Ana Sayfa > Xəbər > “Özbaşına namizəd olan YAP-çıların çoxu geri çəkilib”

“Özbaşına namizəd olan YAP-çıların çoxu geri çəkilib”


26-10-2015, 17:10. Yazar: admin
“Özbaşına namizəd olan YAP-çıların çoxu geri çəkilib”
Noyabrın 1-də Milli Məclisə növbəti seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyasının (YAP) bir neçə üzvü artıq seçki marafonunda iştirak etməkdən imtina edərək deputatlığa namizədliklərini geri götürüb. Bundan sonra YAP neçə namizədlə seçkilərdə iştirak edəcək?

YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az-a açıqlamasında bildirib ki, yalnız partiyanın siyahısında olan Leyla Abdullayeva rəsmi olaraq öz namizədliyini geri götürüb: “Digər namizədlər müvafiq seçki dairələri üzrə mandat əldə etmək üçün mübarizə aparır. Hazırda YAP 116 namizədlə parlament seçkilərində iştirak edir”.

Hüseyn Paşayev YAP-ın seçki siyahısından kənar, öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər haqqında partiyanın mövqeyinin dəyişməz qaldığını deyib.

O bildirib ki, YAP öz təşəbbüsü ilə namizədliyini irəli sürənləri dəstəkləmir: “YAP onlara namizədliklərini geri götürmək üçün müraciət edib və partiya üzvləri bunu birmənalı olaraq müsbət dəyərləndiriblər”.

Hüseyn Paşayev onu da qeyd edib ki, öz təşəbbüsü ilə namizədliklərini irəli sürənlərin böyük əksəriyyəti artıq geri çəkilib: “Yerdə qalan bir-iki nəfər partiyanın iradəsinə əks gedərək namizədliklərini geri götürməyəcəklərsə, onların partiya sıralarında qalıb-qalmayacağı məsələsi müzakirə olunub müvafiq qərar qəbul ediləcək”.

Geri dön