Ana Sayfa > Xəbər > Biz niyə müzakirə apara bilmirik?
Biz niyə müzakirə apara bilmirik?27-10-2015, 16:40. Yazar: admin |
Müzakirə bir çox qaranlıq məsələlərin üzə çıxmasında böyük rol oynayır. Amma mədəni, düzgün və iştirakçıların bir-birinin fikirlərinə hörmətlə yanaşması şərtilə aparılarsa. Bu gün isə biz bunun əksini müşahidə edirik. Efirdə müzakirə gedir, qonaqlarsa elə danışırlar ki, ağız deyəni qulaq eşitmir. Belədə heç bir məsələnin həll olunmayacağını, ortaq bir fikrə gəlinməyəcəyini öncədən təyin etmək olur. Bu müazkirələrə dava desək, bəlkə də daha yaxşı olar. Cəmiyyətin hər bir üzvünün müzakirələrə qoşula biləcəyi məkan isə sosial şəbəkələrdir. Lakin yazılan statuslara bildirilən rəyləri oxuyarkən artıq burada da müzakirə mədəniyyətinin olmadığının şahidi oluruq. Hətta statusu yazan şəxs ona əks fikir yazılanda ya statusu silir, ya da onunla eyni fikir yazmayan adamı dostluqdan xaric edir. Bloka atma da geniş istifadə olunan variantlardandır. Bu, əslində uşaq hərəkəti təsiri bağışlasa da, sosial şəbəkələrdə bir çoxunun istifadə etdiyi metoddur. Müzakirə verilişində tamaşaçı nəticə gözləyir, amma... Bəzən müzakirələr elə həddə çatır ki, təhqiredici forma da ala bilir. Bəs biz niyə müzakirə edə bilmirik? NLP ustadı Babək Bayramov qəzetimizə müsahibəsində bildirdi ki, müzakirə bir məsələdə necə davranılacağı barədə qərar vermə prosesidir. Çox zaman da bu prosesdə müxtəlif tərəflərin mənfəətləri ziddiyyətli şəkildə toqquşur. O deyir ki, efirlərdə aparılan müzakirələr araşdırma xarakterlidir və tamaşaçı sonda konkret bir nəticə gözləyir. Lakin müzakirəni aparan ekspertlərin mövzu barədə kifayət qədər məlumatlı olmaması və ya mövzuya uyğun mütəxəssislərin ekspert qismində dəvət olunmaması işin keyfiyyətinə mənfi təsir edir: “Burada birinci məsuliyyət eksperti verilişə dəvət edənin üzərinə düşsə də, ekspert də məsuliyyətdən kənar deyil. Məni də mütəmadi olaraq verilişlərə ekspert qismində dəvət edirlər, lakin mövzu mənə uyğun olmadıqda etiraz etdiyim zamanlar olub. Bəzən mənim sahəmdən kənar suallar ünvanlandıqda, sualın cavabını bilsəm də, cavablandırmayıb, uyğun mütəxəssisə müraciət edilməsini tövsiyyə etmişəm”. Ekspert olmayanların müzakirəsi... B.Bayramov deyir ki, insanlarda ciddi psixoloji gərginlik yaradan, milli-mənəvi dəyərlərə zidd olan verilişlərin bağlanması çox düzgün addımdır: “Son dövrlərə qədər davam edən bu verilişlərə ekspert olaraq çoxlu aktyorlar, müğənnilər və digər mövzular ilə peşəkar əlaqəsi olmayan şəxslər dəvət olunurdular. Bu şəxslər müzakirəyə çıxarılan mövzular ətrafında təbii ki, peşəkar yanaşma nümayiş etdirə bilmirdilər, yalnız fərdi fikirlərini deyirdilər ki, bu da əksər zamanlarda əks-reaksiya verirdi. İndi də müxtəlif kanallarda tok-şou formatında müzakirə proqramları aparılır və əvvəlki ənənə davam etdirilir. Lakin bu kimi halları bütün kanallara və proqramlara da aid etmək olmaz. Gözəl, faydalı və konkret çarə üsulları təqdim edən müzakirələr də aparılır”. NLP ustadının sözlərinə görə, sosial şəbəkələrdə aparılan müzakirələrə gəldikdə isə, müzakirə üçün mövzunu açıqlayan şəxsin ekspertləri seçmə imkanı yoxdur. Bu müzakirələrə istənilən adam qoşulur və ona görə də belə müzakirələrdə konkret nəticələrin gözlənilməsi və təfərrüatın içərisindən əhəmiyyətli fikirlərin seçilməsi çox çətindir. Müzakirə edirik, yoxsa debat? "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyasının rəhbəri Rövşən Nəcəfov deyir ki, müzakirə etməyin qaydası dinləməkdir. Biz müzakirə etdiyimiz zaman, hər kəsin fikrini daha aydın şəkildə təqdim edə bilməliyik. Ağız deyəni qulaq eşitməli, qulaq eşidəndə kar olmamalıdır: “Hər kəs müzakirəni öz çərçivəsində edir. Ümumi mənzərə haqqında, onu deyə bilərəm ki, müzakirə yoxdur. Çünki müzakirə nəticə verir. Bizdə hansısa müzakirədən sonra nəticə əldə olunması ilə bağlı bir nümunəm yoxdur. Bir də qeyd etmək istədiyim məqam odur ki, mövzuya uyğun şəxslər cəlb olunmalıdır, "hərşeyşünaslıq”la məşğul olanlar yox. Hər sahədə mütəxəssisləşmiş şəxslər var ki, onlar müzakirənin ictimai gücünü artıra bilirlər. İstənilən müzakirə ictimai rəy yarada bilmirsə, deməli, mövzunun əhəmiyyətli olmaması və ya müzakirə edən şəxslərin seçiminin uğurlu olmamasının göstəricisidir. Müzakirə mədəniyyəti bir cəmiyyətin canlı olduğunu nümayiş etdirir. Cəmiyyət iki halda cansızlaşır: ya hər kəs susur, ya da hər kəs eyni vaxtda danışır”. R.Nəcəfovun sözlərinə görə, istənilən mövzu müzakirəyə çıxarılırsa, artıq ictimailəşir. İctimailəşmiş mövzu müzakirə edilir. Yəni bunlar bir-birinə bağlıdır. İstənilən ictimailəşmiş şəxs də müzakirə obyektidir. Heç kim müzakirə olunmaqdan sığortalanmayıb və ya sığortalanmamalıdır: “Müzakirə olunmamaq üçün gərək evdən çölə çıxmayasan. Sosial şəbəkələr bu gün yeni meydan yaradıb. Hər kəsə öz çərçivəsini təqdim edib. Biz isə o çərçivənin ölçüsünü müəyyənləşdiririk. Hər kəs eyni çərçivədən istifadə edə bilməz. Xoşa gəlməyən məqamlara görə kimsə dostluqdan xaric edirsə, kimsə yazılan şərhi silirsə, bu onun çərçivəsidir. Mənə görə, müzakirənin çərçivəsi olmamalıdır. Sadəcə olaraq, uğurlu model olmalıdır. Zaman seçimi və şəxs seçimi bir-birini tamamlamalıdr. Müzakirə qabiliyyət yox, səbr tələb edir. Onu debatdan fərqləndirən də budur. Debat zamanı hansı tərəfin qalib olacağı müəyyənləşir. Müzakirə zamanı isə hansı nəticənin olacağı. Biz ilk öncə müəyyənləşdirməliyik ki, müzakirə edirik, yoxsa debat?!” Dinləmədən müzakirə... Psixoloq Orxan Oruc isə bildirdi ki, müzakirə mədəniyyətinin əsası dinləyə bilmə bacarığının olmasıdır. Dinləmə bacarığı olmayan tərəflərin müzakirə edə bilməsi və ya hansısa nəticəyə gəlməsi ehtimalı çox aşağıdır: “Dinləmə mədəniyyətinin əsasını isə səbr və iradə təşkil edir. Yəni dinləyən tərəf mütləq səbrli olmalı və dinləmək üçün iradi səy göstərməlidir. Əksər vaxt insanların bir-birini dinləmədən müzakirələrdə iştirak etdiyinə şahid oluruq. Dinləməmək hər şeydən əvvəl əksər mədəniyyətlərdə bir hörmətsizlik kimi dəyərləndirilir. Ancaq bu hörmətsizlik kimi görünən davranışın köklərində qarşı tərəfin fikrinin önəmli olmaması düşüncəsi ilə yanaşı, onun nə söyləyəcəyini təxmin edə bilmək və əlavə vaxt itkisinin qarşısını almaq və ya bir neçə saniyə sonra nə deyəcəyini düşünmək də ola bilər. Dinləmə vərdişinin olmaması digər insanlardan öyrənə biləcəyimiz məlumatların azalmasına səbəb ola bilər. Müəyyən bir müddət iradi səy göstərib bu bacarığı bir müddət sonra vərdişə çevirmək mümkündür”. Psixoloq deyir ki, bəzən insan psixikasının gərgin vəziyyətdə olması sözsüz, dinləyən tərəfin daha da səbrsiz olmasına və bu isə öz növbəsində dinləmə bacarığının aşağı düşməsinə səbəb ola bilər. Söhbət və ya müzakirə əsnasında da tərəflərdən birinin səbrsiz davranması ümumi müzakirədə tərəflərin bir-birini dinləməməsinə və hər iki tərəfin haqlı tərəf olduğunu sübut etmə cəhdlərini nümayiş etdirməsinə gətirib çıxarır. Geri dön |