Ana Sayfa > Xəbər > “Şeyx: “KQB o vaxt Aşura mərasiminə icazə vermirdi”

“Şeyx: “KQB o vaxt Aşura mərasiminə icazə vermirdi”


24-10-2015, 13:16. Yazar: admin
“Şeyx: “KQB o vaxt Aşura mərasiminə icazə vermirdi”
Bu gün Təzəpir məscidində Aşura günü qeyd olunub.

İmamların qətl edildiyi günü yas saxlayan inanclı insanlar səhər saatlarından başlayaraq məscidə axın edib. Onlar müxtəlif mərsiyələr oxuyub, dualar edib. Məscidin həyətində bir neçə yerdə nəzir qutuları yerləşdirilib və insanlar ehsanlar paylayıb.

Virtualaz.org saytının məsciddə Aşura mərasimini izləyən müxbiri xəbər verir ki, burada qanvermə mərkəzi də açılıb, xeyli adam qan verib. Onların arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Heydər məscidinin axundu Hacı Sabir, eləcə də şeyxin qardaşı, deputat Cavanşir Paşazadə də olub. Bu il qan verənlər sırasına ilk dəfə olaraq arxiyepiskop Vladika Aleksandr da qoşulub.

Qan verəndən sonra mətbuata açıqlama verən Şeyx sovet dönəmində Aşura mərasiminin qeyd olunmasına yaradılan çətinlikdən danışıb: “Sovet dövründə qoca arvadlar Allaha dua edirdi ki, bu günlərdə ölsün ki, onun yas mərasimində adamlar imamlar üçün ağlaya bilsin, çünki KQB imamlar üçün toplaşmağa icazə vermirdi”.

Şeyx qanvermə aksiyasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bir çox ölkələr Azərbaycanın bu addımını təkrarlayır: “Aşura heç yerdə Azərbaycanda olduğu kimi qeyd olunmur. Bizdən sonra artıq Türkiyədə də qanvermə aksiyaları başlayıb. Bir çox ölkələr bizim müsbət addımımızı təkrarlayır. Hesab edirəm ki, başını yarıb hədər qan çıxaranlar düzgün yolda deyil. Qan verib başqalarına həyat bəxş edənlər daha çox savab qazanır”.

Geri dön