Ana Sayfa > Xəbər > "Azəryolservis" Abşeronda sahibkarlardan rüşvət tələb edir

"Azəryolservis" Abşeronda sahibkarlardan rüşvət tələb edir


4-04-2015, 11:16. Yazar: admin
"Azəryolservis" Abşeronda sahibkarlardan rüşvət tələb edir
Son illər Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı və iş adamlarına ayrı-ayrı dövlət qurumları tərəfindən yaradılan süni əngəllərin aradan qaldırılması məqsədilə imzaladığı fərman və sərancamları ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə və biznes mühitinin yaxşılaşdırılmasına xidmət etməkdədir Biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabət mühitinin yaradılması, iş adamlarına qarşı bəzi inzibati dövlət qurumlarında mövcud olan korrupsiya və rüşvət hallarının aradan qaldırılması, ölkə iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, həm də yeni iş yerlərinin açılması, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılması və dövlət büdcəsinə vergilərin daxilolmaların da artması deməkdir.
Lakin vaxtaşırı redakiyamıza üz tutan kiçik və orta sahibkarlar bir çox hallarda bəzi dövlət qurumlarının Prezidentin imzaladığı sərancamlara əməl etmək əvəzinə, əsassız "rüsumlar" tələb etmələrinin hələ də davam etdiyini və onların işlərinə yalnız mane törətməklə məşğul olduqlarını qeyd etməkdədirlər. Belə şikayətlərdən biri də Abşeron rayonu ərazisində, Sulutəpə-Hökməli-Müşviqabaq qəsəbəsi istiqamətindəki yol kənarında fəaliyyət göstərən ofis və şirkət sahiblərindən gəlib. Məlumat üçün qeyd edək ki, son vaxtlar bu ərazidə bir çox ofislər və şirkətlər fəaliyyət göstərməkdədir. Vaxtilə baxımsız vəziyyətdə olan bu ərazilər, yol kənarları yerli icra orqanları, bələdiyyələr və sahibkarların birgə əməkdaşlığı nəticəsində abadlaşdırılır. Lakin sahibkarlara bəzi dövlət qurumları tərəfindən süni əngəllərin yaradılması da vaxtaşırı müşahidə olunmaqdadır.
Ərazidə fəaliyyət göstərən şirkət nümayəndələri bildirirlər ki, ofis və iş yerlərinin tikintisi zamanı bütün texniki şərtlərin və sənədlərin qaydasında olmasına baxmayaraq, dəfələrlə yersiz müdaxilələrlə və məmur özbaşınalığı ilə üzləşirlər. Onlara ən çox problem yaradan qurumlardan biri "Yolnəqliyyatservis MMC"nin Yolların mühafizə şöbəsinin Bakı şəhəri üzrə nümayəndəliyidir. Sahibkarların iddia etdiklərinə görə, həmin qurumun əməkdaşları bu ərazilərdə tikilən ofislərin və iş yerlərinin hətta qaz, işıq və digər kommunal xətlərin çəkilməsi, ofislərə giriş qapılarının qoyulması və ofislərdən magistral yola birləşdirilən yolların çəkilişi zamanı onlara əsl problemlər yaradırlar, əsassız "rusum" tələb etməklə onların işlərinə maneçilik törədirlər. Hətta onlar iş adamlarının yol kənarında çəkilmiş divarların gecə işıqlandırılmasına, abadlıq-yaşıllaşdırma işlərinin aparılmasına da maneçilik törədirlər. Bütün bunlara yalnız o halda "icazə" verilir ki, sahibkarlardan tələb olunan külli miqdarda "rüsumlar" ödənilir. Maraqlıdır ki, bu idarənin əməkdaşları hətta 10-15 il əvvəl tikilmiş obyektlərin giriş-çıxış qapılarını da qazaraq, idarə işçilərinin obyektlərə girişinin qarşısını alırlar.
Redaksiyamıza daxil olan məlumata görə, bu idarənin əməkdaşları yenidən sahibkarlara "sürpriz" hazırlayıblar. "Azəryolservis"in yeni müvəqqəti təyin olunmuş müdiri Saleh Məmmədovun adından istifadə edən qurum işçiləri bu göstərişin yeni sədr tərəfindən verildiyini deməkdən də çəkinmirlər. Məsələ ilə bağlı "Azəryolservis" rəhbərliyi və "Yolnəqliyyatservis MMC"nin Yolların mühafizə şöbəsinin Bakı şəhəri üzrə nümayəndəliyilə əlaqə saxlamaq istəsək də, telefonlarımıza cavab verən olmadı. Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də öyrənməyə və dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Geri dön