Ana Sayfa > Xəbər > SOCAR-dan "nurçu" açıqlaması

SOCAR-dan "nurçu" açıqlaması


26-10-2015, 16:21. Yazar: admin
SOCAR-dan "nurçu" açıqlaması
Dövlət Neft Şirkəti (ARDNŞ) "SOCAR Turkey Energy"nin adının "nurçuluq"da hallanmasına münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, şirkətin mətbuat xidməti bu iddiaların əsassız olduğunu bildirib.

"SOCAR bütün ölkələrdə olduğu kimi, Türkiyədə də ölkənin qanunlarına uyğun fəaliyyət göstərir və həmin xəbərlər həqiqəti əks etdirmir. SOCAR-ın rəhbərliyində təmsil olunan şəxslərin heç biri hər hansı dini cərəyana mənsub deyil. Bu, Türkiyə daxili ziddiyyətlərin, hakimiyyətə gəlmək istəyənlər, siyasi partiyalar arasında mübarizənin təzahürüdür. Bunun SOCAR-ın Türkiyədəki fəaliyyətinə, investisiya layihələrinə heç bir aidiyyatı yoxdur", - deyə ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.

Türkiyənin "Sabah" qəzetinin yazarı Ferhat Ünlü ARDNŞ-nin törəmə şirkəti olan "SOCAR Turkey Energy"nin içərisində xeyli vəzifəli işçilərin Fətullah Gülənlə əlaqəli olduğunu yazıb. Həmin yazıda törəmə şirkətin bir sıra rəhbər işçilərinin "nurçular" təriqətinin üzvləri olduqları bildirilib:

Haldun Yavaş - Xəzər Strateji Araşdırmalar mərkəzinin rəhbəri
Fatih Yiğit - "SOCAR Turkey Energy"nin baş hüquq müşaviri, Fətullah Gülənin şəxsi həkiminin kürəkəni
Vaqif Əliyev - ARDNŞ-nin Türkiyədə sahib olduğu "Petkim" şirkətinin direktorlar Şurasının rəhbəri
Ömer Adsız - "Socar Turkey Energy"nin ictimaiyyətlə əlaqələr direktoru
Samir Kərimli - "SOCAR Turkey Energy"nin icraçı direktorunun birinci müavini

Bundan başqa, ARDNŞ-yə məxsus "Star Rafineri" neft-kimya kompleksinin İngiltərə vətəndaşı olan direktoru Robert Storinin arvadının da bu təriqətə bağlı olduğu bildirilib.

Gülənə yaxın adamlar arasında "SOCAR Turkey Energy"nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin də adı çəkilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri olduğu da deyilir.

"Sabah" qəzetinin yazdığına görə, Azərbaycanda "Çağ öyrətim" şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı.

Eyni zamanda qeyd edilib ki, SOCAR-ın rəhbərliyində fətullahçılara bağlı olan daha bir neçə şəxsin adı Ankara tərəfindən Bakıya bildirilib.

Müəllif daha sonra qeyd edib ki, "paralel yapı", yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib.

Bu məqsədlə "paralel dövlət" SOCAR-da "Ağ türk" adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə (Ədalət və İnkişaf Partiyası) yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.

Geri dön