Ana Sayfa > Xəbər > “Bu birlik Putinin geosiyasi maraqlarına xidmət üçün yaradılıb” - Politoloq

“Bu birlik Putinin geosiyasi maraqlarına xidmət üçün yaradılıb” - Politoloq


27-10-2015, 14:22. Yazar: admin
“Bu birlik Putinin geosiyasi maraqlarına xidmət üçün yaradılıb” - Politoloq
Avrasiya İqtisadi İttifaqı məsələsi yenidən gündəmə gəlib.

Azərbaycan bu ittifaqa qoşularsa, ölkəmizi hansı perspektivlər gözləyir? Rusiya ilə daha da yaxşılaşa biləcək münasibətlərin fonunda Qərblə soyuqluq yarana bilərmi?

Hafta.az-a açıqlama verən Politoloq Natiq Mirinin sözlərinə görə, ölkəmiz bu ittifaqa qoşulmazdan öncə yaxşı-yaxşı düşünməlidir:

Avrasiya İqtisadi Birliyinə üzv olmaq ilk növbədə suverenliyinin bir hissəsinin həmin ittifaqa təhvil verilməsi kimi başa düşülməlidir. Bu cür itkinin müqabilində Azərbaycan nə qazanacaq, bunu düşünmək lazımdır. Ölkəmiz götür-qoy etdikdən sonra bu haqda qərar verməlidir. Hələlik bu yöndə Azərbaycana heç nə vəd edilmir. Rusiya bu günə kimi ölkəmizin bir çox problemlərində Azərbaycana kömək olacağını desə də, biz heç bir müsbət irəliləyiş görə bilməmişik. Deyilənlər də yalnız söz oyunundan ibarətdir.

Politoloqun sözlərinə görə, ölkəmiz Avrasiya İqtisadi İttifaqına üzv olarsa, Avropa ilə münasibətlərnidə soyuqluq daha da artacaq:

“Azərbaycan bu birliyə üzv olsa, Qərblə iqtisadi-ticari əlaqələri və ölkəyə axan valyuta axınını kompensasiya edə biləcəkmi? Nəzərdə saxlamaq lazımdır ki, Azərbaycanın enerjidaşıyıcılarının 85 faizi Qərb bazarlarına satılır. Və ən nəhayət, birdəfəlik anlaşılmalıdır ki, bu birlik yalnız Putinin geosiyasi və geoiqtisadi maraqlarına xidmət üçün yaradılıb. Sabah bu birliyin Rusiyanın indiki aqressiyasının müqabilində siyasi vahid məkana çevrilməyəcəyinə kim zəmanət verə bilər? Rusiyanın aqressiyasından içi Azərbaycan qarışıq bir çox MDB ölkələri ziyan çəkib. Onlar keçmiş Sovetlər İttifaqı ölkələrində bu günə qədər münaqişələrə təkan verməklə məşğul olublar. Amma bəyanatlarda sülh tərəfdarı olduqlarını bildirirlər. Əgər Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq istəyirsə, onda bu işin məsuliyyətini də anlamalıdır. Çünki Azərbaycanın bu birliyə qoşulması Qərblə inteqrasiyanı bütün anlamlarda məhdudlaşdıracaq. Bu isə gələcək inkişaf perspektivlərindən məhrum olan bir qapalı cəmiyyət vəd edir ki, bu da ölkəmizi 10 illərlə geri atacaq. Üstəlik, Qarabağ probleminin həllini də gedər-gəlməzə salacaq".

Geri dön