Ana Sayfa > Xəbər > Bələdiyyədən vətəndaşa qarşı dələduzluq: “Başqasının torpağını mənə satıblar...”
Bələdiyyədən vətəndaşa qarşı dələduzluq: “Başqasının torpağını mənə satıblar...”27-10-2015, 15:56. Yazar: admin |
Balaxanı bələdiyyəsi Tovuz rayon sakini Fərmail Nəsirovu aldadaraq, onun külli miqdarda vəsaitini mənimsəyib. Bu barədə zərəçəkən redaksiyamıza şikayət edərək, dolandırılması ilə bağlı faktları danışıb. F.Nəsirov başına gələnləri belə dilə gətirib: “Qızımın yoldaşı rəhmətə gedəndən sonra qızım üçün ev almaq istədim. Maklerlər mənə Balaxanı qəsəbəsində 6 sot həyətyanı sahəsi olan yarımtikili bir evin olduğunu dedilər. Biz razılaşmaq üçün Balaxanı bələdiyyəsinə getdik. Orada bələdiyyə sədrinin müavini Qulam adlı şəxs, Ədalət adlı bələdiyyə işçisi və arxitektur vardı. Mənə dedilər ki, bu evin yiyəsi yoxdur, narahat olma... Mən onlara bildirdim ki, bəs, onda kim tikib, bu evi..? Dedilər narahat olma, gələcək. Bir qədər keçdikdən sonra Müşfiq Əliyev adlı bir şəxs gəldi və bələdiyyə nümayəndələri evin onun olduğunu dedilər. Həmin şəxslə qiyməti danışıb, razılaşdıq. 20 min manata danışdıq və bu məbləğin 10 min manatını öncədən, qalanını isə hissə-hissə ödəyəcəyimi dedim. Müşfiq Əliyev bu təklifimlə razılaşdı. Bələdiyyə nümayəndəsi İsmayıl İsmayılov sənədləri hazırladı və möhürü çıxarıb, mənim adıma rəsmiləşdirdi. İ.İsmayılov mənə dedi ki, bu ev sənindir, elə bil 2004-cü ildə almısan, özün tikdirmisən. Mən bunun qeyri-qanuni olduğunu desəm də, mənə bildirdi ki, biz başımızla cavabdehik. Mən qol çəkdim və torpaq vergisi üçün 36 manat pul ödədim. 6.3 ha torpağın sənədlərini hazırladı və maklerə verdi. Dedi ki, sənədi verərsən, birdən pulu verməz”. Şikayətçi deyir ki, növbəti gün maklerlərin ofisinə gələrək, 10 min manat pul gətirib: “Onlar işlərinin müqabilində 1400 manat istədilər, mən isə onlara 1200 manat pul verdim. Sonra akt yazıldı, müqavilə bağlandı. Qalan məbləği isə 6 ay müddətində ödəyəcəyimə dair sənəd imzaladım. Yenə də israrla evin sahibinin kim olduğunu soruşdum. Bələdiyyə sədrinin müavini Qulam adlı şəxs bildirdi ki, həmin evin yiyəsi axtarılır, qaçıb gizlənib. Mən həmin evdə təmir işləri apardım. Hər bir şəraitlə təmin elədim. Yerdə qalan 10 min manatı da ödəyib, qurtardım. 6 ay keçdikdən sonra Balaxanı bələdiyyəsi məni hədələməyə başladı ki, bu ev başqasının adınadır. İndi mənim evdən çıxmağımı istəyirlər. Onlar mənə saxta sənəd hazırlayıb, veriblər. Bu işlərin arxasında Balaxanı bələdiyəsinin sədr müavini Qulam durur. Mən bu barədə Respublika Prokurorluğuna şikayət edəndən sonra Sabunçu rayonunun müstəntiqi mənə zəng elədi ki, gəl sənə evin orginal sənədini verəcəm. Mən ona bildirdim ki, bu işin sonuna çıxacam. Mən ölsəm də yoldaşım bu işi davam etdirəcək. Bu torpağı məndən əlavə bir nəfərə də satıblar. O da deyir ki, ev mənimdir. Balaxanı bələdiyyəsi bu yolla bir torpağı bir neçə nəfərə sataraq küllü miqadarda pul mənimsəyir. Bu dələduzluq Qulam və Ədalətin işidir. Bələdiyyə sədri gənc xanımdır. Bu dələduzların işindən baş açmır. Həm də, saxta möhürlər çoxdur. Kimə gəldi, saxta sənəd verirlər. 250 manat ver torpaq sahəsi üçün sənəd hazırlasınlar. Bir sözlə ədalətsizlik, özbaşınalıq baş alıb gedir. Orada korrupsiya dəstəsi yaradılıb. İndi mənim üzərimə Elmar Orucov adlı şəxs gəlib, məni təhdid edir. Məni hədələyir ki, mənim “Bandotel”də vəzifədə qohumum var, gəlib sənə ataram. Həmin şəxsə də sənəd veriblər. Dələduz bələdiyyə nümayəndələri ona 2012-cı ildə saxta sənəd veriblər. Mən də bildirdim ki, biz sənədləri 2007-ci ildə almışıq. Elmar Orucov həmin axşam gedib, bələdiyyə nümayəndəsi Telmandan ilini geriyə çəkmək üçün saxta sənəd alıb. Telman da tez-tələsik dizinin üstündə saxta sənəd yazaraq, torpağı onun adına keçirib. Bu məsələ ortaya çıxandan sonra deyilənə görə Qulamı işdən çıxarıblar. Mən Sabunçu Rayon Prokurorluğunda çalışan müstəntiqə bildirdim ki, bu işi ört-basdır eləməyə qoymayacam. Bu işin sonuna kimi gedəcəm”. Fərmail Nəsirov Balaxanı bələdiyyəsinin özbaşınalığını, saxta sənəd hazırlamalarını, bir torpaq sahəsini bir neçə nəfərə satmaq kimi dələduzluq əməllərini ictimailəşdirməklə məsələyə aidiyyatı qurumların diqqətini cəlb etməyə çalışdığını və həmin şəxslər haqqında qanuni ölçü götürülənədək bu işi davam etdirəcəyini bildirdi. Geri dön |