görə, qətli törədən Babək Əliyev 25-ci bölməyə gedərək polisə təslim olub.

Qeyd edək ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Geri dön