Ana Sayfa > Xəbər > Sərt qış gəlir - dövlət qurumları hazırdırmı?

Sərt qış gəlir - dövlət qurumları hazırdırmı?


27-10-2015, 15:34. Yazar: admin
Sərt qış gəlir - dövlət qurumları hazırdırmı?
Qış fəsli artıq qapmızı kəsdirib. Soyuqlar düşən kimi ölkənin qışa hazırlığı aktuallaşır. Qışda ortaya çıxan problemlərin həlli isə məhz havalar soyuyandan sonra yada düşür.

Bəs, bu mövsümdə qazdan, işıqdan əziyyət çəkən əhalini bu il nə gözləyir? Dövlət qurumları qışa necə hazırlaşıb?

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı İbrahim Kəlbalıyev AzVision.az-a bildirib ki, qurum qışa tam hazırdır.

Onun sözlərinə görə, qış mövsümünə hazırlıq çərçivəsində qaz təsərrüfatında xeyli işlər görülüb: “2015-2016-cı illərin qış mövsümündə istehsalçıların fasiləsiz qaz təchizatı ilə təmin olunması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tədbirlər planı hazırlanıb. Cari ilin 9 ayı ərzində yaşayış məntəqələrinin qazlaşdırılması üçün 9218 kilometr yeni qaz kəməri quraşdırılıb. 419 kilometr qaz kəməri isə əsaslı təmir olunub. Cari ilin yanvar-sentyabr ayları ərzində Respublikanın regionlarında 217 yaşayış məntəqəsi qazlaşdırılıb. Bundan əlavə qeyd edim ki, Bakıda hündürmərtəbəli binalara təbii qazın verilməsi işlərini davam etdirib. Belə ki, zəruri sənədləri təqdim olunan, normativ texniki, təhlükəsizlik tələblərinə cavab verən 314 çormərtəbəli binaya qaz verilib”.

İ.Kəlbalıyev onu da qeyd edib ki, havalar soyuq keçsə də qaz təsərrüfatında hər hansı problem yaşanmayacaq.

Soyuq qış günlərində işıq problemi gözlənilirmi?

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum qış mövsümünə hazırlıqları başa vurub.

T.Mustafayev hesab edir ki, görülən işlər yüksək səviyyədə olduğundan qışda heç bir abonent işıqsız qalmayacaq.

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev də qış mövsümünə tam hazır olduqlarını bildirib.

“Orta sutkalıq temperatur 8 dərəcədən aşağı düşməyincə, istilik mövsümünə noyabrın 15-dən tez başlanmayacaq. Yeni istilik mövsümünə keçidlə bağlı sərəncam veriləndə qaz və işığın alındığı "Azəriqaz" İstehsalat Birliyi və "Azərenerji" ASC də payız-qış mövsümünə keçməlidir. Təkcə bizim yeni mövsümə keçməyimizin heç bir mənası yoxdur. "Azəriqaz" qazın təzyiqini artırmalı, "Azərenerji" isə istilik enerji mənbəyindən istilik verməyə başlamalıdır”.

Geri dön